Məhkəmə qərarları › İş №3(006)-544/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-544/2022

18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-544/2022 18.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, X1, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 11.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 11.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 12.01.2022-ci il tarixdə ona verilmiş şifahi məlumata əsasən məlum olmuşdur ki, etibarnamə əsasında idarə etdiyi **-GL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini park edərkən İXM-nin 346.1-ci maddəsinin tələbini pozduğu üçün inzibati qaydada cərimə olunmuşdur. Ona təqdim edilmiş fotoşəkillərdən müəyyən olunur ki, həmin şəkillər qanunun tələbinə zidd olaraq çəkilmişdir. Belə ki, AR İXM-nin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir. Qanun birmənalı olaraq stasionar (TŞ) kameraları vasitəsi bu kimi qayda pozuntularının qeydə alınmasını və qərarın verilməsini qadağa edir. Həmçinin İXM-nin 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Mübahisələndirilən qərar ona email vasitəsi ilə 24.01.2022-ci il tarixdə təqdim edilmişdir. Göstərilənlərə əsasən qeyd edilən qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 yuxarıda göstərilən məzmunda izahat verərək Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 11.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X5 izahatında bildirdi ki, şikayət əsassızdır. Belə ki, X4 idarə etdiyi “AUDİ A4” markalı, **-GL- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 11 noyabr 2021-ci il tarixdə, saat 13:05-dən 13:11-dək Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində 3.28 “Durmaq qadağandır” yol nişanının təsir dairəsində saxlamışdır. “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən durmanın qadağan edildiyi yerlərdə məcburi dayanma və üstün hərəkət rejiminə malik nəqliyyat vasitələrinin dayanması və sərnişinlərin minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində istisna olmaqla nəqliyyat vasitələrinin hərəkətsiz vəziyyətə gətirilməsi yolverilməzdir. Həmçinin, Agentlik tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 346.2-ci maddələrində göstərilən inzibati xətalar haqqında işlər üzrə icraat həmin Məcəllənin 124.5-ci və 124.6-cı maddələri üzrə aparılır. Qeyd edilən maddələr üzrə icraatın aparılmasının təmini ilə bağlı paytaxtın müxtəlif ərazilərində kameralar quraşdırılmış və Agentliyin əməkdaşları tərəfindən kameralar vasitəsi ilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir. Sözügedən kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozmuş sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin təsbit edilməsi inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsinə dəlalət edir və bu Məcəllənin 124-cü maddəsinin tələbləri ilə birbaşa uzlaşır. İcraatın bu qaydada aparılması İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanına da uyğundur. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası göstərilmişdir. Yəni 122.1-ci maddə İXM-in digər maddələri üzrə inzibati xəta hadisələrini aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır, sadəcə müvafiq maddələr üzrə icraatın aparılması qaydasını müəyyənləşdirir. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə nəyin ki 122.1-ci maddə göstərilən İXM-in xüsusi hissəsinin maddələri üzrə hətta digər maddələr üzrə də inzibati xəta hadisələri aşkar edilərək, inzibati iş üzrə icraata başlanıla bilir. Digər tərəfdən, 346.1-ci və 346.2-ci maddələrində göstərilən inzibati xəta hadisəsini təsdiq edən foto və video materiallar sübut növü kimi xüsusi texniki vasitələrin göstəricilərinə deyil, məhz sənədlərə aiddir. Çünki Məcəllənin 80.2-ci maddəsinə görə, fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Beləliklə hesab edirlər ki, Bakı Nəqliyyat Agentliyinin 11 noyabr 2021-ci il tarixli tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X2 şikayəti əsassızdır. Göstərilənlərə əsasən məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 11.11.2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 11.11.2021-ci il tarixdə saat 13:11-də Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun, Mirzəağa Əliyev və Dilarə Əliyeva küçələrinin kəsişməsində idarə etdiyi “AUDİ A4” minik markalı, **- GL-*** qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, 11.11.2021-ci il tarixdə, saat 13:05:35-13:11:27 aralığında “AUDİ A4” minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun, Mirzəağa Əliyev və Dilarə Əliyeva küçələrinin kəsişməsində dayanma qaydalarını pozmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29 və 31-ci bəndlərinə görə nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Nəqliyyat vasitəsinin durması — əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsinə görə bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; Həmin Məcəllənin 124.6-cı maddəsinə görə Bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3 və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2018-ci il tarixli fərmanının 1.1-ci maddəsinə əsasən parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron qərarların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyinə tapşırılmışdır. Məhkəmə qeyd edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən mübahisələndirilən qərar üzrə icraat İXM-nin 122-ci maddəsi əsasında deyil, həmin Məcəllənin 124.5 və 124.6-cı maddələri üzrə aparılmışdır. Belə ki, həmin xəta bilavasitə kameralarla çəkiliş aparan, idarəetmə mərkəzində olan səlahiyyətli şəxs tərəfindən qeydə alınmışdır. Xətanın qeyd edilən formada qeydə alınmasını inzibati xətalar qanunvericiliyi qadağan etməmiş, İXM-nin 124-cü maddəsi qeyd olunan halı istisna etməmişdir. Beləliklə müəyyən edilir ki, X4 Bakı Nəqliyyat Agentliyinin 11.11.2021-ci il tarixli qərarı ilə idarə etdiyi “AUDİ A4” minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə 20 manat məbləğində cərimə edilmişdir. P.A.Məmmədov həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək onun əsassız olduğunu iddia edərək qərarın qanuniliyini mübahisələndirmişdir. Lakin qərarı qəbul etmiş qurum tərəfindən məhkəməyə təqdim edilmiş fotogörüntülərdən də aydın olur ki, 11.11.2021-ci il tarixdə P.A.Məmmədovun idarə etdiyi “AUDİ A4” minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun, Mirzəağa Əliyev və Dilarə Əliyeva küçələrinin kəsişməsində dayanma və ya durma qaydalarını pozmuşdur. Xətanın törədilməsi faktını sübut edən bu dəlili inkar edə biləcək hər hansı sübut şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda P.A.Məmmədov iş üzrə inzibati icraatın aparılması qaydasının qanuniliyini mübahisələndirsə də, İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsinin tələbinə uyğun qaydada foto çəkiliş aparılmaqla onun tərəfindən xətanın törədilməsi faktı aşkar edilmiş və barəsində olan inzibati tənbeh vermə haqqında qərar müvafiq qaydada aidiyyəti informasiya sistemində yerləşdirilmişdir. Bununla da görünür ki, X4 Bakı Nəqliyyat Agentliyi tərəfindən düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzə məsuliyyətə cəlb edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 11.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar