Məhkəmə qərarları › İş №3(006)-5463/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5463/2025

26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5463/2025 26.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxs Açıq Səhmdar Cəmiyyəti (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, ev 161; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs ASC-nın mülkiyyətində olan «TOYOTA CAMRY MİNİK» markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə, saat 17:43-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Xətai rayon X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli protokola əlavə edilmş poçt bildirişində (xəbəmamədə) Şəxs ASC-nin ünvanı göstərilməmişdir. Məlumat alınması üçün göndərilmiş məktubun poçt xəbəmaməsi Fuad Əhmədov tərəfindən qəbul edilməklə imzalanmışdır. Şəxs ASC-nin Fuad Əhmədov adlı işçisi və ya əməkdaşı yoxdur. Poçt xəbəmaməsində məktubun göndərildiyi ünvan da qeyd edilmədiyi üçün bu məktubun hara göndərilməsi və kim tərəfindən qəbul edilməsi məlum deyildir. Bundan başqa, iş materiallarına əlavə edilmiş poçt bildirişinin SS kodu ilə (SX039333477AZ) "xxxx" MMCnin axtarış sistemində məktubun çatdırılması tərəflərindən izlənmişdir. Həmin saytda da poçtun çatdırılma cəhdinin uğursuz olduğu göstərilir. 10JZ500 dövlət nömrə nişanlı avtomobilin sürücüsü barədə məlumatın tələb edilməsinə dair məktub Şəxs ASC-nin nə hüquqi, nə də faktiki ünvanına göndərilməmişdir. Şəxs ASC-nin baş ofisinin faktiki və hüquqi ünvanı ünvan 2bu hara göndərib bilinmir. Bunlardan başqa, Xətai rayon DYP İdarəsi tərəfindən Şəxs ASC-ə 10JZ500 dövlət nömrə nişanlı avtomobilin kim tərəfindən idarə edilməsi dəfələrlə sorğu edilir və tərəflərindən dəfələrlə bu sorğulara cavablar verilir. Necə ola bilər ki, bu sorğuya cavab verilməsin. 2025-ci il tarixində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən də bu avtomobili istifadə edən şəxsin sorğusu daxil olub və cavablandırmışlar. Hər şeydən önəmlisi isə Xətai rayon X1 İdarəsinin məktubu göndərdiyi ünvanın məlum olmamasıdır. Göstərilənləri və İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsini rəhbər tutaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Həmçinin, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Polis İdarəsinin X1 Şöbəsinin məktubu və müvafiq xəbərnamədən görünür ki, Şəxs ASC-yə məxsus «TOYOTA CAMRY MİNİK» markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumatın verilməsi xahiş olunmuş, bununla bağlı göndərilmiş məktubun xx.xx.2025-ci il tarixdə “Fuad Əhmədov” adlı şəxs tərəfindən imza edilməklə qəbul etməsi qeyd olunur. Poçt göndərişlərinin izlənməsinə dair məlumatdan görünür ki, SX039333477AZ nömrəli göndərişi çatdırma cəhdi uğursuz olmuşdur. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsi ilə tənzimlənir və həmin qaydalara əməl etməklə çatdırılmış sənəd rəsmi qaydada verilmiş sənəd hesab edilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Qeyd olunan Məcəllənin 57.3-cü maddəsinə görə ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. İş materiallarında olan Xətai Rayon X1 İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış sorğudan görünür ki, sorğu xx.xx.2025-ci il tarixində baş vermiş inzibati xətanı törətmiş şəxs barəsində məlumatın verilməsi ilə bağlıdır. Həmin sorğunun çatdırılmasını təsdiq edən və sübut kimi iş materiallarına əlavə olunmuş xəbərnamədən görünür ki, həmin sorğunun göndəriş nöməsi SX039333477AZ nömrəsidir. Qeyd olunan göndərişin izlənməsi barədə məlumatda isə göndərişin xx.xx.2025-ci il tarixində poçt məntəqəsi tərəfindən qəbul olunduğu qeyd olunur. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixində baş vermiş inzibati xətanı törətmiş şəxs barəsində sorğu xx.xx.2025-ci il tarixində poçt məntəqəsi tərəfindən qəbul oluna bilməz. Bu hal onu deməyə əsas verir ki, iş materiallarına əlavə olunan xəbərnamə xx.xx.2025-ci il tarixində baş vermiş inzibati xətanı törədən şəxs barəsində sorğunun çatdırılması ilə bağlı olan xəbərnamə deyildir. Beləliklə, 5 gün ərzində cavablandırılması tələb edilən sorğunun hüquqi şəxsə İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələblərinə uyğun rəsmi qaydada çatdırılması təsdiq edilmir, təqdim edilmiş protokolun əsaslılığına dair hər hansı digər bir sübut da təqdim olunmamışdır. Belə bir vəziyyətdə rəsmi qaydada çatdırılması təsdiq edilməyən sorğuya cavab verilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar