Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5467/2025 12.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Sarıyev Hüseyn Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Meğri şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləyən, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan küçəsi, ev 44, mənzil 56da qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 2(006)-5188/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirmişdir ki, onun qarşı tərəfə aliment borcu vardır. Hal-hazırda aylıq ödənişləri lazımi qaydada həyata keçirir. Hər ay artıq ödənişlər də etmişdir, lakin əvvəlki dövrlərdə müəyyən müddət ərzində ödənişləri edə bilməmiş və nəticədə borclar yığılaraq artmışdır. O, halhazırda heç bir yerdə işləmir və işləməyə də gücüm yoxdur. İflic olduğu üçün əmək qabiliyyəti yoxdur. Lakin işlədikdən sonra pulu geri qaytaracaq. Gələn ilin mart-aprel ayına kimi borcu ödəyəcək. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək göstərmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxslə nikahda olmuş, bu nikahdan iki övladları dünyaya gəlmişdir. Hal-hazırda alimentin aylıq ödənişi həyata keçirilsə də, əvvəlki borclar ödənilməmişdir. Artıq uzun müddətdir ki, qarşı tərəf yalançı vədlər verir. O, şəxsin tutulmasını istəmədiyini, lakin aliment borcunun ödənilməsini tələb etdiyini, buna görə də ərizəsinin təmin edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X5 verdiyi izahatında göstərmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5188/2019-008 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilmiş tələbi icra etmədiyinə görə Şəxs barəsində məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Şəxs hal-hazır ki ödənişləri etsə də, əvvəlki ödənişləri etməmiş və nəticədə borc yaranmışdır. Şəxs tərəfindən zəng olunmuş və icra şöbəsinə dəvət olunmuşdur. Lakin o telefonda onunla normal şəkildə danışmamışdır. Bu Beləliklə Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22(006)-5188/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs, 05 avqust 2019-cu il tarixindən hesablanmaqla, 08 oktyabr 2012-ci il təvəllülü X7 və 10 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs tərəfindən hal-hazırda mütəmadi ödənişlərin edildiyi müəyyən edilmişdir. Bundan əlavə icra vərəqəsi Nəsimi rayon İcra Şöbəsinə daxil olduğu vaxtdan icra şöbəsinə dəvət edilərək izahatları alınmışdır ki, belə olan halda şəxsin üzürsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi onun maddi imkanının olmaması və iş materialları ilə təqdiq edilən xəstəliyi ilə əlaqədardır. Həmçinin iş materiallarından da göründüyü kimi Şəxs borcunu müəyyən qədər ödəmişdir. Beləliklə, hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsi icraya yönəlməsindən müəyyən müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikasının “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35- ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi məhkəmə araşdrılması zamanı müəyyən edilməmiş, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da, onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(006)-5467/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5467/2025
12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver