Məhkəmə qərarları › İş №3(006)-5469/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5469/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5469/2023 21.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsi hüquqi şəxsin nümayəndəsi: X2 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Ak. M.Qaşqay küçəsi, ev 24, mənzil 148; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* (00100- 03107/23) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC xx.xx.2023-cü il tarixli, **********2830 saylı gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərin müqabilində 1.720 ABŞ dolları (2.924 manat) məbləğində qalıq vasaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsini təmin etməmişdir. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, Gürcüstanda fəaliyyət göstərən “X4 LTD” şirkəti arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, İMS/AS/002/22 nömrəli müqaviləyə əsasən MMC **********12830 sorğu nömrəli gömrük bəyannaməsi ilə 13.180,28 ABŞ dolları dəyərində yükü Azərbaycan Respublikasından ixrac etmişdir. İnzibati xəta haqqında protokola görə qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 1.720 ABŞ dolları məbləğində xarici valyuta vəsaitini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Lakin, Şəxs MMC tərəfindən 1.720 ABŞ dolları məbləğində vəsaitin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi sübuta yetirilməlidir. Bununla bağlı protokolu tərtib edən orqan hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. MMC tərəfindən həmin vəsaitin əldə edilib-edilmədiyini müəyyən edilməsi üçün bu orqan MMC-yə və ya malların alıcısı olan Gürcüstanda fəaliyyət göstərən “X4 LTD” şirkətinə sorğu ünvanlayaraq göndərilən malların dəyərinin ödənilib-ödənilməməsini müəyyən edə bilərdi. Protokol və ona əlavə edilmiş sənədlərdən göründüyü bu sahədə araşdırma aparılmamış və inzibati xəta hadisəsinin mövcud olmasını əsdiq edən sübutlar toplanılmamışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallara əsasən:  xx.xx.2023-cü il tarixli **********2830 saylı gömrük bəyannaməsinə görə Şəxs MMC tərəfindən Gürcüstanda fəaliyyət göstərən “X4 LTD” şirkətinin ünvanına xx.xx.2022-ci il tarixli, İMS/AS/002/22 saylı müqavilə üzrə 13.180,28 ABŞ dolları dəyərində yük ixrac olunmuşdur;  13.11.2023-cü il tarixli raporta görə Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********2830 saylı gömrük bəyannaməsi üzrə ixrac etdiyi malların qarşılığında müvəkkil bankdakı hesabına köçürülməli olan məbləğin qalığı 1.720 ABŞ dolları (2.924 manat) təşkil edir. Beləliklə müəyyən edilir ki, Şəxs MMC ilə Gürcüstanda fəaliyyət göstərən “X4 LTD” şirkəti arasında xx.xx.2022-ci il tarixli, İMS/AS/002/22 saylı müqavilə bağlanılmışdır. Həmin müqaviləyə uyğun olaraq MMC tərəfindən bu şirkətə 13.180,28 ABŞ dolları dəyərində xx.xx.2023-cü il tarixdə yük göndərilmiş, lakin ixrac etdiyi malların qarşılığında müvəkkil bankdakı hesabına qalıq qalan 1.720 ABŞ dolları (2.924 manat) köçürülməsini təmin etməmişdir. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi konsiqnasiya yolu ilə ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərin müqabilində 1.720 ABŞ dolları (2.924 manat) məbləğində qalıq vasaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsininin təmin edilməməsinin MMC-dən asılı olmayan səbəblərdən baş verməsinə dair dəlil təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Eyni zamanda, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunur ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın bilavasitə obyekti olmuş xarici valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 1.720 ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 faizi – 516 (beş yüz on altı) ABŞ dolları məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar