Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5480/2025 27.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MTK-nın direktoru X1 nümayəndəsi X4, zərərçəkmiş şəxs X3 iştirakları ilə, "xxxx" MTK-nın direktoru X1 barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MTK-nın direktoru X2 Bakı Kommersiya Məhkəməsinin 14 may 2024-cü il tarixli, e-16(113)-280/2024 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 nümayəndəsi X4 yazılı etiraz təqdim edib ona uyğun izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixli, e-16(113)-280/2024 nömrəli icra vərəqəsinə əsasən, həmin nömrəli və tarixli məhkəmə aktının icrası Rövşən Əhmədova həvalə edilmişdir. Həmin akta əsasən, Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi, 23 saylı ünvanda yerləşən binanın birinci mərtəbəsində 44,9 kv/metr və zirzəmisindəki 102,9 kv/metrdən ibarət olan qeyri-yaşayış sahələri yerləşən yerdə "xxxx" MTK tərəfindən inşa edilən binanın birinci mərtəbəsində 90 kv/metr təmirli yaşayış sahəsinin icarə, kirayə və sair müqavilələr əsasında istifadə edilməsi cavabdehə və digər şəxslərə qadağan edilmişdir. Lakin icra məmuru, həmin aktda göstərilən ünvanı deyil, ünvan 2yri-yaşayış sahəsini möhürləmişdir. Bildirir ki, icra məmurunun hərəkətləri qanunsuzdur. Belə ki, icra məmuru özü ekspert kimi qeyri-yaşayış sahəsini özü müəyyən etmişdir. İcra məmuru ekspert deyil, ekspertin həmin qeyri-yaşayış sahəsinin harada yerləşməsi barədə rəyi olmadan icra qəti şəkildə qanunsuzdur. Həmçinin bildirir ki, icra işində olan materiallardan açıq şəkildə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin məktubu var, yəni məhkəmənin qərardadı artıq icra olunmuşdur. İcra məmuru heç bir əsas olmadan şirkət barəsində qanunsuz əməllərə yol verir, şirkətin işçilərinə qarşı qanunsuz hərəkətlər edir, kobud şəkildə fiziki güc tətbiq edir. Ona görə də, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə məhkəməyə müraciət edilmişdir. Həmin iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Həbibə Miriyevanın icraatındadır. Hesab edir ki, həmin iş üzrə yekun qərar çıxarılana qədər hazırki işə baxılmamalıdır. Çünki, icra məmurunun hərəkətləri qanunsuz hesab edilərsə, şirkətin inzibati cərimə edilməsi onun hüquqlarının pozulması ilə nəticələnəcəkdir. İcra məmurunun hazırki protokolu tətbiq etməyə heç bir əsası yoxdur. Qeyd olunanları nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 barəsində tərtib olunmuş inzibati xəta haqqında icrata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 verdiyi izahatında göstərmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 14 may 2024-cü il tarixli, e-16(113)-280/2024 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi 23 saylı ünvanda yerləşən binanın birinci mərtəbəsində 44,9 kv.metr və zirzəmisindəki 102.9 kv.metrdən ibarət qeyriyaşayış sahələri yerləşən yerdə Şəxs MTK tərəfindən inşa edilən binanın birinci mərtəbəsində 90 kv.metr təmirli qeyri-yaşayış sahəsinin icarə, kirayə və sair müqavilələr əsasında istifadə edilməsi cavabdehə və digər şəxslərə qadağan edilmişdir. Lakin həmin icra vərəqəsi borclu tərəfindən icra edilmir. Belə ki, əvvəl ona 90 kv.metr təmirli qeyriyaşayış sahəsinin hazır olması bildirilsə də, sonradan həmin yaşayış sahəsinin ona verilməsindən imtina edilmiş və X7 küçəsi 23 saylı ünvanda yerləşməyən digər sahədən ona qeyr-yaşayış sahəsi təklif edilmişdir. Buna görə də MTK ilə aralarında mübahsiə yaranmışdır. Əvvəllər icra məmuru Cəlaləddin Əliyev tərəfindən icra tədbirləri görülsə də, sonradan digər icra məmuru Rövşən Əhmədov tərəfindən aparılmış icra tədbirləri zamanı üzərinə həbs qoyulmuş qeyri yaşayış sahəsində qanunsuz olaraq təmir tikinti işlərinin aparılması və “plombun” qoparılaraq qeyri-yaşayış sahəsinə daxil olmasını müşahidə etmişlər. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, Bakı Kommersiya Məhkəməsinin 14 may 2024-cü il tarixli, e-16(113)- 280/2024 saylı icra vərəqəsinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, X2 icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 14 may 2024-cü il tarixli, e-16(113)-280/2024 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi 23 saylı ünvanda yerləşən binanın birinci mərtəbəsində 44,9 kv.metr və zirzəmisindəki 102.9 kv.metrdən ibarət qeyri-yaşayış sahələri yerləşən yerdə Şəxs MTK tərəfindən inşa edilən binanın birinci mərtəbəsində 90 kv.metr təmirli qeyri-yaşayış sahəsinin icarə, kirayə və sair müqavilələr əsasında istifadə edilməsi cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. İş materiallarında olan “İcraata başlamaq haqqında” 16 may 2024-cü il tarixli qərardan, həmin tarixli məlumatdan və bildirişdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, e-16(113)-280/2024 saylı icra sənədi üzrə “İcraata başlamaq haqqında” 16 may 2024-cü il tarixli qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. İş materiallarında olan 17 may 2024-cü il tarixli aktdan görünür ki, 14 may 2024-cü il tarixli, e-16(113)-280/2024 saylı icra sənədinin mahiyyəti və icra sənədinin icra edilməməsi barədə məsuliyyəti Mətin Əmiraslanova izah edilmişdir. İş materiallarında olan 02 sentyabr 2025-ci il tarixli və 12 sentyabr 2025-ci il tarixli aktlardan görünür ki, 14 may 2024-cü il tarixli, e-16(113)-280/2024 saylı icra sənədi üzrə qeyri yaşayış sahəsində qanunsuz olaraq təmir-tikinti işlərinin aparılması aşkar edilmişdir Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə X2 Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmədə müəyyən edilmişdir ki, X1 təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. X2 tərəfindən icra sənədinin icra edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmədə inzibati xəta törətmiş X1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, vəzifəli şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-5480/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5480/2025
27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver