Məhkəmə qərarları › İş №3(006)-549/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-549/2024

01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-549/2024 01.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri BPİ-nin X6 İdarəsinə bilavasitə tabe olan YPXA-nın baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Xocalı rayonu, Xocalı şəhərində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.3, 327.4, 327.6, 333-1.3 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Bakı şəhəri BPİnin X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri BPİ-nin X6 İdarəsinin baş inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.3, 327.4, 327.6, 333-1.3 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə məhkəməyə gətirilmişdir. İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs 30 yanvar 2024-cü il tarixdə idarə etdiyi “OPEL ASTRA minik” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 327.3, 327.4, 327.6, 333-1.3 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri BPİ-nin X6 İdarəsinə bilavasitə tabe olan YPXA-nın baş inspektoru X2 izahat verərək göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, 17:00-18:00 radələri arasında özünə məxsus «OPEL ASTRA» markalı, **-DK-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən davamlı olaraq qayda pozuntuları etmiş, pozuntular nəticəsində bilərəkdən bir neçə avtoqəza hadisəsi törətmiş, 37-ci maddənin tələblərini pozaraq hadisə yerindən yayınmışdır. YPX-nin əməkdaşları tərəfindən onun bu davamlı hərəkətləri bardə növbətçi hissəyə məlumat verilmiş, avtomobil tərəfimizdən izlənilmiş, YPX əməkdaşlarının saxla əmirlərinə tabe olmayaraq qərəzli avtoxuliqanlıq hərəkətləri edərək hərəkətinə davam etmiş, 25 saylı qərarın 1.8-ci bəndinə əsasən avtomobilin blokadaya saxlanılması əmri verildikdən sonra tərəfimizdən Nəsimi Rayonu, Ceyhun Səlimov küçəsində süni sıxlıq yaradılaraq sürücünün hərəkəti dayandırılmış, sürücü Şəxs avtomobildən düşüb qaçmaq istəyərkən, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxs törətdiyi əməllərə dair tərəfimizdən araşdırma aparılmış, sürücü tərəfimizdən tibbi müayinəyə aparılmış, onun narkotik vasitələrin təsiri altında avtomoili idarə edilməsi aşkarlanmış və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3, 327.4, 327.6, 333-1.3 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmuşdur. İş üzrə çoxsaylı zərərçəkmişlər var, Şəxs etdiyi bu qərəzli hərəkətlər insanlar arasında təşviş yaratmışdır. Onun bu qərəzli hərəkətləri nəinki sürücülər arasında, yolu keçən piyadalar, kənarda duran şəxslərə də pis təsir göstərmiş və cəmiyyətdə rezonans doğurmuşdur. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, əməl onun tərəfindən törədilmiş, etdiyi hərəkətə görə peşmandır. Avtomobili özü idarə etmişdir. Həmin günü narkotikdən istifadə etməmiş, axırıncı dəfə nə vaxt narkotik qəbul etdiyi yadında deyil, o, həmin günü sadəcə avtomobil sürmək istəmişdir. Hadisədən sonra Yol Polis əməkdaşları tərəfindən saxlanacağından qorxub avtomobili elə idarə etmişdir, həmin polis əməkdaşlarından yayınmaq istəmişdir. Etdiyi əməlin məsuliyyətini dərk etməmişdir. Sonda Şəxs törətdiyi əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: xx.xx.2024-cü il tairxli, 1/91 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs narkotik sərxoşluğu vəziyyəti (M-10-THC(+), MET(+) AMP (+)) aşkar edilmişdir. Bakı şəhəri BPİ-nin X6 İdarəsi tərəfindən təqdim edilmiş 01 ədəd diskdə olan videogörüntüyə baxış zamanı müəyyən olundu ki, Şəxs 30 yanvar 2024-cü il tarixdə idarə etdiyi “OPEL ASTRA minik” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan hərəkətlərə yol vermişdir. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla “Chevrolet Cruze” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməklə zərər çəkmiş şəxsə maddi zərər vurulması və ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması kimi qərəzli hərəkətlərin edilməsi müəyyən olunur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-50/2024 nömrəli qərarından görünür ki, vəsatətin təmin olunması, ********* nömrəli cinayət işi üzrə Şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin 04 (dörd) ay həddində müəyyən edilməsi, həbs etmənin əvvəlinin 30 yanvar 2024-cü il, saat 17:35 tarixdən hesablanması qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, Şəxs Azərbaycan Respublikası İXM-in 333-1.3 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi onun özünün etirafı və iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edildiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 333-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 333- 1.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla doqquz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 511-ci maddəsindən görünür ki, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X3 Azərbaycan Respublikası İXMnin 333-1.3-cü və 511.1.3-cü maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs tənbeh növü tətbiq edilməli, inzibati xəta haqqında protokolda göstərilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 327.4 və 327.6-cı maddələrinə münasibətdə həmin protokola dair inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinə göndərilməli, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə yekun məhkəmə aktı çıxarılıb icra olunanədək inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair hissədə hazırki qərarın icrası təxirə salınmalı, Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair tənbeh tədbiri müstəqil icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 2 (iki) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta haqqında protokolda göstərilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 327.4 və 327.6-cı maddələrinə münasibətdə həmin protokola dair inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinə göndərilsin. Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə yekun məhkəmə aktı çıxarılıb icra olunanədək inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair hissədə hazırki qərarın icrası təxirə salınsın. Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair tənbeh tədbiri müstəqil icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar