Məhkəmə qərarları › İş №3(006)-5497/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5497/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5497/2025 30.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 375.0.1 və 375.0.2-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələri ilə ******* nömrəli, 11 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxsnə məxsus onlayn bina idarəetmə sistemində fərdi məlumatların mühafizəsinin təmin edilməməsi və həmin sistemin dövlət reyestrində qeydiyyatdan keçirilməməsi nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Nümayəndə etiraz təqdim edərək və etiraza uyğun izahat verərək bildirmişdir ki, "xxxx" MTK-ya məxsus informasiya sistemində fərdi məlumatların mühafizəsinin təmin edilməməsi nəticəsində vətəndaşların fərdi məlumatlarının kənar şəxslər tərəfindən əldə edilməsinin mümkünlüyü ilə bağlı vətəndaş şikayəti daxil olmuş, şikayətçi müvafiq məsələ ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülməsini xahiş etmiş, həmçinin yaxın qohumlarının da həmin MTK-da yaşamasından irəli gələn xüsusi narahatlığını ifadə etmişdir. Tərəflərindən müvafiq vətəndaş şikayətinin araşdırılması nəticəsində müəyyən edilmişdir ki, adıçəkilən MTK-ya məxsus onlayn bina idarəetmə sistemi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələblərinə əsasən dövlət qeydiyyatından keçirilməmişdir və bununla da dövlət nəzarətindən kənar qalmışdır. Həmin Qanunun 15.1ci maddəsinə əsasən, fərdi məlumatların informasiya sistemləri, o cümlədən bu Qanunun qüvvəyə minməsinə qədər mövcud olan informasiya sistemləri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçməlidir. Fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatından keçirilməsi fərdi məlumatların mülkiyyətçisi tərəfindən həyata keçirilməlidir. Eyni zamanda həmin Qanunun 15.2-ci maddəsinə əsasən, fərdi məlumatların informasiya sistemini dövlət qeydiyyatından keçirmədən fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilmir. Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınmadan istifadə edilməsi, həmin sistemlərdə fərdi məlumatların toplanılması işlənilməsi özlüyündə ciddi inzibati xəta olmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Həmçinin informasiya sisteminin dövlət qeydiyyatından keçməməsi onun rəsmi təsdiq və yoxlamadan keçmədiyini, bununla da fərdi məlumatların mühafizəsinin təmin olunmasını təmin edən təhlükəsizlik tələblərinə cavab verməsinin ilk mərhələdə aşkarlanmasına imkan verməmişdir. "xxxx" MTK-nın nümayəndəsi ilə xx.xx.2025-ci il tarixində keçirilmiş görüşdə aşkar edilmiş xətanın mahiyyəti həmin şəxsə ətraflı izah edilmişdir. Görüş zamanı müvafiq informasiya sisteminin MTK əməkdaşlarının istifadəçi hesabları üzrə məlumatları əyani nümayiş etdirilmişdir, hətta nümayəndə əməkdaşlarla əlaqə saxlayaraq həmin məlumatların doğruluğunu, eləcə də sistemdə MTK-nın müştərilərinə dair məlumatların mövcud olduğunu və sistemin MTK-ya məxsus olduğunu təsdiqləmişdir. Qeyd edək ki, hətta MTK-nın texniki əməkdaşına insidentə dair texniki məlumatlar təqdim edilmişdir. Qeyd edilən görüş çərçivəsində MTK-nın nümayəndəsi insidentin vaxtında aşkarlanmasına görə təşəkkürünü bildirmiş, hüquqi şəxsin nüfuzunun və müştərilərin fərdi məlumatlarının qorunması baxımından operativliyin vacibliyini qeyd etmişdir. Görüşdə nümayəndə tərəfindən aşkar edilmiş pozuntularla bağlı hər hansı bir etiraz səsləndirilməmişdir. Eyni zamanda bildirilir ki, müvafiq sistem üzrə təhlükəsizlik tələblərinin pozulması faktları yalnız dövlət qeydiyyatının olmaması ilə məhdudlaşmır. Aparılmış araşdırma və keçirilmiş görüş nəticəsində müəyyən edilmişdir ki, MTK tərəfindən idarə olunan sistemdə fərdi məlumatların mühafizəsi ilə bağlı digər ciddi pozuntular da mövcuddur. Xüsusilə iki faktorlu autentifikasiya (2FA) tədbirlərinin tətbiq edilməməsi (Sistemə yalnız istifadəçi adı və şifrə ilə daxilolma mexanizminin mövcudluğu fərdi məlumatların kənar müdaxilə yolu ilə ələ keçirilməsi riskini əhəmiyyətli dərəcədə artırır), istifadəçi adları və şifrələrin açıq formada paylaşılması kimi pozuntular tərəfə açıq-aydın bildirilmiş və görülməli tədbirlər izah edilmişdir. Eyni zamanda "xxxx" MTK-nın müştəriləri üzrə məlumatlar və sistemin yerləşdiyi domen informasiya sisteminin birbaşa MTK-ya məxsusluğunu sübut edir. “Fərdi məlumatlar haqqında” AR Qanunun 10.1-ci maddəsinin tələblərinə əsasən fərdi məlumatların toplanılması və işlənilməsi zamanı mülkiyyətçinin vəzifələri fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanuniliyini və təhlükəsizliyini təmin etməkdən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların mühafizəsinə dair tələblər”ə əsasən, fərdi məlumatlar üzərində aparılan əməliyyatlar yalnız fərdi məlumatların mülkiyyətçisi tərəfindən yoxlanılmış və təsdiq edilmiş təlimatlar və proqram təminatı əsasında həyata keçirilməlidir. Göründüyü kimi, normativ-hüquqi aktın tələbindən də aydın olur ki, mülkiyyətçi tərəfindən müvafiq sistem müvafiq təhlükəsizlik tələblərini təmin edildikdən sonra istifadə edilməli idi və bu məsələdə birbaşa məsuliyyət mülkiyyətçinin üzərindədir. Qanunvericilik tələbləri ilə mülkiyyətçi üzərində müəyyən edilmiş təhlükəsizliyin təmin edilməsi ilə bağlı öhdəliklər müqavilə üzrə üçüncü tərəflərə ötürülə bilməz və müqavilələr qanunvericiliyin tələblərinə zidd ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki qanunvericiliyin prinsiplərinə dair 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi müqavilə şərtlərinin qanunvericiliyin tələblərinə zidd olmaması prinsip şəklində də təsbit edilmişdir. Eyni zamanda həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Fərdi məlumatların mühafizəsi üzrə öhdəlik isə imperativ normadır (“Tələblər”-in 2.1.7ci bəndi). Müqavilələrlə bağlı qanunvericiliyin tələblərini fərdi məlumatların mühafizəsi üzrə qəbul edilmiş tələblərlə birləşdirsək müvafiq məsələdə bir daha mülkiyyətçinin öz öhdəliklərini lazıminca icra etmədiyi aydın olur. Belə olduğu halda proqram təminatı ilə bağlı müqavilə və onun əlavəsi olan məxfilik sazişi müştərilərin fərdi məlumatlarının qanunvericiliklə müəyyən edilmiş təhlükəsizliyini təmin etmək öhdəliyini MTK-nın üzərindən götürmür. Yəni proqram təminatının seçimi, test, audit, təhlükəsizlik tədbirlərinin tətbiqi və sistem üzrə nəzarət mülkiyyətçinin öhdəliyində idi, mülkiyyətçi MTK fərdi məlumatlar üzərində aparılan əməliyyatların yalnız fərdi məlumatların mülkiyyətçisi tərəfindən yoxlanılmış və təsdiq edilmiş təlimatlar və proqram təminatı əsasında həyata keçirilməsini təmin etməli idi və qanunvericilik üzrə müəyyən edilmiş bu öhdəliklər qanunvericilik tələblərinə uyğun olaraq, üçüncü tərəfə ötürülə bilməz. Bir daha qeyd edir ki, müvafiq informasiya sisteminin dövlət qeydiyyatından keçirilmədən qanunsuz istifadəsi, informasiya sistemi ilə təhlükəsizlik təlimatlarının müəyyən edilməməsi, müştərilərin istifadəçi adları və parolların sistemdə açıq şəkildə paylaşılması, iki faktorlu autentifikasiyanın təmin edilməməsi, sistemə yalnızca istifadəçi adı və şifrə ilə daxil olunması, fərdi məlumatlara qanunsuz müdaxilə faktının vaxtında aşkarlanmaması və fərdi məlumatların mühafizə səviyyəsinin daim nəzarətdə saxlanılmaması mülkiyyətçi olaraq Şəxs MTK-nı fərdi məlumatlar haqqında qanunvericilikdə nəzərdə tutulmuş öhdəlikləri icra etmədiyini sübut edən faktlardır. Odur ki, yuxarıda göstərilənləri və müvafiq qanunvericilik müddəalarını nəzərə alaraq barəsində inzibati xətalara dair iş aparılan hüquqi şəxsin nümayəndəsi və vəkili tərəfindən verilmiş inzibati icraata xitam verilməsi barədə etirazın əsassız hesab edilməlidir. Qeyd edilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi və vəkili Vəkil etiraz təqdim edərək və etiraza uyğun izahat verərək bildirmişdir ki, Şəxs MTK olaraq uzun müddətdir fəaliyyət göstərir. Kooperativ fəaliyyət göstərdiyi dövrdə bütün vergiləri və digər icbari ödənişləri nümunəvi sahibkarlıq subyekti kimi vaxtı vaxtında ödəyir. Bu günədək hər hansı bir dövlət orqanları ilə problem yaşanmamışdır. Fəaliyyəti dövründə xeyli sayda işçiləri olmuşdur və onlarında qanunvericiliyin tələblərinə müvafiq olaraq bütün sosial ödənişləri təmin olunmuşdur və hər biri ilə qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınmışdır. 2025-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Elektron Təhlükəsizlik Xidmətinin tərəfindən 11 sentyabr 2025-ci il tarixli İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci və 375.0.2-ci maddələri ilə MN ******* saylı protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən inzibati araşdırma aparılarkən tərəfindən dəfələrlə bildirilmişdir ki, baş vermiş inzibati hüquq pozuntusu halında Şəxs MTK-nın hər hansı bir günahı yoxdur. Buna dair bütün sübutları bir başa olaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Elektron Təhlükəsizlik Xidmətinə təqdim etmişlər. Lakin sübutlarına hər hansı bir münasibət bildirmədən protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Aşağıdakı səbəblərdən hesab edir ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Elektron Təhlükəsizlik Xidmətinin tərtib etdiyi protokol qanunsuz və əsassızdır. Ona görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci və 375.0.2-ci maddələrinə əsaslanaraq tərtib edilmiş İnzibati Xəta haqqında başlanmış inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin tələblərinə görə İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar mövcuddur. Həmin məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.1.2ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlardan və iş materiallarına əlavə edilmiş sənədlərdən və izahatlardan açıqaydın görünür ki, Şəxs tərəfindən hər-hansı inzibati hüquq pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən qeyri-obyektiv araşdırma aparılaraq əsassız olaraq protokol tərtib olunmuşdur. Şəxs tərəfindən bu məsələ ilə bağlı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Elektron Təhlükəsizlik Xidmətinə bildirilmişdir ki, Şəxs MTK olaraq "xxxx" MMC arasında "RahatBina.az" layihəsi çərçivəsində xidmətlərin görülməsinə dair 06 dekabr 2022-ci il tarixdə müqavilə bağlanmışdır. Sözü gedən müqavilənin şərtlərinin tələblərinə görə "xxxx" MMC İcraçı olaraq Sifarişçinin sifarişi əsasında təqdim edilmiş məlumatları RahatBina layihəsinə inteqrasiya edib Sifarişçiyə təhvil verir (işi icra edir), "xxxx" MMC 24/7 qrafiki üzrə texniki dəstək, müqavilə vaxtı bitənədək yerinə yetirir, görülən işdə baş verəcək qüsurları öz işçi qüvvəsi və maliyyə vəsaiti hesabına aradan qaldırır, işlərin icrasında təsdiq olunmuş proqramdan, dövlət standartlarının tələblərindən yayınmalara yol vermir, Müqavilə üzrə işlərin nəticələrini Sifarişçinin razılığı olmadan üçüncü şəxslərə ötürmür, müqavilədən irəli gələn öhdəliklərinin icrası zamanı əldə etdiyi Sifarişçinin kommersiya sirrinin konfidensiallığını qoruyur, həmçinin "xxxx" MMC zəmanət verir ki, İşlərin onun tərəfindən görülməsi üçün zəruri olan bütün sənədlərə, o cümlədən müvafiq icazə, lisenziyaya malikdir və xidmət göstərməsi ilə bağlı qanuni fəaliyyət göstərir. "xxxx" MMC Sifarişçini bu şərtlərin pozulması nəticəsində vurulmuş bütün ziyanlardan azad edir və qoruyur, habelə vurulmuş ziyanın əvəzini ödəməyi öz üzərinə götürmüşdür. Tərəfimizdən təqdim edilmiş müqavilənin şərtlərində də göründüyü kimi, "RahatBina.az" layihəsi çərçivəsində proqram təminatı çərçivəsində Şəxs MTK olaraq nə fiziki nədəki texniki iştirakımız yoxdur. Sadəcə olaraq Şəxs MTK sakinləri barədə ümumi istifadəyə əlçatan məlumatların yuxarıda qeyd olunan müqavilənin şərtlərinə uyğun olaraq "xxxx" MMC-nə təqdim edilmişdir. Bu isə bir daha onu sübut edir ki, Şəxs MTK-nin bu məsələdə hər hansı bir günahı yoxdur. Belə olan halda iş materiallarında da göründüyü kimi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən icraata xitam verilməli olduğunu bilə bilə qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişlər. Bildiyiniz kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin tələblərinə gürə İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar mövcuddur. Həmin məcəllənin 53.1.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda, həmin məcəllənin 53.1.2-ci maddəsinin tələblərinə görə isə inzibati xəta tərkibi olmadıqda hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 18-ci maddəsinə əsasən Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində inzibati qanunvericiliyin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6-cı maddəsində bəhs olunan qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Bu prinsipə əsasən, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirməlidirlər. İnzibati Xətalar Məcəlləsinin qanunçuluq prinsipinin əsasını təşkil edən Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ və X hissələrinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın qeyd olunan normaları insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin şərh edilməsinə dair" 31 yanvar 2017-ci il tarixli qərarında göstərilir ki, “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələrinin həyata keçirilməsində qanunçuluq prinsipi xüsusi əhəmiyyətə malikdir. İnzibati Xətalar Məcəlləsinin qanunçuluq prinsipindən bəhs edən 6-cı maddəsinə görə, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses işirakçılarını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 375.0.1 və 375.0.2-ci maddələri ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun: 5.5-ci maddəsinə əsasən fərdi məlumatların mühafizəsi mülkiyyətçilər və operatorlar tərəfindən təmin olunmalıdır, habelə Qanunun 5.8-ci maddəsinə uyğun olaraq, mülkiyyətçi və ya operator fərdi məlumatların mühafizəsinin (o cümlədən təsadüfi və icazəsiz məhv edilməsinin, itirilməsinin, qanunsuz müdaxilənin, dəyişdirilməsinin və digər halların qarşısının alınmasının) təmin edilməsinə zəmanət verən texniki-təşkilati tədbirlər görməlidir; 10.1-ci maddəsinə əsasən fərdi məlumatların toplanılması və işlənilməsi zamanı mülkiyyətçinin vəzifələri fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanuniliyini və təhlükəsizliyini təmin etməkdən ibarətdir; 15.2-ci maddəsinə əsasən bu Qanunun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fərdi məlumatların informasiya sistemini dövlət qeydiyyatından keçirmədən fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilmir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş "Fərdi məlumatların mühafizəsinə dair tələblər”ə əsasən informasiya sistemlərində fərdi məlumatların işlənilməsi zamanı mülkiyyətçi və operatorlar fərdi məlumatlara qanunsuz müdaxilənin, surətinin çıxarılmasının və (və ya) bu məlumatların onlarla işləməyə icazəsi olmayan şəxslərə ötürülməsinin qarşısının alınması, fərdi məlumatlann işlənilməsi zamanı onların təhlükəsizliyinə qarşı yönələn təhdidlərin müəyyən edilməsi və bunun əsasında ehtimal edilən təhdidlərin neytrallaşdınlmasını təmin edən fərdi məlumatların mühafizə sisteminin işlənib hazırlanması və daim təkmilləşdirilməsi ilə bağlı texniki-təşkilati tədbirlər görməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi Şəxs tərəfindən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların mühafizəsinin təmin olunmaması faktı iş üzrə tədqiq edilmiş sübutlarla təsdiq edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələri ilə tövsif olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilənlərə tənqidi yanaşıb hesab edir ki, göstərilən həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 375.0.1 və 375.0.2-ci maddələri ilə təqsirli bilinməli və sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar