Məhkəmə qərarları › İş №3(006)-55/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-55/2022

07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-55/2022 07.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 21B, mənzil 165; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi üzrə Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi tərəfindən 15.12.2021-ci il tarixdə qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə” qərara və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC ölkəyə idxal etdiyi toxumluq kartofu qida təhlükəsizliyi sertifikatı olmadan 08.10.2021-ci il tarixdə satışını həyata keçirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi bildirişlər göndərilsə də, barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan:  “Bitki və bitkiçilik məhsullarının idxalına idxal karantin icazəsinin verilməsi haqqında” 20.09.2021-ci il tarixli ərizədən aydın olur ki, Şəxs MMC Rusiya Federasiyasından idxal etdiyi 15 vaqon toxumluq kartofla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmişdir;  28.09.2021-ci il tarixli, 2064 saylı “Məhsul nümunələrinin götürülməsi Aktı”na əsasən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən Şəxs MMC-nin idxal etdiyi kartof məhsulundan nümunələr götürülmüşdür;  Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinə ünvanlanmış 18.10.2021-ci il tarixli, 3/10-4051 saylı məktubda qeyd olunur ki, ölkə ərazisinə Şəxs MMC tərəfindən idxal olunmuş 133.800 kq ərzaqlıq kartof məhsulundan Agentliyin nümayəndələri tərəfindən ekspertiza üçün nümunələr götürülmüşdür. Bu zaman yük sahibi və onun nümayəndəsi ekspertiza keçirilənə qədər məhsul partiyasının toxunulmazlığı barədə xəbərdarlıq olunaraq iltizam alınmışdır. Aparılmış ekspertiza nəticəsinə görə Şəxs MMC tərəfindən Rusiya Federasiyasından idxal edilmiş kartof nümunəsində kartof yumrularında halqavari bakterial çürümə və kartof gövdə nematodu zərərvericilər aşkar edilmişdir. Bu cür zərərli orqanizmlər ətraf mühitə və ölkənin iqtisadi potensialına ciddi təhlükə yaradır, ona görə də idxal zamanı sirayətlənmiş məhsul partiyası məhv edilməli və ya ixracatçı ölkəyə qaytarılmalıdır. Lakin ekspertiza nəticələri üzrə Agentliyin əməkdaşları tərəfindən yük saxlanıldığı anbara təkrar baxış keçirilərkən, yük partiyasının satıldığı müəyyən edilmişdir;  Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru M.Quliyev tərəfindən qəbul edilmiş 22.11.2021-ci il tarixli qərarla əməldə cinayət tərkibi olmadığından iş üzrə cinayət işinin başlanılması rədd olunmuşdur;  Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi tərəfindən 15.12.2021-ci il tarixdə qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə” qərarda qeyd olunur ki, Şəxs MMC-nin təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan nümayəndəsi X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.04.2010-cu il tarixli, 25 nömrəli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblərə dair sanitariya-epidemioloji qaydalar və normativlərə cavab verməyən” və “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.07.2018-ci il tarixli, 302 saylı Qərarının 2.21.3-cü yarımbəndinə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış ümumi çəkisi 133.800 kq olan toxumluq kartof tərəvəzini 28.09.2021-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətizdirmiş, 28.09.2021-ci il tarixdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məhsuldan sınaq üçün nümunələr götürülmüş, həmin gündən 10 gün sonra, yəni 08.10.2021-ci il tarixdən toxumluq kartof tərəvəzini satmışdır. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan yeyinti məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi sertifikatı tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın 2.1-ci bəndinə görə ölkəyə idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Həmin Qaydaların 2.21-ci bəndinə əsasən yeyinti məhsulları təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda sertifikatın verilməsindən imtina edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi istehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar