Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-550/2025 27.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi X6, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X7 iştirakları ilə, “Milli hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nin icraçı direktoru X16 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin 28 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “Milli hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nin icraçı direktoru X16 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin 28 dekabr 2024cü il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "Milli Hematologiya və Transfuziologiya Mərkəzi" PHŞ-in icraçı direktoru X16 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə “əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə" tərtib edilmiş MM ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş MN ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarı aşağıdakılara görə qanunsuz və əsassızdır, belə ki, xx.xx.2024-cü il tarixdə Əmək Müfəttişliyi tərəfindən daxil olmuş bildirişdə vətəndaş X5 Mərkəzdə əmək hüquqlarının pozulması ilə əlaqədar müraciətinə Əmək Müfəttişliyində baxıldığı və daxil olmuş məlumat və sənədlərə baxılmaqla inzibati xətanın əlamətlərinin müəyyən edildiyi bildirilmişdir. Həmin şikayətlə əlaqədar Əmək Müfəttişliyi tərəfindən Mərkəzə sorğu göndərilmiş və Mərkəz tərəfindən aidiyyəti sənədlər (vətəndaşın könüllü fəaliyyətə cəlb edilməsinə dair ərizəsi, könüllü fəaliyyət haqqında müqavilə) təqdim edilmişdir. Daha sonra inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməyimiz məqsədilə xx.xx.2024-cü il tarixində, saat 11:00-da 5 saylı Bakı DOST Mərkəzinə dəvət edilmişdir, Mülki Məcəllənin 362-ci maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilən etibarnamə notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur. Həmin maddəni rəhbər tutaraq etibarnamə əsasında müəssisəni və onun rəhbərini təmsil edərək mən iclasda iştirak etmişəm. Etibarnamənin təqdim etməmə baxmayaraq Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı X4 protokolda qeyd etmişdir ki, Mərkəzin nümayəndəsinin etibarnaməsi notarial qaydada təsdiq edilmədiyi üçün ona protokolun nüsxəsini təqdim etmək mümkün olmamışdır. Halbuki, iştirakımla keçirilmiş iclasda mən əməkdaşa bildirmişəm ki, müəssisə tərəfindən imza və möhürlə təsdiqlənərək verilmiş etibarnamə notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur. Lakin Mərkəzin nümayəndəsinin bunu bildirməyimə baxmayaraq, əməkdaş yalnız notarial qaydada təsdiq edilən etibarnamənin rəhbərlik tərəfindən qəbul edildiyini iclasın sonunda bildirmiş və qeyd etmişdir ki, növbəti dəfə notarial qaydada təsdiq edilmiş etibarnaməni təqdim edilmədiyi təqdirdə həmin etibarnamə rəhbərlik tərəfindən qəbul olunmayacaq. Belə olan halda, iclasın hansı əsaslarla mənim iştirakımla keçirilməsi məlum olmamış və Mərkəzin nümayəndəsi tərəfindən buna etiraz olaraq bildirilmişdir ki, qanuna hər kəs tabedir. İclasda öncədən Mərkəz tərəfindən təqdim olunmuş aidiyyəti sənədlər əsasında yuxarıda qeyd edilən məsələ əməkdaş X4 ilə ətraflı olaraq müzakirə olunmuş və Mərkəzin nümayəndəsi vətəndaşın əmək hüquqlarının pozulmamasını sübuta yetirmişdir. Belə ki, vətəndaş X10 "Könüllü fəaliyyət haqqında” Qanunun tələblərinə uyğun olaraq öz ərizəsi əsasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək, yəni 1 ay müddətinə müqavilə bağlamaqla könüllü kimi fəaliyyət göstərmişdir. Şikayətə tərəfimizdən əlavə edilən ərizədən göründüyü kimi vətəndaş ərizəsində də könüllü, yəni haqqı ödənilməyən fəaliyyətə cəlb olunmaq istəyini qeyd etmişdir. Bu da onun Mərkəzlə əmək müqaviləsi deyil, könüllü fəaliyyət haqqında müqavilə bağladığı barədə məlumatlı olduğunu açıq-aydın sübut etməkdədir. Bundan əlavə, Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı vətəndaşın mühafizə vəzifəsi üzrə könüllü fəaliyyətə cəlb edilməsinin qanuna uyğun olmadığını bildirmiş, lakin “Könüllü fəaliyyət haqqında" AR Qanunun 3-cü maddəsinə əsasən könüllü fəaliyyət Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan fəaliyyət sahələrində həyata keçirilə bilər. Mərkəzin publik hüquqi şəxs olaraq yaradılması məqsədi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olmasıdır və şəxsin Mərkəzdə fəaliyyətə cəlb edilməsi qanunun tələblərini pozmur. Belə ki, “Könüllü fəaliyyət haqqında" Qanuna əsasən yalnız Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə yol verilmir. Bundan başqa, qanunda könüllü fəaliyyətinin hansı istiqamətlər üzrə həyata keçirilməsi sadalanarkən qanunvericiliyinin tələblərinə zidd olmayan fəaliyyət sahəsi də nəzərdə tutulmuş və mühafizə işi qanunvericiliyin tələblərinə zidd fəaliyyət deyildir. Əmək Müfəttişliyinin xx.xx.2024-cü il tarixli 3-17-5/1 -Q-95079/3/2024 saylı bildirişinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2024-cü il tarixində saat 12:30-a təyin olunmuşdur. Mərkəzin nümayəndəsi olaraq mən həmin iclasda iştirak etmiş və protokolu tərtib edən Əmək Müfəttişliyinin əməkdaşının və rəhbərinin iştirakı ilə mövcud məsələ bir daha müzakirə olunmuşdur. Uzun müzakirədən sonra mən həmin protokolun hansı araşdırmalar nəticəsində tərtib edildiyi və vətəndaşın şikayətinin dəqiqləşdirilməsi üçün ondan hər hansı təsdiqedici sənəd və izahat alınması barədə sual verdiyim zaman cavab olaraq mənə bildirilmişdir ki, vətəndaşdan hər hansı izahat alınmamış və araşdırma yalnız Mərkəz tərəfindən təqdim edilən sənədlər əsasında aparılmışdır. Həmçinin, “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanunun 12.3.1 və 12.3.2-ci maddələrinə əsasən müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməli, məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər. Buna baxmayaraq, Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı olan X4 vətəndaşların müraciətdə göstərdikləri mövzudan kənar məsələlərə baxmış və aidiyyəti olmayan protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən, məhkəmədən MM ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş MN ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 etibarnamə üzrə nümayəndəsi X13 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X14 çıxışında bildirdi ki, vətəndaşın şikayəti əsasında “Milli hematologiya və Transfuziologiya Mərkəzi" PHŞ barəsində araşdırma aparılmış, həqiqətən də vətəndaş X5 həmin mərkəzdə əmək müqaviləsi olmadan mühafizəçi kimi işləməsi, ona işlədiyi müddətə görə əmək haqqı ödənilməməsi faktı aşkarlanmışdır və bu səbəbdən həmin mərkəzin direktoru barəsində inzibati məsuliyyətə cəlb olunmasına dair qərar qəbul olunmuşdur. Müraciət edən şəxs Abbasov ərizəsində bildirir ki, xx.xx.2024-cü il tarixdən həmin mərkəzdə işləyibdir. Onunla könüllü müqaviləsi bağlamaq istəyiblər. O, isə buna etiraz edərək rəsmi olaraq işə qəbul olunmasına dair müqavilə bağlanılmasını tələb edibdir. Buna baxmayaraq onun müraciətinə baxılmamış, əksinə olaraq o işdən kənarlaşdırılmışdır. Şəxsin mühafizəçi kimi istehsalatda sığortası olmalıdır. Onun bu formada işlədilməsi, birbaşa xətanın tərkibidir. Bundan başqa tabeldən görünür ki, 7,2 saat işlədirlər, bu isə 7 saatdan artıq olmamalıdır. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmamasını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN№ ******* nömrəli qərarı əsaslıdır. Verilmiş şikayətin təmin edilməməsi və qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin izahatlarını, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin 28 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin İdarəyə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 28 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X3 əmək müqaviləsi üzrə müəyyən edilmiş iş vaxtının rejimi pozularaq 2024-cü ilin sentyabr ayının 4-dən 18-dək olan iş günlərində iş vaxtından artıq işə cəlb olunduğu zamanda X5 Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək hazırki dövrədək Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “Milli hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-də mühafizəçi vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə “Milli hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nin icraçı direktoru X16 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək ona 3500 (üç min beş yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən qəbul edilmiş 28 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 əmək müqaviləsi üzrə müəyyən edilmiş iş vaxtının rejimi pozularaq 2024-cü ilin sentyabr ayının 4-dən 18-dək olan iş günlərində iş vaxtından artıq işə cəlb olunduğu zamanda X5 Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək hazırki dövrədək Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “Milli hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-də mühafizəçi vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə “Milli hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nin icraçı direktoru X2 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 3.500 manat məbləğində cərimə edilsə də, X15 Xidməti tərəfindən aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi tədbirlər görülməmiş, faktla bağlı zəruri araşdırmanın aparıldığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmayaraq X15 Xidməti tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Beləliklə aydın olur ki, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, “Milli hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nin icraçı direktoru X16 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən qəbul edilmiş 28 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. “Milli hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nin icraçı direktoru X16 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin 28 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-550/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-550/2025
27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver