Məhkəmə qərarları › İş №3(006)-5516/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5516/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5516/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – ASC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X4, Bakı Kommersiya Məhkəməsinin 16(113)-522/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu "xxxx" ASC barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 04 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, "xxxx" ASC Bakı Kommersiya Məhkəməsinin 16(113)-522/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək izahatında göstərdi ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(113)-522/2023-009 saylı icra vərəqəsinə əsasən ünvan 1 ünvanında yerləşən «Green Park» restoranma elektrik enerjisinin verilməsi bərpa edilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə borcluya göndərilmiş, könüllü müddət ərzində məhkəmə qərarı icra edilmədiyi üçün borclu "xxxx" ASC-nə inzibati məsuliyyət barədə xəbərdarlıq göndərilərək icra sənədinin icrasının təmin olunması tələb olunmuşdur. "xxxx" ASC icra vərəqəsini icra etməməmiş, müxtəlif bəhanələr gətirərək icra vərəqəsini icra etməkdən yayınmışdır. Göstərilənləri nəzərə alaraq protokolun təmin olunmasım xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(113)-522/2023-009 saylı icra vərəqəsinin ASC tərəfimizdən tamamilə icra edilmişdir, "xxxx" ASC ilə qarşı tərəf arasında barışıq sazişi imzalanmış. Tərəf ödənişlər etmiş və hal-hazırda «Green Park» restoranına elektrik enerjisinin verilməsi bərpa edilmişdir. Göstərilənləri nəzərə alaraq "xxxx" ASC-nin barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi : Bakı Kommersiya Məhkəməsinin 16(113)-522/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, ərizənin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən Green Park restoranına (kafesinə) elektrik enerjisinin verilməsinin bərpa edilməsi qərara alınmışdır. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu "xxxx" ASC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Kommersiya Məhkəməsinin 16(113)-522/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASCnun hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu "xxxx" ASC tərəfindən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsindən ibarət hər hansı bir qərəzli hərəkət edilməmişdir. Məhkəmə nəzərə alır ki, borclu tərəfindən icra sənədi artıq icra olunmuşdur. Belə ki, hazırda borclu "xxxx" Bakı Kommersiya Məhkəməsinin 16(113)-522/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə üzərinə qoyulmuş öhdəliyi icra etmişdir. Bu isə onu göstərir ki, borclu icra sənədinin icrasından qərəzli yayınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, hazırki halda borclu "xxxx" ASC-nin hərəkətlərində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi halının mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, borclu "xxxx" ASC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 16(113)- 522/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı "xxxx" ASC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar