Məhkəmə qərarları › İş №3(006)-5520/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-5520/2023

14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-5520/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, Şəxs MMC barəsində "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələri tərəfindən baxılan həmin Məcəllənin müxtəlif maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərin dairəsi göstərilmiş və orada Məcəllənin 602-ci maddəsi də əks olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 74-cü bəndinə görə İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanı adından – dövlət orqanının rəhbəri, onun müavini, Aparatın rəhbəri, onun müavini, idarə (departament, şöbə) rəhbəri, onun müavini, bilavasitə yoxlamanı aparan vəzifəli şəxsi; sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş publik hüquqi şəxs adından – publik hüquqi şəxsin direktoru, sədri, Direktorlar Şurasının sədri, onların müavinləri, baş icraçı direktor (icraçı direktor), Aparatın rəhbəri, onların müavinləri, İdarə Heyətinin üzvləri, departament (idarə, şöbə) rəhbərləri, onların müavinləri, bilavasitə yoxlamanı aparan vəzifəli şəxsi tərtib edirlər. Hazırki protokolu tərtib etmiş "xxxx" ASC-nin sədr müavini yuxarıda qeyd olunan nə dövlət orqanının, nə də ki publik hüquqi şəxsin vəzifəli şəxsidir. O da nəzərə alınmalıdır ki, “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2074 saylı Fərmanı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X1 əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılmış, fərmanın 2-ci hissəsinə görə "xxxx" ASC və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Agentlik Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyəti təmin edən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğuları, onların saxlanılmasını və qorunmasını təmin edən əsas və köməkçi avadanlıq istisna olmaqla), su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Eyni zamanda həmin fərmanla Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək, bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan qurumlar öz fəaliyyətlərini davam etdirilməsi göstərilmişdir. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 2356 saylı Fərmanı ilə də Agentliyin əsasnaməsi və strukturu təsdiq olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar