Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5543/2023 13.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru X4 iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “X3 İnternational” MMC-də baş mühəndis işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 13 dekabr 2023-cü il tarixdə, saat 08:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru X6 verdiyi izahatında bildirdi ki, Şəxs 13 dekabr 2023-cü il tarixdə, saat 08:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində keçirilən “Tras tədbiri” zamanı polis əməkdaşlarının qanuni tələbini yerinə yetirməmişdir. Belə ki, polis əməkdaşları Şəxs istiqamət verərək yolun sağ istiqaməti ilə hərəkət etməsini tələb etsə də, sonuncu polis əməkdaşlarının tələbini yerinə yetirməmiş və piyada keçidi vasitəsilə yolun qarşı tərəfinə keçməyə cəhd göstərmişdir. Lakin polis əməkdaşı Rəşad Aslanlı qanuni tələbin yerinə yetirilməsini təkid etdikdən sonra Şəxs onun barəsində “Özünüzə şərəfli iş tapın” demişdir. Bundan sonra, Şəxs keçirilən “Tras tədbiri” zamanı polis əməkdaşlarının verdiyi göstərişlərə əməl edilməli olduğu izah edildikdə, sonuncu “Kiməsə görə mən gözləməli deyiləm” deyərək aqressiv davranışlarını davam etdirmişdir. Polis əməkdaşları Şəxs aqressiv davranışlarının profilaktik söhbətlərlə qarşısını almaq üçün sonuncunu polis şöbəsinə dəvət etmişdir. Bundan sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs polis qüvvələrinin köməkliyi ilə polis şöbəsinə gətirilmiş və tərəfindən Şəxs barəsində inzibati xəta haqqında prorokol tərtib olunaraq aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərdi ki, o, 13 dekabr 2023-cü il tarixdə, saat 08:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində hərəkət edərkən piyada keçidindən keçmək istəyərəkən polis əməkdaşı ona yaxınlaşaraq keçirilən “Tras tədbiri” ilə əlaqədar olaraq ona “sağla” davam etməsini bildirmişdir. O isə son günlər işi ilə bağlı cəmi 4 saat yatdığına görə polis əməkdaşı ilə aqressiv danışmış və tələsdiyi üçün piyada keçidindən keçmək istədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı ilə araslarında mübahisə yaranmış və həmin mübahisə zamanı əsəbləşdiyi üçün “Gedin özünüzə şərəfli iş tapın” demişdir. Lakin, onun dediyi ifadə birbaşa polis əməkdaşlarına ünvanlanmamış, yalnız mübahisə etdiyi polis əməkdaşına ünvanlanmışdır. Bundan sonra, etdiyi hərəkətin və dediyi sözlərin yalnış olduğunu anlayaraq mübahisə etdiyi polis əməkdaşından üzr istəmişdir. Sonradan polis əməkdaşları onun polisə müqavimət göstərməsini bildirərək onu 22-ci Polis Şöbəsinə aparmışlar və orada izahatı alınmış, həmçinin barəsində inzbati xəta haqqında protokol tərtib edilmişdir. İzahatının sonunda əməlindən səmimi peşman olmasını, himayəsində bir uşağının olmasını və universitetdə müəllimlik fəaliyyəti ilə məşğul olmasını bildirərək cərimə olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin post-patrul xidməti bölüyü polis nəfəri X5 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 13 dekabr 2023-cü il tarixdə, saat 08:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində keçirilən “Tras tədbiri” zamanı xidməti vəzifələrinin icrası zamanı Şəxs yolun əks istiqamətinə keçmək istədiyini görmüş və sonuncuya yaxınlaşaraq, onun istiqamət verdiyi yolla hərəkət etməsini xahiş etmişdir. Lakin Şəxs onun tələbini yerinə yetirməmiş və piyada keçidi vasitəsilə yolun qarşı tərəfinə keçməyə cəhd göstərmişdir. Lakin, o, qanuni tələbin yerinə yetirilməsini təkid etdikdən sonra Şəxs onun barəsində “Özünüzə şərəfli iş tapın” demişdir. Bundan sonra, Şəxslə aralarında mübahisə yaranmışdır. Hadisə yerinə digər polis əməkdaşları gələrək Şəxs polis şöbəsinə dəvət etmişdir. Lakin Şəxs aqressiv davranışlarını davam etdirmişdir. Sonradan polis əməkdaşları ilə birlikdə Şəxs Nəsimi RPİnin 22-ci Polis Şöbəsinə aparmışlar. O hadisə barədə raport tərtib etmiş və aidiyyəti quruma ünvanlamışdır. Bundan sonra Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin post-patrul xidməti bölüyü manqa komandiri X2 da şahid X1 izahatına oxşar məzmunlu izahat vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru X6 tərəfindən tərtib edilmiş 13 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilən sənədləri nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İşdə olan 13 dekabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 13 dekabr 2023-cü il tarixdə, saat 09:00 radələrində inzibati qaydada tutulmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə tərəfindən Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, əməlindən səmimi peşman olmasını və himayəsində bir uşağının olmasını məsuliyyətini yüngüllləşdirən hallar kimi müəyyən etmişdir. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 (yüz əlli) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-5543/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5543/2023
13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver