Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-555/2025 14.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, X1 Bakı şəhər X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2, Bakı şəhər X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, FD 064 DF dövlət nömrə nişanlı, “BMW-E46” markalı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, 20 Yanvar dairəsində hərəkətdə olmuş, işıqforun yaşıl işığında üzü Dərnəgül yolu istiqamətində sol yola dönmüşdür. Bu zaman heç bir qaydanı pozmamışdır. Buna baxmayaraq, saat 17:24-də barəsində İXP ******* saylı inzibati protokol (qərarsız) tərtib edilmiş, o, İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Bundan sonra, həmin protokola əsasən barəsində xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Bu qərarla razı deyil, çünki onun heç bir əsası yoxdur. Qeyd etdiyi kimi, maşını həmin ərazidə hərəkətdə olarkən heç bir yol hərəkəti qaydasını pozmamışdır. Polis nəfəri ona bildirmişdir ki, guya maşınla sola dönərkən işıqforun qırmızı işığında hərəkət etmişdir. Halbuki həmin ərazidə bu halı tənzimləyən bir neçə modern tipli stasionar kamera mövcuddur. Bu barədə pozuntu törətdiyi an həmin kameralar avtomatik olaraq buna reaksiya verməli idi. Lakin belə bir hal baş verməmiş və “pozuntu” polis nəfərinin portativ bort kompyuteri vasitəsilə aşkarlanmışdır. Əgər həmin tarix və saata dair kamera çəkilişləri tələb edilərək baxış keçirilərsə, sadaladığı xüsusatlar öz təsdiqini tapacaqdır. Göstərilən hallar tərtib edilmiş qərarın əsassızlığına dəlalət edir. Göstərilənlərə əsasən, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və işdə olan materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 100 (yüz) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Məhkəmə, iş üzrə sübutların şəxsin təqsirinin sübuta yetirilməsində kifayətedici olmamasına dair qeyd edir ki, iş materiallarında inzibati tənbeh vermə haqqında qərardan başqa heç bir sənəd mövcud deyil. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı, iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Hazırki halda, şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı sübutla təsdiq olunmur. Həmçinin, səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə tədqiq edilmiş sənədlər məhkəmədə işə baxılarkən X2 tərəfindən qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Çünki, X2 həmin inzibati xətaya aidiyyəti olmadığını göstərmişdir. Habelə iş üzrə aşkar edilmiş inzibati xətanın məhz X2 tərəfindən törədilməsinə dəlalət edə biləcək hər hansı sübut və əsas göstərilmədən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İş üzrə tədqiq edilmiş hallar məhkəmədə X1 inzibati xətanın subyekti olmasına şübhə yaradır. İnzibati xətalara dair qanunvericiliyin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr isə onun xeyrinə həll edilir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində Bakı şəhər X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X2 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Bakı şəhər X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər X4 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. X1 barəsində Bakı şəhər X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X4 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-555/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-555/2025
14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver