Məhkəmə qərarları › İş №3(006)-5573/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5573/2023

30.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5573/2023 30.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 26, mənzil 178, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən klinikada xx.xx.2023-cü il tarixdə, saat 10:35-də keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar pediatriya, anesteziolojireanimatoloji, qastroenteroloji, kosmetoloji işlər və fəaliyyət, sertifikatsız özəl tibbi praktiki fəaliyyəti ilə məşğul olma faktı aşkar edilmişdir. Təxirə salınmış məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun və barəsində inzibati xəta iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri məhkəməyə gəlməmişlər. Eyni zamanda əvvəlki məhkəmə iclası barəsində inzibati xəta iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin vəsatəti əsasında təxirə salınsa da, o, “elektron kabinet” vasitəsilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • 07.12.2023-cü il tarixli, KY232061551 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”a əsasən Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən klinikada plan üzrə (növbəti) yoxlamanın aparılmasına icazə verilir, yoxlama müddəti 11-15 dekabr 2023-cü il; • xx.xx.2023-cü il tarixli, 847 saylı “Özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama Aktı”na və ona əlavə edilmiş fotoşəkillərə əsasən Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən klinikada xx.xx.2023-cü il tarixdə, saat 10:35-də keçirilən planlı yoxlama zamanı aşağıdakılar aşkar olunmuşlar. Müəssisədə görülən işlərə dair tibbi qeydiyyat sənədləri yoxlamaya təqdim edilməmişdir. Kompüterdə aparılan müvafiq tibbi qeydlərə baxış keçirilməsi üçün rəhbərlik tərəfindən icazə verilməmişdir. Müəssisədə təyinatı göstərilməyən otaqlar mövcuddur. Cari olaraq təqdim edilmiş rəsmi işçi siyahısına əsasən “kardioloji”, “hematoloji”, “nevropatoloji”, “psixiatrik”, "xxxx" işlər üzrə ixtisaslı mütəxəssislər və sahələr yoxdur. Müəssisədə sterilizasiya sahəsi təşkil edilməmiş, bakterisid lampaların işlədilməsinə dair və alətlərin sterilizasiya prosesinə nəzarət qeydiyyat sənədləri (üzərində sterilizasiya tarixləri qeyd edilmiş paketlənmiş alətlər mövcuddur) yoxlamaya təqdim edilməmişdir. Tibbi fəaliyyət üçün istifadə olunan avadanlıqların normativ uyğunluq şəhadətnamələri təqdim olunmamış, laboratoriya səhəsində cihazların iş prinsipinə müvafiq təlimatlar tərtib edilməmişdir. Nəzarət-kalibrasiya işlərinə dair təsdiqedici sənədlər yoxdur, temperatura nəzarət vərəqələri tərtib edilməmiş, soyuducuda reagentlər ilə biomateriallar birgə yerləşdirilmişdir. Fərdi mühafizə vasitələri məhduddur (eynək, sipər). Klinikada o “ zonoterapiya“ (11 nömrəli otaq) sahə və avadanlıq, ləvazimatlardan ibarət iş təşkil edilmişdir (2-ci mərtəbədə). Müəssisənin 1-ci mərtəbəsində “qastroenteroloji” işə dair “kolonaterapiya“ (6 nömrəli otaq) prosedurlarının keçirilməsi məqsədi ilə sahə, avadanlıq və müvafiq ləvazimatlardan ibarət iş təşkil edilmişdir. Müəssisənin bir otağında (təyinatı göstərilməyən) "xxxx" işə aid avadanlıqlar, əşyalar, ləvazimatlardan ibarət sahə mövcuddur. Müəssisədə həkim-terapevt X1 şəhadətnaməsi olan otaqda “pediatrik işçi masası” mövcuddur (EKQ, Ailə həkimi, 3 nömrəli otaq). İşçilərin təsdiqlənmiş rəsmi sənədinə əsasən “pediatriya” işi üzrə ixtisaslı mütəxəssis X4 sənədləri yoxlamaya təqdim edilmişdir. Mövcud sənədlərə əsasən xx.xx.2023-cü il tarixli daxili əmr ilə ödənişsiz məzuniyyətə göndərilmişdir. Əmək müqaviləsinin bildiriş sənədinə əsasən həkim-terapevt X5 tibbi praktiki fəaliyyəti ilə məşğul olması üçün icazə verilən sertifikasiya şəhadətnaməsi "xxxx" iş üzrədir. Müəssisədə sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkarlanmışdır (həkim-terapevt X6). Müəssisədə lisenziyadan kənar “pediatrik”, "xxxx", “qastroenteroloji”, "xxxx" iş fəaliyyəti (sahələr, avadanlıqlar, ixtisaslı mütəxəssislər) aşkarlanmışdır. X9 izahatına əsasən göstərilən nöqsanlara dair kosmetoloji iş üzrə fəaliyyətləri olmamışdır Mövcud cihazlar istifadə olunmur və pediatriya və anestezioloji işlər üzrə qısa müddət ərzində lisenziya əlavəsi üçün müraciət olunacaqdır. Digər nöqsanların aradan qaldırılması üçün 30 iş günü müddətinin verilməsi xahiş olunur. X4 (həkim-pediatr) sertifikasiya şəhadətnaməsinin əldə olunması üçün Səhiyyə Nazirliyinə müraciət olunsa da, müsbət cavab alınmamışdır; • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Şəxs MMC-yə verilmiş xx.xx.2017-ci il tarixli, İN/L-745/2017 saylı lisenziya və onun əlavəsinə görə şirkətə ünvan 3 ünvanda özəl tibb fəaliyyətinin ambulator tibb xidmətləri üzrə görülməsinə icazə verilən işlərin siyahısında terapiya, kardiologiya, hematologiya, nevropatologiya, psixiatriya, mama-ginekologiya, şüa diaqnostikası, oftalmologiya, laboratoriya nəzərdə tutulsalar da, pediatrik”, "xxxx", “qastroenteroloji”, "xxxx" iş fəaliyyəti nəzərdə tutulmamışdır; • Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışa əsasən Şəxs MMC-nin hazırki qanuni təmsilçisi X10. Məhkəmə iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, Şəxs MMC-yə məxsus ünvan 3 ünvanda yerləşən klinikada xx.xx.2023-cü il tarixdə lisenziyadan kənar pediatriya, anestezioloji-reanimatoloji, qastroenteroloji, kosmetoloji işlər və fəaliyyət, habelə sertifikatsız özəl tibbi praktiki fəaliyyətə yol verilmişdir. Bununla da MMC-nin əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə, 215.4-cü maddəsi isə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə məsuliyyət müəyyən edir. “Lisenziyalar və icazələr haqqında” Qanunun 27-ci maddəsinə görə lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət bu Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada həyata keçirilir. Lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət çərçivəsində səyyar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”na əsasən pediatriya, anestezioloji-reanimatoloji, qastroenteroloji və kosmetoloji fəaliyyətlər də daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə uyğun olaraq praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bununla bağlı qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində hüquqi şəxs üçün nəzərdə tutulmuş cərimənin məbləği eynidir (altı min manatdan səkkiz min manatadək). Beləliklə, məhkəmə “Biomed Spektr“ MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, qurum İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələblərinə müvafiq olaraq qeyd olunan maddələrdə nəzərdə tutulmuş sanksiya çərçivəsində cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə müvafiq olaraq 6.000 (altı min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar