Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5575/2023 18.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakları ilə xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, "xxxx" MMC-də mühafizəçi işləyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4523/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli icra vərəqəsinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin e-2(006)-4523/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli icra sənədi barədə xəbərdar olmuş, lakin maddi imkanı yaxşı olmadığından borc üzrə ödənişi edə bilməmişdir. Lakin hazırda, zərərçəkmiş şəxslə aralarında razılaşma əldə etmişdir və həmin razılaşmaya əsasən 2024-cü ilin fevral ayından başlayaraq ödənişlər edəcəkdir. O, heç zaman borc üzrə ödənişi ödəməkdən boyun qaçırmamış, sadəcə olaraq maddi imkanı onu borcunu tam ödəməyə imkan verməmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin e-2(006)-4523/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs ümumilikdə 3454 (üç min dörd yüz əlli dörd) manatın tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Lakin qətnamə qanuni qüvvəsini aldıqdan sonra borc üzrə ona ödənişlər edilməmişdir. Lakin Şəxs ona borcun hissə-hissə 2024-cü ilin fevral ayından başlayaraq ödənilməsi barədə öhdəlik götürmüşdür. Qeyd olunanları nəzərə alaraq, Şəxs qarşı şikayətçi olmadığını bildirərək qanuna müvafiq qərarın qəbul edilməsini xahiş edir. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X5 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin e-2(006)-4523/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs ümumilikdə 3454 (üç min dörd yüz əlli dörd) manatın tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərarlar qəbul edilərək, tələbin könüllü qaydada icrasının təmin edilməsi üçün borclunun ünvanına bildiriş göndərilmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən tələbkara pul ödənilməmiş və barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tələbkar borcun tam olaraq ödənilməsini tələb edir. Sonda Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin e-2(006)-4523/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs ümumilikdə 3454 (üç min dörd yüz əlli dörd) manatın tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. X2 tərəfindən 18 dekabr 2023-cü il tarixdə məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, onunla Şəxs arasında razılaşma əldə olunmuşdur və həmin razılaşmaya əsasən borc 2024-cü ilin fevral ayından etibarən ödənilməyə başlanılacaqdır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi məhkəmə araşdrılması zamanı müəyyən edilməmiş, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-5575/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5575/2023
18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver