Məhkəmə qərarları › İş №3(006)-559/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-559/2022

18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-559/2022 18.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 23.12.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 23.12.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 23 dekabr 2021-ci il tarixdə nahar vaxtında “AF Business House” binasının çıxışında kuryeri gözləyirdi və maskanı qanunun tələbinə uyğun taxmışdı. Ofisdən çıxanda Nəsimi rayon Polis idarəsinin 22-ci Polis Bölməsinin əməkdaşı X3 mülki formada onu girişin qabağında kuryerdən sifarişi götürdükdən sonra saxlamışdır. Halbuki bir az əvvəl onu görmüş və heç nə deməmişdi. Polis əməkdaşı özünü təqdim etməmiş, sadəcə polis əməkdaşı olduğunu bildirdikdən sonra ondan şəxsiyyət vəsiqəsini tələb etmişdir. O, polis əməkdaşına tabe olaraq şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Həmin polis əməkdaşı heç bir xəbərdarlıq etmədən və hər hansı bir qanun pozuntusu barədə məlumat vermədən ona cərimə yazmış və şəxsiyyət vəsiqəsini geri qaytararaq 200 manat cərimələndiyini demişdir. Beləliklə, tibbi maskadan düzgün istifadə etməsinə baxmayaraq ona əsassız olaraq cərimə yazılmışdır. Onun günahsız olduğunun sübutu “AF Business House”un kamera sistemlərində vardır. Göstərilənlərə əsasən, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 23.12.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 yuxarıda göstərilən məzmunda izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 23.12.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 barəsində tərtib edilmiş 23.12.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi üzrə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2ci maddə); İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); Beləliklə məhkəmədə müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən hazırki inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, zəruri araşdırma aparılmadan və şəxsin təqsirliliyinə dair hər hansı təkzibedilməz dəlil olmadan işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 23.12.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 23.12.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar