Məhkəmə qərarları › İş №3(006)-5591/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5591/2023

28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5591/2023 28.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Şikayətçi: X2 iştirakları ilə Bakı Şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X4 barəsində Bakı Şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 09 dekabr 2023-cü il tarixdə saat 08:20 radələrində Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində əmisinə məxsus “Honda Civic” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən polis əməkdaşının “SAXLA” əmrinə tabe olmuşdur. Söhbət zamanı saxlama səbəbi kimi inspektor təhlükəsizlik kəmərindən istifadə etmədiyini iddia etmişdir. O, inspektora təhlükəsizlik kəmərindən istifadə etdiyini bildirəndən sonra inspektor uydurma səbəblər axtarmaqla bir neçə qayda pozuntusu aşkar etdiyini dəfələrlə təkid etməyinə baxmayaraq, həmin qayda pozuntusunu protokollaşdırmaqdan imtina etmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə məhəl qoymayaraq onu qanunsuz olaraq nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırmağı qərara almışdır. Polis əməkdaşı xidməti səlahiyyətlərini aşaraq onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsində göstərilən mülkiyyət hüququnu pozaraq heç bir razılığı olmadan və ondan qeyri-ixtiyarı avtomobilini evakuator vasitəsilə yanından naməlum istiqamətdə aparılmasına nail olmuşdur. Hadisədən 9 saat sonra elektron kabinetinə onun haqqında protokol tərtib olunmasına dair bildiriş daxil olmuşdur. Protokolda onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 01 saylı Əlavəsinin 3-cü bəndini “pozduğuna” görə İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə ”törətmiş olduğu” xətaya görə məsuliyyət qeyd edilmişdir. O, protokolla tanış olmamış və nüsxəsi ona təqdim olunmamışdır. Protokol onun iştirakı olmadan tərtib olunmuşdur. Bakı şəhər X8 İdarəsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin tələblərinə riayət olunmamış, zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. Göstərilənləri nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmədə şikayətçi X4 şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində idarə etdiyi “X6” markalı, **-VD- *** dövlət qeydiyyat nişanlı avtomobildə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına görə İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Beləliklə məhkəmədə müəyyən edilir ki, Bakı Şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində idarə etdiyi “X6” markalı, 90-VD-02 dövlət qeydiyyat nişanlı avtomobildə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına görə İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Bununla belə, Bakı şəhəri X7 İdarəsi tərəfindən hazırki inzibati xəta haqqında işə baxılarkən işin bütün halları tədqiq edilmədən, xətanın mahiyyəti tam göstərilmədən, barəsində icraat aparılan şəxsin dəlilləri yoxlanılmadan işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48ci maddəsi); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Həmçinin, Məcəllənin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı Şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar