Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-562/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxs X3, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin polis sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1961-ci ildə Ağsu rayonu, Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Qiyaslı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə zərərçəkmiş şəxsin etibarından sui-istifadə etməklə onun pul vəsaitini talamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, 2022-ci ilin fevral ayında tanışı Müşfiq Rüstəmov söhbət əsnasında təqaüd yaşına çatmış bir nəfər qadın qohumunun olduğunu bildirmiş, həmin qadına bu məsələdə köməklik etməsini ondan xahiş etmişdir. O, Müşfiq Rüstəmovla razılaşmış və bu məqsədlə həmin şəxsi qızı Günay İbadova ilə birlikdə “DOST” xidmətinə aparmışdır. Orada həmin qadına təqaüd üçün lazımolan sənədləri toplayıb gətirməli olduğunu bildirmişlər. Bundan bir neçə gün sonra yenidən onlarla birlikdə “DOST” xidmətinə yaxınlaşmış, orada həmin qadın sənədləri təqdim etmiş və daha sonra birlikdə həmin yeri tərk etmiş və hər iki şəxslə əlaqəsi kəsilmişdir. Daha sonra Müşfiq Rüstəmov ona təqaüd məsələsinin alındığını, həmin qadının artıq təqaüd aldığını bildirmişdir. Təxminən 10 gün sonra Müşfiq Rüstəmovla birlikdə ünvan 2 ünvanında yerləşən “Limon” adlı kafedə olarkən Müşfiq Rüstəmov təqaüd məsələsində həmin qadına köməklik etdiyi üçün ona 400 manat pul vermiş, lakin bundan bir müddət sonra Müşfiq Rüstəmov onunla əlaqə saxlayaraq həmin qadının ona verilən pulu geri istədiyini qeyd etmişdir. O da öz növbəsində həmin pulu şəxsi ehtiyacları üçün xərcələdiyini qeyd etmiş və pulu geri qaytara bilməyəcəyini, lakin yaxın müddətdə qaytaracağını bildirmişdir. Qeyd olunanların nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X5 verdiyi izahatında göstərmişdir ki, o, anasına qanuni şəkildə təqaüd verilməli olduğu halda onun sonuncu işlədiyi müəssisədə əmək kitabçasına lazımı qeydlər aparılmadığı üçün məsələ ilə bağlı köməklik göstərə biləcək şəxs axtararkən bu barədə ailəvi dost olan Elbrus adlı şəxsə müraciət etmiş, sonuncu qardaşı Müşfiq Rüstəmovun bu işi həll edə biləcəyini qeyd etmişdir. xx.xx.2022-ci il tarixdə Müşfiq Rüstəmovla danışmış və onunla ünvan 3 ünvanında yerləşən “Limon” adlı kafedə görüşmüş, həmin ünvanda Müşfiq Rüstəmova bu işi həll etməsi üçün 400 manat pul vermişdir. Təxminən 2-3 ay sonra işin düzəlmədiyini görərək aldadıldığını başa düşmüş, həmin vaxtdan Müşfiq Rüstəmovdan verdiyi pulu geri istəsə də, sonuncu pulu geri qaytarmaqdan imtina etmişdir. Bir müddət sonra Müşfiq Rüstəmov onlara pulun özündə olmadığını, Şahalı adlı şəxsə verdiyini bildirmiş, o isə cavabında pulu ona verdiyini və ondan da geri istədiyini bildirmişdir. Hal-hazırda ona dəymiş ziyanın tam olaraq ödənilməsini və Şəxs qarşı şikayətçi olduğunu bildirərək, onun barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin polis sahə inspektoru X2 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə zərərçəkmiş şəxs X3 400 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsin anasına qanuni şəkildə təqaüd verilməsinə köməklik göstərəcəyinə dair yalan vəd vermişdir. 16 yanvar 2023-cü il tarixdə X5 şikayət ərizəsi ilə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət etmiş və həmin zərərçəkmiş şəxsin müracəti əsasında aparılan araşdırmalar nəticəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs saxlanılaraq izahatı alınmış və sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin baş təhqiqatçısı Elçin Bədəlzadə tərəfindən qəbul edilmiş 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X3 şikayəti əsasında toplanmış 1 saylı HK-143 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin polis sahə inspektoru X2 tərəfindən tərtib edilmiş 17 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin maddənin 28.3-1-ci bəndində göstərilir ki, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 180 (yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-562/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-562/2023
17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver