Məhkəmə qərarları › İş №3(006)-562/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-562/2024

16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-562/2024 16.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs ASC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 253-1.2.2 və 253.5.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən ünvan 1 ünvanında kanalizasiya xəttində olan nasazlığın bərpası zamanı 8 müxtəlif diametrli sərv ağacının zədələnməsi və 1 sərv ağacının yerinin dəyişdirilməsi müəyyən edilmişdir. Bu barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X3 tərəfindən xx.xx.2024-cü il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, Şəxs ASC-nin Azərbaycan Respublikasının İXM-nin 253-1.2.2 və 253.5.1-ci maddələrinin təsiri altına düşən əməli araşdırma zamanı sübuta yetirilmişdir. Belə ki, vətəndaşların müraciəti əsasında aparılmış araşdırma zamanı ünvan 1 ünvanında kanalizasiya xəttində olan nasazlığın bərpası zamanı 8 müxtəlif diametrli sərv ağacının zədələnməsi və 1 sərv ağacının yerinin dəyişdirilməsi aşkar edilmişdir. Bununla bağlı hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Hadisə yerində olmuş vətəndaşlar da kanalizasiyada yaranmış problemin həlli üçün Şəxs ASC-nin əməkdaşları tərəfindən bərpa işlərinin aparıldığı və həmin vaxt qeyd olunan ağacların zədələnməsi faktının baş verdiyini təqsdiqləmişlər. Müəyyən edilmişdir ki, Şəxs ASC tərəfindən qanunun tələbləri pozularaq müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələrinin rəyi olmadan özbaşına 8 müxtəlif diametrli sərv ağacı zədələnmiş və 1 sərv ağacının yeri dəyişdirilmişdir. Bu barədə yerində akt da tərtib edilmişdir. Məhkəmədən gələcəkdə bu cür halların qarşısının alınması və digər vətəndaşların da bu cür hallara yol verməkdən çəkinməsi üçün, həmçinin ekoloji tarazlığın qorunmasının dövlətin təməl prinsiplərindən birinin olmasını nəzərə alaraq Şəxs ASC-nin qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında kanalizasiya xəttində olan nasazlıq barədə qaynar xəttə məlumat verilmişdir. Həmin məlumat əsasında qeyd olunan əraziyə Şəxs ASC-nin əməkdaşları gedərək təmir-bərpa işlərini həyata keçirmişlər. Lakin sonradan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs ASC barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi məlum olmuşdur. Halbuki, qeyd olunan təmir zamanı ağacların zədələnməsinin və yerinin dəyişdirilməsi faktlarının Şəxs ASC-nin əməkdaşları tərəfindən edilməsi öz təsdiqini tapmamışdır. Həmçinin qeyd olunmalıdır ki, kanalizasiya xəttində yaranmış nasazlığın qsa müddət ərzində aradan qaldırılması zəruri olduğundan, ağaclarla bağlı müvafiq orqanlara məktublar göndərilmiş, lakin həmin məktublara qısa müddət ərzində cavab verilməmişdir. Halbuki, həmin vaxt kanalizasiya xəttində olan nasazlıq qısa müddətdə aradan qaldırılmalı idi. Məhkəmədən qeyd olunanları nəzərə alaraq Şəxs ASC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 84189 nömrəli aktın surətindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168 Çağrı Mərkəzi” və vətəndaş Ruslan Qafarov tərəfindən İdarəyə daxil olmuş müraciət ilə bağlı məlumat araşdırılmışdır. Araşdırma zamanı qeyd olunan ünvana keçirilən baxış zamanı yaşayış binasının arxa tərəfində əkilmiş 8 ədəd müxtəlif diametr sərv ağacının gövdə hissələrinin zədələnməsi və eləcə də vətəndaşın izahatı ilə birgə təqdim etdiyi fotoşəkillə müqayisə aparılan zaman 1 ədəd sərv ağacının yerinin dəyişdirilməsi müəyyən edilmişdir. Həmin ünvanda yerləşən yaşayış binasının sakini Emil Bağırov ərazidə kanalizasiya nasazlığının aradan qaldırılması üçün bina sakinləri ilə birlikdə ərazi üzrə Nəsimi rayon Sukanal İdarəsinin qəza xidmətinə müraciət etdiyini və təmir işləri aparılan zaman ağacların zədələndiyini yazılı izahatında bildirmişdir. Araşdırma müddətində 59 saylı MKİS-dən təqdim edilən arayışda həmin ərazidə aparılan işlərin Nəsimi rayon Sukanal İdarəsi tərəfindən aparıldığı bildirilmişdir. Araşdırma zamanı Nəsimi rayon Sukanal İdarəsinə həmin ərazidə görülən işlər barəsində, eyni zamanda ağacların zədələnməsinə və yerinin dəyişdirilməsinə səbəb olan şəxslər haqqında məlumat əldə etmək üçün məktub göndərilsə də, Nəsimi rayon Sukanal İdarəsi məsələyə münasibət bildirməmişdir. Azərbaycan Respublikasının İXM-nin 253-1.2-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasının pozulmasına, yəni: 253-1.2.2. yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə - fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 253.5.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə - fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər dörd yüz manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.4cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilmişdir ki, Şəxs ASC tərəfindən ünvan 1 ünvanında kanalizasiya xəttində nasazlıq aradan qaldırılarkən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan 8 müxtəlif diametrli sərv ağacı zədələnmiş və 1 sərv ağacının yeri dəyişdirilmişdir. Beləliklə, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 253-1.2.2 və 253.5.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş aktla, onlara əlavə edilmiş fotoşəkillərlə və digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə işin faktiki hallarına və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin nümayəndəsi X1 izahatında göstərdiyi xüsusatlara qiymət verərək hesab edir ki, X1 göstərdiyi hallar özünümüdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs ASC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs ASC-nin Azərbaycan Respublikasının İXM-nin 253-1.2.2 və 253.5.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 253-1.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2 və 253.5.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən 15000 (on beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar