Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-563/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X3 və X4, protokolu tərtib edən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X8, müdafəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1995-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etməklə onların pul vəsaitlərini talamışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X8 izahatında göstərmişdir ki, Şəxs zərərçəkmiş şəxslərin etibarından sui istifadə etmiş və onlara yalan vəd verib pul vəsaitlərini ələ keçirmişdir. Aparılmış əməliyyat tədbirləri nəticəsində Şəxs saxlanılmış və sonuncu əməlini etiraf edərək peşman olduğunu bildirmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, sosial şəbəkələrdə saxta profillər yaradaraq “xaker” xidmətlərinin göstərilməsi ilə bağlı saxta elanlar yerləşdirmiş, həmin saxta elanlarda «Whatsapp» ani mesajlaşma sistemi üzərindən aparılan danışıqları ələ keçirdiyini, mobil telefon sahibinin yerini müəyyən edə bildiyini, bundan əlavə bəzi vətəndaşlara sosial şəbəkə üzərindən yazaraq profillərinin güya kiber təhlükə altında olduğunu göstərərək müəyyən miqdarda pul tələb edib onları aldatmışdır. Ələ keçirdiyi pul vəsaitlərini dünyasını dəyişmiş qohumu X2 məxsus olmaqla onun istifadəsində olan 4169-7377-0189-7635 saylı “Kapital Bank” kartına, həmin kartdan isə özünə məxsus 4169-7388-4365-2946 saylı bank kartına köçürərək bankomatlar vasitəsilə ələ keçirərək nağdlaşdırmışdır. Zərərçəkmiş şəxslərlə ünsiyyəti və onlara qarşı törətdiyi dələduzluğu “parollarınberpası” adlı səhifədən törətmişdir. Həmin səhifənin adını bir neçə dəfə dəyişmiş, lakin həmin adları hazırda xatırlamır. 2022-ci ilin iyun ayında “Ramilə Sultanova” adlı instagram istifadəçisinin hesabını ələ keçirmiş, həmin şəxs ona başqa şəxsin hesabını izləmək üçün danışıq aparmış, o, həmin şəxsi aldadaraq profilinin parolunu götürüb dəyişmiş, daha sonra həmin şəxsin dostluğunda olan “aska_80” profilinə yazaraq özünü profilin sahibi kimi göstərib 100 manat pul istəmişdir. A.Mahmudova yazan şəxsin Ramilə Sultanova olmasına inanaraq onun göndərdiyi 4169-7377-0189-7635 saylı “Kapital Bank” kartına 100 manat pul vəsaitini göndərmiş, daha sonra o, həmin pul vəsaitini köçürmə yolu ilə özünə məxsus olan 4169-7388-4365-2946 saylı bank kartına köçürərək bankomat vasitəsilə nağdlaşdırmış və şəxsi tələbatına xərcləmiş, həmin şəxslərin profillərini isə bloklamışdır. Sevinc Zəkiyevanın ərizəsi ilə bağlı 2022-ci ilin sentyabr ayında o, özünə məxsus olan “parollarınberpası” adlı səhifədən “sevinc_z” səhifəsinə yazmış, cavab verən profil sahibi yəni Sevinc Zəkiyevaya o, proqramçı olduğunu bildirmiş, onun səhifəsinin kiber hücum altında olduğunu demiş, profili ələ keçirdikdən sonra internet vasitəsi ilə əldə etdiyi virtual sim nömrədən Sevinc Zəkiyevaya yazaraq profilin geri qaytarılması müqabilində 50 manat pul vəsaiti tələb etmişdir. Sevinc Zekiyeva profilini geri qaytarmaq üçün məcbur olub ona göndərdiyi 4169-7377-0189-7635 saylı «Kapital Bank» kartına 100 manat pul vəsaitini göndərmiş, daha sonra o, həmin pul vəsaitini köçürmə yolu ilə özünə məxsus olan 4169-7388-4365-2946 saylı bank kartına köçürərək bankomat vasitəsilə nağdlaşdırmışdır. Bundan başqa 2022-ci ilin sentyabr ayında Sevinc Zəkiyevaya məxsus “sevinc_z” səhifəsini ələ keçirdikdən sonra onun dostluğunda olan Rövşən Qəmbərova yazmış, 100 manat pul istəmiş, Rövşən Qəmbərov yazan şəxsin tanışı Sevinc Zəkiyeva olmasını düşünərək ona göndərdiyi 4169-7377-0189- 7635 saylı «Kapital Bank» kartına 100 manat pul vəsaitini göndərmiş, daha sonra o, həmin pul vəsaitini köçürmə yolu ilə özünə məxsus olan 4169-7388-4365-2946 saylı bank kartına köçürərək bankomat vasitəsilə nağdlaşdırmışdır. Bundan əlavə, 2022-ci ilin oktyabr ayında “s.vinc5063” adlı instagram istifadəçisinə yazaraq guya proqramçı olduğunu bildirib, xaker xidmətləri təklif etmiş, həmin şəxs onu bir nəfər “Tənzilə” adlı şəxsin aldatmış olduğunu, buna görə də onun «Whatsapp» yazışmalarını ələ keçirmək istəmişdir. O, Sevinc Kərimovaya bu xidməti 150 manata edəcəyini bildirmişdir. Sevinc Kərimova ona inanaraq 150 manat pul vəsaitini ona göndərdiyi 4169-7377-0189-7635 saylı «Kapital Bank» kartına göndərmişdir. Daha sonra ona həmin pul vəsaitini köçürmə yolu ilə özünə məxsus olan 4169-7388-4365-2946 saylı bank kartına köçürərək bankomat vasitəsilə nağdlaşdırmışdır. O, əldə etdiyi vəsaitləri öz şəxsi ehtiyaclarına xərcləmiş və həmin şəxslərin profillərini isə bloklamışdır. İzahatının sonunda əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 verdiyi izahatında göstərmişdir ki, 24-25 oktyabr 2022-ci il tarixdə özünə məxsus “s.vinc5063” İnstagram hesabına “parollarınbərpası” hesabından mesaj gəlmiş, mesaj yazan şəxs xaker fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. O uzun müddətdir “Tənzilə” adlı şəxs tərəfindən aldadılaraq pulunun ələ keçirildiyini bildirərək onunla olmuş yazışmaları sübut xarakterli ələ keçirmək istədiyini bildirmişdir. Həmin şəxs yazışmaları ona təqdim etməyə söz verərək bu xidmət müqabilində 150 manat pul istəmiş, o da həmin məbləği iki dəfəyə olmaqla sonuncunun göndərdiyi 4169 73** ****7635 saylı bank kartına göndərmişdir, pul vəsaitini göndərdikdən sonra həmin şəxs onunla əlaqəni kəsmişdir. Bundan sonra aldadıldığını bilərək hüquqmühafizə orqanlarına müraciət etmişdir. Aparılmış əməliyyat nəticəsində ona qarşı dələduzluq edən şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Hal-hazırda ona dəymiş zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir və sonuncu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 verdiyi izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə “İnstagram” hesabına ailə dostu X1 məxsus “sevinc_z” “instagram” hesabından göndərilmiş mesajda 100 manat borc pul istənilmiş və həmin pulun göndərilməsi üçün 4169 73** **** 7635 saylı bank kartının şəkli göndərilmişdir. Sevinc Zəkiyevanın heç vaxt borc pul istəmədiyini, ailə dostu olması səbəbindən mesajın onun tərəfindən göndərilməsinə inanaraq 100 manat pul vəsaitini ödəniş terminalı vasitəsi ilə həmin bank kartına göndərdikdən sonra qəbzi Sevinc Zəkiyevaya məxsus mobil nömrəyə göndərmişdir. Daha sonra pulun Sevinc Zəkiyevaya məxsus İnstagram hesabını ələ keçirmiş şəxsə göndərilməsini aşkar etmişdir. Bundan sonra aldadıldığını bilərək hüquqmühafizə orqanlarına müraciət etmişdir. Aparılmış əməliyyat nəticəsində ona qarşı dələduzluq edən şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Hal-hazırda ona dəymiş zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir və sonuncu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan 17 yanvar 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 17 yanvar 2023-cü il tarixdə, saat 11:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Elçin Rzazadə tərəfindən qəbul edilmiş 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X8 tərəfindən tərtib edilmiş 17 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 17 yanvar 2023-cü il tarixdən, saat 11:00dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X6 Məntəqəsinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-563/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-563/2023
17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver