Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5631/2023 22.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1968-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X13 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-940/2014 saylı, 16 mart 2015-ci il tarixli icra vərəqəsinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla bağlı verdiyi izahatında göstərdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-940/2014 saylı, 16 mart 2015-ci il tarixli icra sənədi barədə xəbərdar olmuşdur. Lakin, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəza çəkdiyi dövr ərzində işlə təmin olunmadığından, həmçinin maddi imkanı olmadığından icra sənədinin icrasını təmin edə bilməmişdir. Bundan başqa, bank tərəfindən yaşadığı mənzildən çıxarıldığına görə qohumlarının yaşadığı mənzildə yaşayır. Onun özü məhkum edildiyi vaxtadək müəllimə olaraq peşə fəaliyyətini davam etdirmişdir. Lakin, hal-hazırda heç bir işlə təmin olunmamış və icra sənədi üzrə ödənişləri ödəmək üçün maddi imkanı yoxdur. O heç vaxt icra məmurunun çağırışlarından yayınmamışdır. Belə ki, onun barəsində olan icra sənədinin Nəsimi rayon İcra Şöbəsinə göndərilməsindən xəbəri olmamışdır. Qeyd olunanları və onun icra sənədinin icrasından yayınmamasını nəzərə alaraq, barəsində olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X13 verdiyi izahatında göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-940/2014 saylı, 16 mart 2015-ci il tarixli icra sənədinə əsasən X2, X12, X8 Qızının, X5, X6 və X7 mülki iddiaları təmin edilmiş, Şəxs 80000 manat məbləğində pulun tutulub zərərçəkmiş şəxs və mülki iddiaçı X3, 25221 manat məbləğində pulun tutulub zərərçəkmiş şəxs və mülki iddiaçı X14, 34783 manat 56 qəpik məbləğində pulun tutulub zərərçəkmiş şəxs və mülki iddiaçı X1, 16049 manat 79 qəpik məbləğində pulun tutulub zərərçəkmiş şəxs və mülki iddiaçı X9, 5356 manat məbləğində pulun tutulub zərərçəkmiş şəxs və mülki iddiaçı X10, 28346 manat 50 qəpik məbləğində pulun tutulub zərərçəkmiş şəxs və mülki iddiaçı X11 ödənilməsi hökm edilmişdir. Həmin icra sənədi üzrə 20 may 2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada icrasının təmin edilməsi üçün borclunun ünvanına bildiriş göndərilmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən tələbkarlara pul ödənilməmiş və borclu barəsində axtarış elan edilmişdir. Borclu axtarış qərarı əsasında saxlanılaraq, Nəsimi rayon İcra Şöbəsinə gətirilmiş və izahatı alınaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sonda inzibati xəta haqqında protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-940/2014 saylı, 16 mart 2015-ci il tarixli icra sənədinə əsasən X2, X12, X8 Qızının, X5, X6 və X7 mülki iddiaları təmin edilmiş, Şəxs 80000 manat məbləğində pulun tutulub zərərçəkmiş şəxs və mülki iddiaçı X3, 25221 manat məbləğində pulun tutulub zərərçəkmiş şəxs və mülki iddiaçı X14, 34783 manat 56 qəpik məbləğində pulun tutulub zərərçəkmiş şəxs və mülki iddiaçı X1, 16049 manat 79 qəpik məbləğində pulun tutulub zərərçəkmiş şəxs və mülki iddiaçı X9, 5356 manat məbləğində pulun tutulub zərərçəkmiş şəxs və mülki iddiaçı X10, 28346 manat 50 qəpik məbləğində pulun tutulub zərərçəkmiş şəxs və mülki iddiaçı X11 ödənilməsi hökm edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs işləməməsi, uzun müddət cəzaçəkmə müəssisəsində cəza çəkərək işlə təmin olunmaması, lakin, cəza çəkdikdən sonra işləmək üçün təşəbbüs göstərməsi müəyyən edilmişdir. Göründüyü kimi, Şəxs işləmədiyindən icra vərəqəsi üzrə müəyyən edilmiş borcu ödəyə bilməmiş və icra vərəqəsi Nəsimi rayon İcra Şöbəsinə daxil olduğu vaxtdan bu gün ilk dəfə icra şöbəsinə dəvət edilərək izahatı alınmışdır ki, belə olan halda şəxsin üzürsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun borc üzrə ödənişləri etmək üçün məsuliyyət daşıyaraq təşəbbüs göstərməsi, lakin işsiz olduğundan və uzun müddət cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən ödəniş edə bilməməsi öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə hökmünün icraya yönəlməsindən 08 ildən artıq müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikasının “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olubolmamasının müəyyən edilməsi və.s.), yəni hökmün icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35- ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi məhkəmə araşdrılması zamanı müəyyən edilməmiş, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da, onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-5631/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5631/2023
22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver