Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5632/2023 29.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük protokolu tərtib etmiş: icra məmuru X4 iştirakları ilə "xxxx" ASC (hüquqi ünvanı: Bakı şəhəri Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 13, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" ASC Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6068/2022 saylı icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru X8 izahatında bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 6068/2022 saylı icra vərəqəsinə görə "xxxx" ASC-nin 17 yanvar 2022-ci il tarixli, k/22- 00148 saylı əmri ləğv edilmiş, X3 "xxxx" ASC-nin “Biləcəri” ETSİ-nin Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi vəzifəsinə bərpa edilmiş, 17 yanvar 2022-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı "xxxx" ASC tərəfindən iddiaçı X2 ödənilməlidir. İcra sənədi daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və bildirişlə birlikdə borclunun hüquqi ünvanına göndərilmişdir. Lakin borclu hüquqi şəxs məhkəmə qərarını icra etməmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərindən yayınmaqdadır. Buna görə də "xxxx" ASC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 6068/2022 saylı icra vərəqəsinə görə "xxxx" ASC-nin k/22-00148 saylı, 17 yanvar 2022-ci il tarixli əmri ləğv edilməli, X3 "xxxx" ASC-nin “Biləcəri” ETSİ-nin Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi vəzifəsinə bərpa edilməli, 17 yanvar 2022-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı "xxxx" ASC tərəfindən iddiaçı X2 ödənilməlidir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6068/2022 saylı icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Bununla da hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 07 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə "xxxx" ASC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə "xxxx" ASC tərəfindən törədilən inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, "xxxx" ASC hüquqi şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və quruma həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-5632/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5632/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver