Məhkəmə qərarları › İş №3(006)-566/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-566/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-566/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X3 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 29 yanvar 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 14:52-də X11 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X10 izahatında göstərdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətin tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə xx.xx.2024cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri, Yasamal rayonu, H.Sultanov, Qızıl Şərq və T.Şahbazi küçələrinin kəsişməsi ünvanında yerlşən tikinti obyektində Azərbaycan Respublikası Prezdenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiya üzrə X12 X2 tərəfindən qeyri formal məşğulluğun qarşısının alınması məqsədi ilə yoxlama keçirmiş, həmin yoxlama nəticəsində bir nəfər şəxsin əmək müqaviləsi hüququ qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmiş, həmin fakt üzrə müvafiq sənədlər baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Xidmətdə həmin hal üzrə icraat başlanılmış və Şəxs rəhbərliyi 29 yanvar 2024-cü il tarixdə araşdırma aparılması üçün Xidmətə dəvət olunmuşdur. Şirkətin direktoru X3 iştirakı ilə araşdırma aparıldıqdan sonra Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmuşdur. Eyni zamanda, Şəxsndə aparılan moniritorinq bağlı videoçəkiliş olunmuş, həmin çəkilişdə işçi özü etiraf edir ki, həmin tikinti sahəsində dəmirçidir, tikintidə işləyir. Qeyd edilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X4 izahatında göstərdi ki, Şəxs barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola dair etirazı və buna dair müvafiq sənədləri məhkəməyə təqdim etmişlər və əlavə olaraq bildirir ki, adı gedən şəxs Azər Namazov əvvəllər MMC-də rəsmi işçi olmuş, sonra başqa yerdə işləməsi adı ilə rəsmi müraciəti ilə işdən çıxmış, həmin yoxlama aparılan günü yenidən işə bərpa olunması üçün gələrək müraciət etmişdir. Həmin günü rayonda yas mərasimi olduğundan o, işdə olmamışdır. Həmin şəxsi iş icraçısı Famil müəllim qəbul etmiş, Famil müəllimin qəbulundan sonra Azər Namazov aşağıda olan tikinti işçiləri ilə söhbət etmiş, elə həmin vaxt Azərbaycan Respublikası Prezdenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiya üzrə X12 X2 tərəfindən tikintidə moritorinq keçirilmiş və təsadüfən Azər Namazova yaxınlaşmışlar. Azər Namazov da onlara işə yeni gəldiyini və işə qəbul olmaq istədiyini bildirmişdir. Göstərilənləri Şəxs barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X11 ilə "xxxx" MTK arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. - “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, X11 ilə Şəxs MMC arasında əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığı əsasında xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən tərtib edilmiş "xxxx" MMC tərəfindən inşa olunan tikinti obyektində həyata keçirilmiş monitorinqin nəticələrinə dair arayışdan görünür ki, “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X9 X2 tərəfindən müşahidə kameraları, Analitik tanıma sistemi və , Elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyəti orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu|nalların yerində araşdırılması - üçün tikinti obyektlərinə səyyar monitorinq qruplarının göndərilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən Fərmanın 6-cı hissəsinə əsasən dövlət orqanları tərəfindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə ı minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələrə əsaslanaraq Dövlət Agentliyinin 2023-cü il 19 dekabr tarixli 3- 45/3-2-73/2023 nömrəli qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Sultanov, Qızıl Şərq və T.Şahbazi küçələrinin kəsişməsində tikilməkdə olan çoxmənzilli yaşayış binasının podratçısı Şəxsndə (VÖEN: **********) qeyri-formal məşğulluq hallarının monitorinqi aparılmış və bu barədə 2023-cü il 29 dekabr tarixli akt tərtib edilmişdir. Yoxlama zamanı 54 nəfər şəxs yoxlanıldı. Tikinti obyektinin podratçısı "xxxx" MMC tərəfindən işə cəlb edilmiş 26 şəxslə əmək müqaviləsinin bağlanıldığı, 1 şəxslə isə əmək müqaviləsinin bağlanılmadığı aşkar olundu. (Cədvəl 2) QEYD: Müqaviləsiz çalışan X11 yoxlama prosesində növbə vərəqi verildikdən sonra şirkət tərəfindən ərazidən uzaqlaşdırılaraq gizlədildiyi müəyyən olundu. Yoxlayıcılar tərəfindən video görüntü hesabına həmin şəxsin kimliyi müəyyən olundu və yoxlamaya cəlb olunması təmin edildi. Yoxlama zamanı həmin şəxsin "xxxx" MTK ilə aktiv müqaviləsinin olduğu müəyyən edildi. Lakin “100 il Qarant" MMC ilə "Park Çinar” MTK-nın heç bir bağlılığının olmadığı aşkar olundu. Müqaviləsi olmayan həmin şəxs 29 dekabr 2023-cü il saat 11-12 radələrində tikinti ərazisinə gəldiyini və yoxlama başlayanadək “dəmir-qəlib” işlərini yerinə yetirdiyini kamera qarşısında etiraf etdi, Şəxs MMC-nin nümayəndəsi həmin şəxsin iş qabiliyyətini öyrənmək məqsədi ilə çalışdırdıqlarını əsas gətirərək deyilənləri təsdiq etdi. Əlavə olaraq bildirilir ki, X6 xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinədək Şəxs MMC ilə əmək müqaviləsi olub. Yoxlama zamanı elektron reyestrdən emal edilmiş “şəxsin həmin dövrə aid Əmək müqaviləsi məlumatı”nın surəti qoşmaya əlavə olunur. - Tikinti obyektində aparılan monitorinq zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 01 ədəd diskə baxış zamanı X1 müəyyən edilməsi, onun tərəfindən 29 dekabr 2023-cü il saat 11-12 radələrində tikinti ərazisinə gəldiyini və yoxlama başlayanadək “dəmir-qəlib” işlərini yerinə yetirdiyini etiraf etməsi müşahidə edildi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:

1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.

3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.

4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC tərəfindən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, tikinti obyektində həyata keçirilmiş monitorinqin nəticələrinə dair arayış, 01 ədəd diskdə olan videogörüntülər, habelə iş üzrə araşdırılmış digər sübutlarla müəyyən olunmuşdur ki, işəgötürən Şəxs MMC tərəfindən X11 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bundan əlavə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X4 tərəfindən inzibati xətaya yol verilməməsi barədə izahatında göstərdiyi dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Əksinə məhkəmədə tədqiq edilən sübutlarla onun İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Buna görə də, məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış X7 Xidməti Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. (İXM-in 32-ci və 33-cü maddələri). Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar