Məhkəmə qərarları › İş №3(006)-5665/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5665/2023

28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5665/2023 28.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş: icra məmuru X4 Zərər çəkmiş şəxs: X2 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, 4cü mkr., Mir Cəlal küçəsi, ev 40, mənzil 01-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-6023/2023 saylı icra sənədinə əsasən Bakı 5 saylı Mediasiya Təşkilatında xx.xx.2022-ci il tarixdə bağlanmış MŞB/5-00720 saylı barışıq sazişinin 2.1.1.1-2.1.2.3-cü bəndləri aşağıdakı qaydada təsdiq edilmişdir: Şəxs birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2022-ci ilin mart ayından başlayaraq hər ay 200 manat alimenti, habelə uşağın 03 yaşına çatana qədər 2022-ci ilin mart ayından başlayaraq 30 manat pulu X3 ödəyəcəkdir. Lakin borclu icra məmurunun qanuni tələblərinə əməl etməyərək heç bir üzürlü səbəblər olmadan alimenti ödəməmiş, digər əlavə ödənişləri tam həyata keçirməmiş, nəticədə onun 4.410 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında icra məmuru X8 izahatında bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-6023/2023 saylı icra sənədinə görə Bakı 5 saylı Mediasiya Təşkilatında xx.xx.2022-ci il tarixdə bağlanmış MŞB/5-00720 saylı barışıq sazişinə əsasən Şəxs birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılsarı üçün 2022-ci ilin mart ayından başlayaraq hər ay 200 manat alimenti, habelə uşağın 03 yaşına çatana qədər 2022-ci ilin mart ayından başlayaraq 30 manat pulu X3 ödəməlidir. Lakin borclu aliment üzrə heç bir ödəniş etməmiş, hər ay ödəməli olduğu 30 manat puldan isə son 7 ayını ödəməmişdir. Bununla bağlı ona edilmiş xəbərdarlıqlara məhəl qoymamış, icra şöbəsinə gəlməkdən yayınmışdır. Bu səbəbdən də onun barəsində axtarış verilmişdir. Şəxs 21 may üzrə 4.200 manat aliment və 7 ay üzrə 210 manat digər ödəniş borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə Şəxs ilə barışıq sazişi bağlasa da, sonuncu aralarında olan razılaşmanın tələblərini yerinə yetirməmiş, uşağın saxlanılması üçün maddi cəhətdən heç bir köməklik etməmişdir. Buna görə də o, 01 ildən çox gözlədikdən sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəxs uşağı ilə maraqlanmır, onun nə maddi, nə də ki, mənəvi ehtiyaclarını ödəmir. İcra sənədi üzrə borcun ödənilməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, X6 ilə könüllü barışıq sazişi bağlamışlar. O, qəza keçirdiyi üçün tələbkardan borcunu ödəmək üçün bir müddət vaxt istəmiş, sonuncu da buna etiraz etməmişdir. Borcu üzrə qısa müddət ərzində 410 manat pul ödəyə bilər. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-6023/2023 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, üzrsüz olaraq 4.410 manat yaranmış aliment və sair borcunu ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3-cü maddə); • İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (9.1-ci maddə); • Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (31.2-ci maddə). Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 28 dekabr 2023-cü il tarixdən, saat 12:20-dən hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi rayon İcra şöbəsinə, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar