Məhkəmə qərarları › İş №3(006)-5666/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5666/2023

28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5666/2023 28.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinə bilavasitə tabe olan YPXA-nın yol patrul xidməti baş inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan. ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsindən daxil olmuş 14 sentyabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:00-da sərxoş vəziyyətdə idarə etdiyi “Opel Astra” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinə bilavasitə tabe olan YPXA-nın yol patrul xidməti baş inspektoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə. saat 01:00 radələrində Bakı şəhəri. Nəsimi rayonu, Cavadxan küçəsində idarə etdiyi "Opel Astra" minik markalı. **-HG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla arxaya hərəkətdə olarkən həmin küçədə dayanmış vəziyyətdə olan «Hundai Elantra» minik markaiı. **-HZ- *** dövlət nişanlı avtomobillə toqquşmuşdur. Həmin zaman X1 vəziyyəti yoxlanılarkən onun sərxoş vəziyyətdə avtomobili idarə edilməsi aşkar olunmuşdur. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmuş və baxılması üçün aidiyyatı üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, əməl onun tərəfindən törədilmişdir və etdiyi hərəkətə görə peşmandır. Bir daha belə halın olmayacağına söz verir. Həmin günü atasının 60 yaşının tamam olması münasibətilə spirtli içki qəbul etmişdir. Əvvəllər hər hansı bir inzibati məsuliyyətə cəlb olunmamışdır. Törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, bildirərərək barəsində olan inzibati xəta haqqında iş üzrə yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” xx.xx.2023-cü il tarixli, 2/19646 nömrəli aktdan görünür ki, həmin tarixdə saat 02:45-də Şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilmiş və sonuncuda alkoqolun konsentrasiyası 1,8 promill olmuşdur; Bakı şəhər BPİ DYPİ-nin YNHÜ şöbəsinin inspektoru Məmməd Səmədov tərəfindən tərtib edilmiş “Yol nəqliyyat hadisəsinin sxemi”-dən görünür ki, "Opel Astra" minik markalı. **-HG-*** dövlət qeydiyyat nişanlı avtomaşın arxaya hərəkətdə olarkən həmin küçədə dayanmış vəziyyətdə olan «Hundai Elantra» minik markaiı. **-HZ-*** dövlət nişanlı avtomobillə toqquşmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmanlığını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.2) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə münasibətdə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətdiq edilsin. Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə münasibətdə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar