Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5667/2023 28.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin sahə rəisi X1, zərərçəkmiş şəxs - X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İsmayılllı rayonu, qalıncaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsində tərtib olunmuş iş materialları baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PŞ-nin sahə rəisi X4 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu, “Kəndli” bazarının içərisində yerləşən hosteldə “Samsung A3” markalı telefon Şəxs tərəfindən oğurlanmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PŞ-nin sahə rəisi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək göstərmişdir ki, Mais İlyaz oğlu protokolda göstərilən ünvanda yerləşən hosteldə onunla birlikdə qalan Elvin adlı şəxslə birlikdə musiqiyə qulaq asmaq adı ilə X2 «Samsung A3» markalı telefonunu almışlar, həmin müddətdə zərərçəkmiş şəxs yuxuya getmiş, səhəri gün saat 06:00-da o, yuxudan oyanarkən X5 və Elvin adlı şəxsin orada olmamasını görmüş, o, həmin şəxslər tərfindən aldanıldığını, telefonunun ələ keçirildiyini başa düşüb 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Araşdırma zamanı Şəxs yeri müəyyən edilərək şöbənin əməkdaşları tərəfindən saxlanılmış, şöbəyə gətirilərək izahatı alnmışdır. Onun əməlində İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta törətməsinə dair protokol tərtib olunmuşdur. Protokolu müdafiə edir və təmin olunaraq şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, o, telefon oğurlamamış, onun bu şəxsin telefonundan xəbəri yoxdur. O, bu şəxsdən telefonu götürməmişdir. Məhz Elvin adlı oğlan telefonu ondan almış və çıxıb getmişdir. Elvinin hara getməsi barədə də o, heç nə bilmir. Göstərilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirmişdir ki, hadisə həqiqətən də protokolu tərtib edən şəxsin dediyi kimi olub, o, rayondan bura gəlmişdir ki, fəhləlik edib pul qazansın. Həmin hosteldə gündəlik pulunu ödəyib qalmışdır. Hadisə olan günü o, yorulmuşdur. Elvin gəlib ondan telefonu musiqiyə qulaq asmaq üçün götürmüşdür. Sonra o, yatmağa getmiş, həmin vaxt Şəxs da yatmağa getmişdir. Sonra Elvin Şəxs yanına gəlmiş, onun qulağına nə dedisə bir yerdə durub getdilər və bir daha heç biri qayıtmadı. Həmin Elvin adlı şəxs də İsmayıllı rayonundandır. Elvin məhz bunun sözü ilə oturub dururdu. Həmin telefonu məhz Elvin Şəxs sözü ilə götürmüşdür. Bu şəxs sonradan aparıb satmışdır. Onun telefonunun qaytarılmasını, və ya barəsində icraat aparılan şəxsin cəzalandırılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PŞ-nin sahə rəisi Elşad İsmayılov tərəfindən Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PŞ-nin rəisi Vüqar Abdullayevə ünvanlanmış raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə vətəndaş X6 DİN-in 102 xidmətinə müraciət edərək, iki nəfər şəxsin (Elvin Mirzəzadə və Mais Məcidov) ondan işlətmək adı ilə "Samsung A 3" markalı telefonunu almasını bildirmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə edilmiş Şəxs barəsində olan digər məhkəmə işləri barədə məlumatlardan görünür ki, o, əvvəllər İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qərarları ilə müvafiq olaraq Azərbaycan Respublikası İXM-in müxtəlif maddələri ilə təqsirli bilinərək barəsində dəfələrlə inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Həmçinin o, xx.xx.2019-cu il tarixdə İsmayıllı Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 127.2.1 və 150.1-ci maddələri ilə təqsirli bilinərək barəsində ittihamedici hökm çıxarılmışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməməsi barədə izahatını inandırıcı hesab etmir və həmin izahatın inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilməsi qənaətinə gəlir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 23 (iyirmi üç) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 28 dekabr 2023-cü il tarixdən saat 18:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN-ə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-5667/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5667/2023
28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver