Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5669/2023 30.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin sahə rəisi X1 iştirakları ilə, 31 avqust 1982-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 23 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs sahibkarlıq etdiyi ünvan 2 ünvanda yerləşən «AL» marketlər şəbəkəsinin 3524 saylı filialında 468 manat nağd pulu gizli yolla oğurlamışdır. Məhkəmə iclasında Bakı şəhər Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin polis sahə rəisi X4 izahatında göstərmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 23 dekabr 2023-cü il tarixdə onun sahibkarlıq etdiyi ünvan 2 ünvanda yerləşən «AL» marketlər şəbəkəsinin 3524 saylı filialından 468 manat nağd pul gizli yolla oğurlanmışdır. Polis şöbəsində təhqiqatçı Elvin Qənizadə tərəfindən araşdırma aparılaraq, cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs ziyan vurmuş naməlum şəxsin Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsi qərara alınmışdır. Bundan sonra, aparılmış tədbirlər nəticəsində oğurluq əməlinin Şəxs tərəfindən törədildiyi məlum olmuş və həmin şəxs əməlini etiraf etmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, 23 dekabr 2023-cü il tarixdə “Şamaxinka” adlanan əraziyə gəlmiş və orada yerləşən «AL» marketə daxil olub heç kimin onu görmədiyinə əmin olduqdan sonra masanın üzərində olan nağd pulu götürmüş və marketi tərk edərək uzaqlaşmışdır. Sonradan oğurluq yolu ilə əldə etdiyi pulu saydıqda 450 manat olduğunu görmüşdür. Əldə etdiyi pul məbləğini öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış və orada törətdiyi əməli etiraf etmişdir. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyandan 39 manatını ödəmiş qalan məbləği də maddi imkanı olmadığından ödəyə bilmir, lakin ona vaxt verilərsə bir həftəyə ödəyəcəkdir. İzahatının sonunda törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, o, uzun müddətdir ünvan 2 ünvanda yerləşən «AL» marketlər şəbəkəsinin 3524 saylı filialını işlədir. xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində işlətdiyi marketdə gündəlik satışdan yığılmış pulları və öz şəxsi pulunu saydıqdan sonra “kamera otağı” adlanan otaqda masanın üzərinə qoymuşdur. Qeyd olunan pul məbləğini nəzarətsiz vəziyyətdə bir müddət qoyub yenidən həmin otağa daxil olduqda pulların qoyulduğu yerdə olmadığını aşkar etmişdir. O əvvəlcə həmin pulların ortalıqda olmaması üçün işçilər tərəfindən götürüldüyünü düşünsə də, sonradan kamera görüntülərinə baxdıqda naməlum şəxsin qeyd olunan pul məbləğini gizli yolla götürüb marketi tərk etdiyini görmüşdür. O, kamera görüntülərinə baxdıqdan sonra polis şöbəsinə müraciət etmiş və araşdırmalar nəticəsində oğurluq əməlinin Şəxs tərəfindən törədilidiyi məlum olmuşdur. Hal-hazırda ona dəymiş zərərdən 39 manatı ödənilmiş qalan məbləğ isə onun əmək haqqından tutulmuşdur. Şəxs tərəfindən dəymiş ziyan tam ödənilmədiyindən ona qarşı şikayətçidir və sonuncu barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan 29 dekabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 29 dekabr 2023-cü il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası DİN-nin Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin təhqiqatçısı Elvin Qənizadə tərəfindən araşdırma aparılaraq, Zərərçəkmiş şəxs ziyan vurmuş naməlum şəxsin Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsi qərara alınmışdır. Məhkəmə, Bakı şəhər Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş 30 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 29 dekabr 2023-cü il tarixdən, saat 21:00dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-5669/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5669/2023
30.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver