Məhkəmə qərarları › İş №3(006)-567/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-567/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-567/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Qərarından şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin nümayəndəsi Nümayəndə1, Şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili, “DE FENDO” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, X3 nümayəndəsi və vəkili X2 Bakı Şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi və vəkili X4 Bakı Şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 14 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 1.1. 1.3, 1.11 üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə X5 SMS və Asan Ödəniş tətbiqinə İXP ******* nömrəli inzibati xəta haqqında protokol göndərilmişdir. Lakin qeyd olunan protokola video-görünlii və şəkillər əlavə edilməməklə yanaşı “inzibati xəta” baş verdiyi gündən, 11 avqust 2024-cü il tarixindən 3 ay keçdikdən sonra SMS göndərilmişdir. X6 tərəfindən qeyd olunan hadisə ilə bağlı dərhal və dəfələrlə müvafiq orqanlara şikayətlər ünvanlansa da, bu günə qədər heç bir rəsmi cavab verilməmişdir. Məsələ ilə əlaqədar Bakı şəhəri Kəsimi Rayon Məhkəməsinə müraciət etmiş və işin nəticəsi haqqında müvafiq qərar qəbul edilmişdir. Lakin eyni nömrəli inzibati xəta protokolu yenidən SMS və Asan ödəniş tətbiqinə göndərilmişdir. İXP5625811 nömrəli inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edilmiş, hadisə ilə bağlı video-görüntü və səkil şikayətçiyə təqdim edilməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsinə əsasən Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının vəzifələrinə inzibati tənbeh tətbiq etmə haqqında qərarı və ya inzibati xəta haqqında protokolu operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompyter vasitəsilə tərtib edərək dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirmək daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 121-ci maddəsinə əsasən, bu Məcəllənin 122.7. 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səiahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Həmin məcəllənin 122.1-ci maddəsinə əsasən isə, bu məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1,346,346-1.1, 346-1.5,353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Qeyd olunanları nəzərə alaraq X6 barəsində tətbiq edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin nümayəndəsi Nümayəndə1 hadisə ilə bağlı videogörüntünü təqdim edərək Bakı Şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, inzibati xətaya dair görüntülər təhlükəsiz şəhər kameraları vasitəsilə çəkilib götürülmüşdür. İXM-in 81-ci maddəsinə əsasən təhlükəsizlik şəhər kameraları xüsusi texniki vasitələr hesab olunmur. Xüsusi texniki vasitələr özü çəkir və özü də avtomatik qərarı sistemə daxil edir. Xüsusi texniki vasitələr olmadan tətbiq olunan protokollar bir il ərzində vətəndaşa təqdim edilə bilər. Bu inzibati xəta yol polisi əməkdaşı tərəfindən vizual aşkar olunmuşdur. Ona görə də hazırki qərar qanunauyğundur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, iş üzrə qərar xx.xx.2023cü il tarixli, İXP ******* nömrəli protokola baxılaraq qəbul edilmişdir. İş materiallarında olan 01 ədəd DVD-R formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, “TOYOTA RAV-4” minik markalı nəqliyyat vasitəsi Nəsimi rayonu. K.Səfərəliyeva küçəsi ilə hərəkətdə olarkən üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək manevr edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi, dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması və fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar ola bilər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə səlahiyyətli orqanın əməkdaşının bu xətanı kompüter qarşısında oturub təhlükəsiz şəhər kameralarının görüntülərini təhlül edərək müəyyən etməsi, həmin inzibati xətaların bilavasitə aşkar edilməsi hesab edilə bilməz. Yəni, qərar qəbul etmiş və ya protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi inzibati xətanın törədildiyi yerdə olmamaqla, həmin inzibati xətanı yerində aşkar etməmiş, əksinə inzibati xətanı İXM-in 122-ci maddəsində göstərilən xüsusi texniki vasitələrin köməyi ilə aşkar etmişdir. Buna görə də hazırki halda icraat İXM-in 122.1-ci maddəsində nəzərdə tutulan qaydada aparılmaqla iş üzrə real vaxt rejimində elektron qərarın qəbul edilməsi təmin edilməli olduğu halda, səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında qərar inzibati xəta aşkar edildikdən və inzibati xəta haqqında protokol tərtib edildikdən 3 aydan artıq müddət keçdikdən sonra qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır Həmin Məcəllənin 81.2-ci maddəsinə görə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, belə olan halda, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.11-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı Şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 nümayəndəsi və vəkili X2 şikayəti təmin edilsin. Bakı Şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar