Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5671/2025 22.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Zeynalzadə Aysel İlham qızının katibliyi, Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2da yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-990/2016 nömrəli, xx.xx.2017-ci il tarixli, 2(006)-4072/2017 nömrəli, xx.xx.2019-cu il tarixli, 2(006)-960/2019 nömrəli icra vərəqələrinin və Bakı şəhəri 14 saylı Notariat Kontorunun 8i-6673 saylı, 08 may 2025-ci il tarixli icra qeydinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, icra sənədləri üzrə tələbkarlarla razılıq əldə etmiş və müəyyən məbləğdə ödənişlər etmişdir. Hazırda tələbkarlara borcu olsa da, həmin borcların ödənilməsi öhdəliyi üzrə ödənişləri qısa müddətdə həyata keçirəcəkdir. O aliment üzrə ödənişləri etsə də, müəyyən qədər gecikmələr olmuşdur. Lakin həmin aliment üzrə ödənişləri də gələcəkdə yerinə yetirəcəkdir. Hal-hazırda tələbkarların ona qarşı şikayət və tələbinin olmaması barədə ərizələr mövcuddur. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, borclu müxtəlif bəhanələr gətirməklə borcunun tam olaraq ödənilməsindən yayınmışdır. Borcun ödənilməsini təmin etmək məqsədilə icra tədbirləri həyata keçirilmişdir. Lakin Şəxs adına hər hansı əmlak müəyyən edilməmişdir. Lakin sonradan tələbkarların Şəxs qarşı şikayət və tələbinin olmaması barədə ərizələr verilmişdir. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında protokol üzrə müvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-4072/2017 saylı icra sənədinə əsasən Şəxs X4 xeyrinə kredit müqaviləsi üzrə yerinə yetirilmiş öhdəliyin əvəzi kimi 3210 (üç min iki yüz on) ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. Bundan başqa, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 960/2019 nömrəli icra vərəqəsinə əsasən Şəxs X4 xeyrinə 7.504 (yeddi min beş yüz dörd) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutulmalıdır. Bundan başqa, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 990/2019 nömrəli icra vərəqəsinə əsasən Şəxs 12 yanvar 2016-cı il tarixdən başlayaraq 25 may 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. Bundan başqa, Bakı şəhəri 14 saylı Notariat Kontorunun 8i-6673 saylı, 08 may 2025-ci il tarixli icra qeydinə əsasən Şəxs "xxxx" ASC-nin xeyrinə 809 manat 77 qəpik manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul tutulmalıdır. İş materiallarına əlavə edilmiş 22 sentyabr 2025-ci il tarixli ərizədən görünür ki, Şəxs qarşı X4 icra sənədlərinin icrası ilə əlaqədar heç bir şikayət və tələbi yoxdur və alimentin hissə-hissə ödənilməsinə etiraz edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, eləcə də icra işində olan sənədləri nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərdən müəyyən olunur ki, barəsində protokol tərtib olunmuş şəxs tərəfindən məhkəmə qərarının qərəzli olaraq yerinə yetirilməməsi müəyyən olunmamışdır. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, məhkəmə qətnaməsi icraya yönəlməsindən müəyyən müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikasının “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən, yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi məhkəmə araşdrılması zamanı müəyyən edilməmiş, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da, onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-5671/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5671/2025
22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver