Məhkəmə qərarları › İş №3(006)-569/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-569/2022

08.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-569/2022 08.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, 08 fevral 2022-ci il tarixdə Nəsimi rayonu, Tbilisi prospekti, 147A ünvanda polis əməkdaşlarının fəaliyyətini kənardan video çəkiliş aparmış, həmin şəxsə yaxınlaşıb bunun səbəbini soruşub özünü təqdim etməsini bildirdikdə polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X3 izahatında göstərmişdir ki, karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatda və qapalı məkanlarda reyd aparılır. Dayanacaqda polis əməkdaşları tərəfindən reyd aparılan zaman bir nəfər şəxsin kənardan videoçəkiliş apardığını müşahidə etmişlər. Bir həftə bundan əvvəl də həmin şəxs videoçəkiliş aparmış, əməkdaşa yaxınlaşıb gündə neçə protokol tərtib etdiklərini soruşmuşdur. Niyyətinin nə olduğu bəlli deyil. Şəxsi avtomobilini hardasa saxlayıb gəlib dayanacaqda çəkiliş edir. Şəxsə yaxınlaşıb özünü təqdim etmiş və ona da özünü təqdim etməsini bildirmiş, lakin sonradan Şəxs olduğu müəyyən edilən şəxs özünü təqdim etməkdən imtina etmiş, polisin qanuni tələbinə tabe olmamışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, heç bir qanun pozuntusuna yol verməmişdir. O, telefonu ilə videoçəkiliş etmiş, lakin polis əməkdaşlarını çəkməmişdir. Polis əməkdaşları bununla bağlı hər hansı qadağa olmamasına baxmayaraq ondan niyə videoçəkiliş etdiyini soruşmuş, özünü təqdim etməsini istəmişlər. O da hansı əsasla özünü təqdim etməli olduğunu soruşmuşdur. Belə ki, polis əməkdaşları vətəndaşdan sənəd təqdim edərkən tutarlı səbəb göstərməlidirlər. O, bir həftə əvvəl də həmin yerdə olmuş, o zaman heç bir videoçəkiliş aparmamışdır. Sadəcə polislərdən vətəndaçlara cərimə yazıbyazmadıqlarını soruşmuş, gündə neçə protokol tərtib etdiklərini soruşmamışdır. O, polis əməkdaşlarını təhqir etməmişdir. Polis deyir ki, guya o, “əcəb edirəm” demişdir. Lakin o, belə ifadə işlətməmişdir. Polis əməkdaşlarına nəzakətlə davranmışdır. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X5 izahatında göstərmişdir ki, onlar Tbilisi prospektində yerləşən “Bravo” marketin qarşısında tibbi maska ilə bağlı maarifləndirici tədbirlər görürlər. 08 fevral 2022-ci il tarixdə hardasa, yarım saat olardı ki, Şəxs onları çəkərək nəsə danışırdı. Ola bilər ki, canlı yayım edirdi. Polis əməkdaşlarından Sanil və Elməddin Şəxs yaxınlaşaraq çəkilişə icazəsi olub-olmadığını soruşmuş, özünü təqdim etməsini demişlər. Əvvəl də həmin şəxs digər polis əməkdaşından nə qədər protokol tərtib etdiklərini, nə qədər cərimə yazdıqlarını soruşmuşdur. Şəxs onların qanuni tələbinə tabe olmazsa, barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib ediləcəyi bildirilsə də, Şəxs demişdir ki, “Əcəb edirəm, nə istəyirsiniz edin”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X2 izahatında göstərmişdir ki, Şəxs polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən onların videoçəkilişini aparmış, ondan nə üçün çəkiliş apardığını soruşduqda sonuncu oranın ictimai yer olduğunu və çəkə biləcəyini demişdir. Şəxs video çəkə-çəkə nəsə danışırdı. Polis əməkdaşı X8 Zərgərova yaxınlaşıb özünü təqdim etməsini istədikdə, sonuncu özünü təqdim etməmiş, polisin qanuni tələbinə tabe olmamışdır. Bundan bir həftə əvvəl də Şəxs videoçəkiliş aparmışdır. İş materiallarında olan 08 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 fevral 2022-ci il tarixdə Nəsimi rayonu, Tbilisi prospekti, 147A ünvanda polis əməkdaşlarının fəaliyyətini kənardan video çəkiliş aparmış, həmin şəxsə yaxınlaşıb bunun səbəbini soruşub özünü təqdim etməsini bildirdikdə polisin qanuni tələbinə tabe olmamış və bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan diskə məhkəmə iclasında baxış keçirilərkən Şəxs tərəfindən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş 08 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar