Məhkəmə qərarları › İş №3(006)-5698/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5698/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5698/2025 23.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 231.2-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 17 sentyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Nəsimi rayonu, M.Cəfərov küçəsində “Moskva” Univermağının binasında (inv: 2881) xx.xx.2025-ci il tarixdə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanununa uyğun olaraq razılaşdırılmadan söküntü aparılması və daxili quruluşunun dəyişdirilməsi nəticəsində Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Şəxs QSC tərəfindən Nəsimi rayonu, M.Cəfərov küçəsində “Moskva” Univermağının binasında (inv: 2881) xx.xx.2025-ci il tarixdə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq razılaşdırılmadan söküntü aparılmış və daxili quruluşu dəyişdirilmişdir. Nəticədə Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İnzibati xəta törətmiş Şəxs QSC-nin ünvanına poçt vasitəsi ilə məktub göndərilmiş, nümayəndəsinin iştirakının təmin edilməsi xahiş edilmişdir. Lakin Şəxs QSCnin nümayəndəsi idaərəyə yaxınlaşmamışdır. Fakt barədə akt tərtib edilərək, fotoşəkillər çəkilmiş inzibati xəta hadisəsini törətmiş Şəxs QSC barəsində inzibati xəta haqqında protokol tərtib edilərək protokol rəsmi qaydada Şəxs QSC-nin ünvanına göndərilmişdir. İnzibati xəta haqqında protokol qanunun tələblərinə uyğun formada tərtib edilmiş, protokol tərtib edilən zaman hər hansı pozuntuya yol verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs QSC barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 231.2-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 17 sentyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilən zaman qanunun tələblərinə əməl edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilən zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsiin tələbləri pozulmuş, akt və protokol tərtib edilən zaman Şəxs QSC-nin nümayəndəsinin iştiakı təmin edilməmiş, materiala əlavə edilmiş fotoşəkillər xüsusi texniki vasitə ilə deyil, protokol tərtib etmiş orqanın əməkdaşına məxsus mobil telefon ilə çəkilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs QSC-nin ərazisində yoxlama aparılması üçün müvafiq dövlət orqanından icazə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin rəisi vəifəsini müvəqqəti icra edən X4 izahatında göstərmişdir ki, 2025-ci ilin avqust ayında bir neçə dəfə Şəxs QSC-nin binasına baxış keçirilmiş və binanın tarixi abidə olması barədə Cəmiyyətin əməkdaşına lövhə təqdim edilmişdir ki, həmin lövhə binanın müvafiq divarına vurulsun. Lakin uzun müddət keçməsinə baxmayaraq həmin lövhə binanın divarına asılmamışdır. Bundan başqa baxış zamanı müəyyən edilmişdir ki, qeyd edilən binada söküntü və təmir işləri aparılır. Həmin işlərin dayandırılması barədə dəfələrlə Şəxs QSC-nin rəhbərliyinə və əməkdaşlarına xəbərdarlıq edilsə də, lakin aparılan söküntü və təmir işləri dayandırılmamışdır. Şəxs QSC-nin binası tarixi abidə olduğu üçün həmin binada hər hansı dəyişiklik edilməsi üçün ilk əvvəl Mədəniyyət Nazirliyindən razılıq əldə edilməlidir. Şəxs QSC tərəfindən belə icazə alınmamışdır. Buna görə də, aşkar edilmiş nöqsanlarla bağlı xx.xx.2025-ci il tarixli akt tərtib edilmiş və müvafiq fotoşəkillər çəkilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, binanın tarixi abidə olması barədə lövhə Şəxs QSC-yə təqdim edilən zaman hər hansı akt tərtib edilməmişdir. Həmin lövhə hələ də Şəxs QSC-nin rəhbərliyindədir. O, işi ilə əlaqədar mütəmadi olaraq tarixi abidələrə baxış keçirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin baş mütəxəssisi X3 izahatında göstərmişdir ki, 2025-ci ilin avqust ayında bir neçə dəfə Şəxs QSC-nin binasına baxış keçirmiş və baxış zamanı müəyyən olunmuşdur ki, söküntü və təmir işləri aparılır. Həmin işlərin dayandırılması barədə dəfələrlə Şəxs QSC-nin rəhbərliyinə və əməkdaşlarına xəbərdarlıq edilsə də, lakin aparılan söküntü və təmir işləri dayandırılmamışdır. Buna görə də, aşkar edilmiş nöqsanlarla bağlı xx.xx.2025-ci il tarixli akt tərtib edilmiş və müvafiq fotoşəkillər çəkilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs QSC-nin binasının tarixi abidə olması barədə Cəmiyyətin məsul əməkdaşına hər hansı lövhə təqdim edilməmişdir. Sadəcə olaraq həmin lövhə üçün yer müəyyən edilməsi tələb edilmiş, lakin həmin tələbə əməl edilməmişdir. Qeyd olunan lövhə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən quraşdırılır. Hazırda Şəxs QSC-nin binasının tarixi abidə olması barədə lövhə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsindədir. Yoxlama prosesində aşkar olunmuş nöqsanlar barədə o, öz rəhbərliyinə məruzə etmiş, bununla bağlı hər hansı müvafiq sənəd tərtib etməmişdir. Məhkəmə proses işirakçılarını dinləyərək, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 231.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 17 sentyabr 2025-ci il tarixli aktından görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları - rəis vəzifəsini müvəqqəti icra edən Emin İbrahimov, baş mütəxəssisi Sevinc Hüsüyeva, baş mütəxəssis Rüstəm Hüseynov tərəfindən xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsində yerləşən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş “Moskva” univermağının binasına (2881 inventar nömrəli) baxış keçirilən zaman “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq layihəsi razılaşdırılmadan təmir və söküntü işlərinin aparılması faktının aşkar edilməsi, görülmüş işlər çərçivəsində arakəsmə divar sökülmüş, pilləkəndə ağır dəmir konstruksiya quraşdırılaraq əlavə sahənin yaradılması, döşəməyə beton tökülməsi, ticarət mərkəzində dəmir konstruksiyalarla əlavə mağazaların quraşdırılması, nəticədə binanın daxili hissəsinin yeni quruluşa salınması barədə 17 sentyabr 2025-ci il tarixli akt tərtib edilmişdir. Lakin, qeyd olunan akt tərtib edilən zaman Şəxs QSC-nin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Şəxs QSC barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, 17 sentyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokolda Şəxs QSC tərəfindən Nəsimi rayonu, M.Cəfərov küçəsində “Moskva” Univermağının binasında (inv: 2881) xx.xx.2025-ci il tarixdə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanununa uyğun olaraq razılaşdırılmadan söküntü aparılması və daxili quruluşunun dəyişdirilməsi göstərilsə də, qeyd olunan protokolda Şəxs QSC-nin nümayəndəsinin izahatı göstərilməmiş, protokol cəmiyyətin nümayəndəsi tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli poçt göndərişlərinin siyahısı məhkəmə iclasında tədqiq edilmiş, lakin həmin siyahıda Şəxs QSC-yə barəsində inzibati xəta haqqında icraat başlanılması barədə məlumat verilməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında fotoşəkillərə baxış keçirilən zaman həmin fotoşəkillərin konkret olaraq nə vaxt və harada çəkilməsini, fotoşəkillərdə göstərilən ərazinin hansı quruma məxsus olmasını və qeyd olunan fotoşəkillərin hansı texniki vasitə ilə çəkilməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Bundan başqa "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 15 dekabr 1992-ci il tarixli, 405 nömrəli Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli, 1410-İVQ nömrəli Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılır. 2-ci maddəsinin 2.1-ci bəndinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. 2.1-1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz. 3.1-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Yuxarıda şərh edilmiş prinsiplər aspektindən məhkəmə, səlahiyyətli orqan tərəfindən təqdim edilmiş sübutlar toplusu, cəmiyyətin təqsirini "əsaslı şübhədən kənar" standartına uyğun olaraq təsdiq etmir, əksinə, aparılmış yoxlama prosesinin nəticəsinə əsasən tərtib edilmiş aktda və həmin akt əsasında tərtib edilmiş inzibati xəta haqqında protokolda olan kobud pozuntuları və ziddiyyətləri aşkara çıxarır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd olaraq yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan və bu barədə müvafiq bildirişi və çıxarışı Şəxs QSC-yə təqdim etmədən yoxlama keçirmiş və akt tərtib etmişlər. Nə aktın tərtib edilməsində, nə də protokolu tərtib edərkən Şəxs QSC-nin nümayəndələri dəvət edilməmiş və protokola dair onların fikirləri öyrənilməmişdir. Halbuki, qanunvericilik inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlarının göstərilməsini imperativ norma kimi müəyyən etmişdir. Həmçinin, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinin tələbinə əsasən “yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz” Göründüyü kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli, 1410- İVQ nömrəli Qanunun tələblərini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşlarının izahatları bir-birini tamamlamamış, ifadələr arasında ziddiyyət təşkil etmişdir. Bununla da, məəhkəmə hesab edir ki, şahidlərin ifadələri öz mötəbərliyini itirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir (hazırkı iş üzrə isə səlahiyyətli orqan tərəfindən təqdim edilmiş sübutların (foto şəkillər, akt və s.) mənbəyi, harada nə zaman əldə olunmağı və s. qeyd müəyyəndir). Beləliklə, məhkəmə hesab edir ki, Şəxs QSC barəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 17 sentyabr 2025-ci il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 231.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 17 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar