Məhkəmə qərarları › İş №3(006)-5713/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5713/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5713/2025 08.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin etibarnamə əsasında nümayəndəsi X1 iştirakları ilə Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İnzibati xəta haqqında protokola görə Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi mülkiyyətində olan “Mitsubishi L200” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixdə, saat 14:16-da inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin etibarnamə əsasında nümayəndəsi X2 izahatında qeyd etmişdir ki, şirkətin mülkiyyətində olan “Mitsubishi L200” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə, saat 14:16-da inzibati xətanı törətmiş sürücü barəsində məlumatın verilməsinə dair sorğu şirkətə təqdim olunmamışdır. Belə ki, hüquqi şəxs 2022-ci ildən etibarən hüquqi ünvanını dəyişərək Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev 6 ünvanında qeydiyyatdadır. Hüquqi ünvan dəyişikliyi ilə bağlı X5 İdarəsinə məlumat verilmiş, həmçinin rəsmi açıq informasiya mənbələrində (e-taxes.gov.az) şirkətin hazırkı ünvanı görünməkdədir. Xətai RPİ DYPŞ təqdim etdiyi xəbərnamələrdən sənədlərin hansı ünvana çatdırıldığı məlum deyildir. Belə ki, həmin xəbərnamədə qeyd olunmalı ünvan hissəsi doldurulmamışdır. Həmçinin Xətai RPİ DYPŞ tərəfindən təqdim edilən sənədlərdə də hüquqi şəxsin qeydiyyat ünvanı başqa ünvan olaraq göstərilmişdir, iş materiallarına əlavə edilmiş çatdırılma qəbzinin üzərindəki SX052439923AZ nömrəli poçt izləmə kodu ilə axtarış verdiyimizdə məktubun AZ1129 saylı poçt şöbəsi vasitəsi ilə çatdırıldığı qeyd edilmişdir. Şirkətin hüquqi ünvanının ərazi üzrə daxil olduğu poçt indeksi isə AZ1022 (əvvəlki AZ1078) indeksidir. Həmçinin sorğu xx.xx.2025-də çatdırıldığı görünməsinə rəğmən Xətai RPİ DYPŞ protokolu xx.xx.2025-ci il tarixdə tərtib olunmuş, yəni heç sorğunun çatdırılması gözlənməmişdir. Bundan əlavə xəbərnamədə imzası olan Abdullayev Orxan adlı şəxs şirkətdə heç vaxt çalışmamışdır. Həmçinin inzibati xəta haqqında protokolda hüquqi şəxsə məlumat verildiyi qeydi olsa da hüquqi şəxsə məlumat verilməsini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Protokol hüquqi şəxsə məlumat verilmədən tərtib edilmişdir. Qeyd edilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Xətai Rayon Polis İdarəsi X5 Şöbəsinin Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ünvanladığı sorğudan görünür ki, hüquqi şəxs mülkiyyətində olan “Mitsubishi L200” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixdə, saat 14:16-da inzibati xətanı törətmiş fiziki şəxs barəsində məlumatların qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində səlahiyyətli orqana verilməsi xahiş edilmişdir. Həmin sorğudan görünür ki, adıçəkilən sorğu AZ 1025, ünvan 4 ünvanına göndərilmişdir. İş materiallarında olan poçt xəbərnaməsinin surətindən görünür ki, Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin mülkiyyətində olan “Mitsubishi L200” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatların səlahiyyətli orqana verilməsi ilə əlaqədar verilmiş sorğu hüquqi şəxs tərəfindən 13 avqust 2025-ci il tarixdə (Orxan Abdullayev adlı şəxs imzalamaqla) rəsmi olaraq qəbul edilmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Vergi ödəyicilərinin məlumatlarına əsasən Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hüquqi ünvanı ünvan 5 Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsi ilə tənzimlənir və həmin qaydalara əməl etməklə çatdırılmış sənəd rəsmi qaydada verilmiş sənəd hesab edilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Qeyd olunan Məcəllənin 57.3-cü maddəsinə görə ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Beləliklə, 5 gün ərzində cavablandırılması tələb edilən sorğunun hüquqi şəxsə İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələblərinə uyğun rəsmi qaydada çatdırılması təsdiq edilmir, təqdim edilmiş protokolun əsaslılığına dair hər hansı digər bir sübut da təqdim olunmamışdır. Belə bir vəziyyətdə rəsmi qaydada çatdırılması təsdiq edilməyən sorğuya cavab verilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməlində inzibati xəta hadisəsi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar