Məhkəmə qərarları › İş №3(006)-5726/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-5726/2025

26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-5726/2025 26.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, X1 DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29268864 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə və ona əlavə edilmiş sənədləri məhkəmədə baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29268864 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(011)-7289/2025 saylı qərardadı ilə şikayət baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi öz qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati tənbehvermə haqqında qərardan və elektron portaldan əldə edilmiş çıxarışlardan ehtimal olunan inzibati xətanın QİS1-Zorge və Xəqani küçəsinin kəsişməsi K.Səfərəliyeva küçəsi ist 2 ünvanında baş verdiyi görünür. Həmin ünvan da Bakı şəhəri Nəsimi rayonu ərazisinə aiddir. Şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, işin baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 8 iyul 2025-ci il tarixli Qanunu ilə İnzibati Xətalar Məcəlləsinə yeni məzmunda 129.1.3-1-ci maddə əlavə edilmişdir. Həmin Məcəllənin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127- 3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli EQ 29268864 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, şikayətçi X1 yaşayış yeri Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi ev 34 mənzil 69-dur. Qeyd olunanlarla əlaqədar hesab edirəm ki, hazırkı şikayətə ərizəçinin yaşayış yeri üzrə, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə görə məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Göründüyü kimi hazırki işlə bağlı məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı yaranır. Yuxarıda göstərilənləri rəhbər tutaraq QƏRARA ALDİM: X1 DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 29268864 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ilə əlaqədar məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həlli üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar