Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5753/2025 28.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Alışar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, evli, taksi fəaliyyəti ilə məşğul olan, Naxçıvan MR, Şərur rayonu, Alışar ərazi dairəsi, Alışar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, saat 05:28-də etibarnamə ilə idarə etdiyi “X6 Minik” markalı, 77NJ342 dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, R.Behbudov küçəsi ilə Füzuli küçəsinin kəsişməsinə daxil olarkən sola dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyada X3 yol verməli olduğu halda bunu etməyərək Azərbaycan Respubıikasının “Yol hərəkəti haqqında” Qanununun 75-ci maddəsinin l bəndinin tələblərinə riayət etməyərək hərəkətini davam etdirmiş və piyada X.Abuşovu dönməkdə olduğu yolun hərəkət hissəsində ehtiyatsızlıqdan vuraraq sağlamlığına yüngül bədən xəsarətləri yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 05:30 radələrində “X6 Minik” markalı, 77NJ342 dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, R.Behbudov küçəsində H.Əliyev adına sarayın qarşısından Füzuli küçəsinin kəsişməsi istiqamətində sol zolaqda hərəkətdə olmuşdur. Kəsişməyə çatdıqda işıqforun yaşıl işığı yandığından Füzuli küçəsinə sola dönərək hərəkətini davam etdirərkən dönməkdə olduğu hərəkət zolağında yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyada Xalid Abuşovu ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin ön hissəsi ilə vurmuşdur. O, dərhal avtomobili saxlayaraq piyadaya yardım göstərmək üçün maşından düşmüş, daha sonra TTY-yə zəng edərək çağırış etmişdir. Qeyd etmişdir ki, piyada həmin ərazidə yeraltı keçid olmasına baxmayaraq, yolun avtomobillər üçün nəzərdə tutulmuş hərəkət hissəsindən keçməyə cəhd etmişdir. Hadisə zamanı ayıq olmuşdur. Hadisə baş verən anda avtomobildə tanımadığı sərnişin olmuşdur.Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almamışdır. Hadisədən əvvəl piyadanın yolu keçdiyini görməmişdir. Dönərkən isə avtomobilin kor nöqtəsinə düşdüyündən onu hərəkət yolunda görə bilməmişdir. Baş vermiş hadisə nəticəsində avtomobilin ön hissəsi zədələnmiş, alın şüşəsi sınmışdır. Kəsişməyə daxil olarkən və hadisə baş verən anda avtomobili təxminən 30-35 km/saat sürətlə idarə etmişdir. Hadisə baş verən ərəfədə hava aydın, asfalt yol örtüyü isə sulu olmuşdur. Həmin vaxt yağış yağmasa da, yol aidiyyəti qurumlar tərəfindən yuyulduğundan yaş olmuşdur. Hadisədən sonra zərərçəkmiş şəxsə maddi yardım göstərmiş, xəstəxana xərclərini qarşılamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin DYPŞ-nə və zərər çəkmiş şəxsə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, işə baxılmasının təxirə salınması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ vasitəsilə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 xx.xx.2025-ci il tarixli, 1071 saylı rəyindən görünür ki, X2 bədənində aşkar edilmiş xəsarətlər - burun nahiyəsinin burun sümüyünün yerdəyişməyən sınığı ilə müşaiyət olunan qançır-şişkinliyi və sıyrıqları, sağ əlin arxa səthinin və İV barmağının sıyrıqları, hər iki budun və sol aşıq-baldır oynağı nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X5 PHŞ-yə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. X2 bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 xx.xx.2025-ci il tarixli 2/43877 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, yolnəqliyyat hadisəsi baş verən zaman sürücü Şəxs ayıq olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-5753/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5753/2025
28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver