Məhkəmə qərarları › İş №3(006)-5756/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5756/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5756/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin X8 Şöbəsi tərəfindən tərtib edilmiş 22 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin X8 Şöbəsi tərəfindən tərtib edilmiş 22 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025 tarixdə, saat 13:20 radələrində Azadlıq prospektində özünə aid olan “Audi S3” markalı **-RR-*** X6 avtomobili ilə hərəkət edərkən, **-YP-*** qeydiyyat nömrə nişanlı X8 tərəfindən saxlanılmışdır. Qeyd etmək istəyir ki, onu avtobus zolağında saxlamağı əmr etmiş və düşüb sürücü pəncərəsinə yaxınlaşmışdır. Hadisə Azadlıq prospeki 91D ünvanında baş vermişdir. X8 əməkdaşı avtomobilə yaxınlaşmış və özünü təqdim etməmiş. Bunun ardınca Polis əməkdaşına avtobilini niyə ictimai nəqliyyat zolağında saxladığını soruşduqda ona polis olaraq harda saxlamaq əmri verilmişsə orda da saxlamalı olduğunu bildirmişdir. Qeyd edir ki, həmin yerdə dayanma durma və digər nəqliyyat vasitələrinin həmin zolağa daxil olması qadağandır. Bundan sonra saxlama səbəbini soruşanda iddia etmişdir ki, avtomobilin səsboğucu sistemində problem var və ondan avtomobil dayandığı yerdə qazpedalına basmağını və avtomobilin kapotunu açmağını tələb etmişdir. Halbuki, inspektorun tələbləri qanun çərçivəsində əsassız idi və onun sözlərindən belə aydın oldu ki, avtomobildən anlayışı olmadan qanun pozuntusu olduğunu iddia edir. Bundan sonra qanunsuz şəkildə onun sənədlərini (sürücülük vəsiqəsini və avtomobilinin texniki şəhadətnaməsini) götürərək ondan tələb etmişdir ki, arxası ilə sürüb Nəsimi Rayonu X8nə getsinlər və bu problemi Nəsimi Rayonu X8nin 3 nömrəli otağında Vüqar adlı şəxslə həll etsinlər. Daha sonra özünü təqdim edərək adının Qurban olduğunu bildirmişdir. Daha sonra sənədləri onda oluğuna və tələblərinə görə məcbur olub onun arxasınca sürmüş və Azadlıq prospektindən Mikayıl Rəfili küçəsinə dönmüşdür. Həmin küçədən Polis maşınının tələbi ilə giriş qadağandır nişanının tələbini pozaraq yolun əks istiqamətində hərəkət etmiş, Rəşid Behbudov küçəsinə dönmüş və Nəsimi Rayon Yol Polisinə getmişlər. Polis İdarəsinə çatdıqda ona birdaha yaxınlaşanda problemin həlli yolunu soruşanda iddia etmişdir ki, problemin həlli 3 nömrəli kabinetdədir. 3 nömrəli kabinetə girmək istəməyib, məsələnin qanuni yol ilə həll olunaraq protokol tərtib edilməsini tələb etdikdə yenidən arxası ilə sürərək avtomobili cərimə meydançasına təmin etməsini tələb etmişdir. Polis əməkdaşı sənədlərini qaytarmaqdan imtina etmişdir. O, polis əməkdaşının tələbinə və sənədlərinin onda olmasına görə məcbur polis əməkdaşının arxası ilə cərimə meydançasına sürmüşdür. Yasamal Rayonu ərazisində Abdulvahab Salamzadə küçəsində yerləşən cərimə meydançasının önündə avtomobilindən düşərək, ondan cərimə meydançasına təmin olunma səbəbinin qanuni tərəfini izah etməsini tələb etmişdir. Ona qarşı aqressiv cavabları ilə qanuni tərəfi izah etməkdən boyun qaçırmış və sözügedən ərazidə dərhal Polis əməkdaşları üçün ayrılmış planşeti əlinə alaraq ona İXP ******* nömrəli qərarsız protokol tərtib etmişdir. Bundan sonra Polis maşınını əyləşərək tabe olub qanunu tələb etdiyinə görə Post Patrul xidməti əməkdaşlarını həmin əraziyə tabesizlik göstərdiyimi iddia edərək çağırmışdır. Post patrul xidmətinin əməkdaşı yaxınlaşdıqda onları görərək Qurban adlı **-YP-*** X6 Ekipajın əməkdaşı ona qarşı zor tətbiq edərək onu kəmərindən tutub maşınına doğru sürükləmiş və maşını cərimə meydançasına saxlamadığı təqdirdə başqa şeylər edəcəyi ilə hədələmişdir. Nə olduğunu başa düşmədən zorla maşını cərimə meydançasına qoymuşdur. Qeyd edir ki, Post patrul xidmətinin əməkdaşları bu vəziyyəti, onun adekvat olduğunu və düzgün tələbini görərək ona heç bir zor tətbiq etmədilər. Cərimə Meydançasından piyadə şəkildə çıxdıqda Qurban adlı şəxs haqqında lazımi tədbir görülsün deyərək onu Post patrul xidmətinin avtomobilinə əyləşdirməsi üçün Post patrul əməkdaşlarına əmr etmişdir. Daha sonra Polis Bölməsinə çataraq Post Patrul xidmətinin əməkdaşları məsələni bilərək və onun haqlı olduğunu anlayaraq onu sərbəst buraxmışlar. Qeyd etmək istəyir ki, avtomobili 21 Aprel 2025-ci ildə ölkəyə X2 idxal edilmiş, gömrükdən və texniki baxışdan uğurla keçirilmiş və heç bir nasazlıq olmadan uçota qoyulmuşdur. X5 ərazisində daşıma şirkətinin avtomobilə aid olan şəkillərini sübut kimi təqdim edə, avtomobilə ölkədə heç bir müdaxilə olunmadığı və avtomobildəki bütün avadanlıqların zavod standartlarina uyğun olduğunu sübut edə bilər. Qeyd olunanları nəzərə alaraq onun iddia edilən qayda pozuntusunun araşdırılmasını, avtomobilə baxış keçirilməsini, qanuna uyğun şəkildə protokol və qərarın ləğv edilməsini, sözügedən **-YP-*** X6 Ekipajın inspektoru Qurban adlı polis əməkdaşı haqqında dövlət büdcəsinə getməli olan cərimənin mənimsənilməsi, səlahiyyətlərini aşaraq vəzifəsindən sui-istifadəsi və vətəndaşa göstərdiyi yersiz zorakılıq məsələləri ilə bağlı yuxarda yazdıqlarını əsas götürərək lazımi tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin çıxışını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin X8 Şöbəsi tərəfindən tərtib edilmiş 22 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-in 342.2.2 və 342.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, şikayət verən şəxs X4 tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər tədqiq edilmiş və işin halları ilə uyğunluq təşkil etmədiyi müəyyən edilmişdir. Məhkəmə, şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 342.2.2 və 342.5-ci maddələri ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin İİ hissəsinin 3-cü bəndinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin 5-ci hissəsinə əsasən “istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir.” Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. Məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərar ilə verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.5-ci maddələrinin tələblərinin pozulması halı səlahiyyətli orqanın əməkdaşı tərəfindən aşkar olunmuş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.5-ci maddələri ilə protokol tərtib olunmuş və həmin protokol əsasında qəbul edilmiş 22 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarla X4 Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.5-ci maddələri ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin X8 Şöbəsi tərəfindən tərtib edilmiş 22 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından X1 verdiyi şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar