Məhkəmə qərarları › İş №3(006)-576/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-576/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-576/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 00100- 00189/25 nömrəli, 21 yanvar 2025-ci il tarixli (EP № 0186437) inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, BBGİ-nin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1100/012/002050 nömrəli raporta əsasən "xxxx" MMC-nin adına FF675FX/LL882İ nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yüklər üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X2 Sistemi" informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür ki, FF675FX/LL882İ nömrəli nəqliyyat vasitəsi ilə "xxxx" MMC-nin adına göndərilən mallar xx.xx.2025-ci il tarixdə saat 03:16-da Xaçmaz Gömrük idarəsinin “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X2 Sistemi” informasiya resursuna baxış keçirilməsi hagqında protokoldan görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən gömrük ərazisinə gətirilərək xx.xx.2025-ci il tarixli **********5183, **********5249, **********5284 və **********5229 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş mallar FF675FX/LL882İ nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə saat 03:16-da Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi "xxxx" MMC tərəfindən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir, lakin xx.xx.2025-ci il tarixli **********5183, **********5249, **********5284 və **********5229 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş mallara dair tərtib edilmiş **********0467 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə daxil olduqdan sonra, yəni xx.xx.2025-ci il tarixdə saat 15:10 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydalarının" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Nəticədə "Tovuz E-L” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan raportdan görünür ki, "xxxx" MMC-in adına FF675FX/LL882İ dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə idxal edilmiş yüklərə dair elektron qaydada qısa idxal bəyannaməsi malların daşındığı yük nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olduqdan sonra rəsmiləşdirmək üçün sərhəd gömrük orqanına göndərilmiş, lakin həmin mallara dair elektron formada qısa idxal bəyannaməsi verilməmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İXM-in 485.2 maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Gömrük Xidmətinin Vahid X1 əldə olunmuş çıxarışa gömrük bəyannaməsinə əsasən bəyan olunan yük üçün qısa idxal bəyannaməsi vaxtında təqdim olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş mallara dair qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməli olduğu halda, buna əməl etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, MMC-nin hərəkətlərində İXM-nin 485.2-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar