Məhkəmə qərarları › İş №3(006)-577/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-577/2022

18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-577/2022 18.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Nəsimi RPİ 22-ci PB-nin 20 sentyabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 08 dekabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi RPİ 22-ci PB-nin 20 sentyabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 08 dekabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsini pozduğuna görə Nəsimi RPİ 22-ci PB-nin əməkdaşı tərəfindən barəsində 20 sentyabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında 08 dekabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, həmin protokol və qərar ilə qəti şəkildə razı deyil, çünki o, müvafiq obyektə daxil olarkən içəridə olan adam sayı az olmuş, obyekt sahibinin nəzarətsizliyindən bir müddət sonra içəridə adam sayı artmışdır. Müştərilərin bu hala nəzarət etməsi mümkün deyildir. Bundan əlavə, qanunvericiliklə sıxlıq əmsalı müəyyən olunmadığından şəxslərin müəyyən məkanda maksimum neçə nəfər ola bilməsi müəyyən edilməmişdir. O, həmçinin qoruyucu vasitə olan tibbi maskadan istifadə etmişdir. Bu səbəbdən, həmin protokol və və qərar qanunsuzdur Göstərilənləri nəzərə alaraq, 08 dekabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bundan başqa, Ü.E.Musayev qərardan şikayət vermə müddətinin bərpa edilməsi ilə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, barəsində qəbul edildiyi vaxtdan 05.02.2022-ci il tarixədək olan müddət ərzində təhsili ilə əlaqədar Türkiyə Respublikasında olmuş və buna görə də şikayət vermə müddətini üzrlü səbəbdən ötürmüşdür. Göstərilən halı nəzərə alaraq buraxılmış müddətin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Ü.E.Musayev şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, o, protokol tərtib olunan vaxt fərdi qoruyucu vasitə olan tibbi maskadan istifadə etsə də polis əməkdaşı tərəfindən bu hal nəzərə alınmamışdır. Həmçinin polis əməkdaşı onun oturduğu restoranda adamların sayının çox olması ilə əlaqədar və ona qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələri izah etmədən barəsində əsassız olaraq protokol tərtib etmişdir. Göstərilənləri, tələbə olmasını və maddi vəziyyətinin yaxşı olmamasını nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Nəsimi RPİ 22-ci PB-nə lazımi qaydada məlumat verilsə də, Nəsimi RPİ 22-ci PB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə 22-ci PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 08 dekabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Ü.E.Musayev Azərbaycan Respublikası İXMin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan müddətin bərpa olunması ərizəsindən görünür ki, Ü.E.Musayev barəsində qəbul edildiyi vaxtdan 05.02.2022-ci il tarixədək olan müddət ərzində təhsili ilə əlaqədar Türkiyə Respublikasında olmuş və buna görə də şikayət vermə müddətini üzrlü səbəbdən ötürmüşdür. Göstərilən halı nəzərə alaraq buraxılmış müddətin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ü.E.Musayev 20 sentyabr 2021ci il tarixdə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozması səbəbindən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, məhkəmə iclasında şikayətçinin izahatından da göründüyü kimi həmin tarixdə Ü.E.Musayev fərdi qoruyucu vasitə olan tibbi maskadan istifadə etmişdir. Bundan başqa, şikayətçinin barəsində tərtib edilmiş protokolda işin hallarına tam qiymət verilməmiş, o, tibbi qoruyucu vasitə olan maskadan istifadə etmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ü.E.Musayevin barəsində Nəsimi RPİ 22-ci PB tərəfindən EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar sonuncunun maskadan istifadə etməsinə baxmayaraq qəbul edilmişdir. Bununla da, Ü.E.Musayevin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, «İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin “b” bəndinə əsasən öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; “c” bəndinə əsasən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etməsinə yol verilir. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və Ü.E.Musayevin barəsində əsassız qərar qəbul olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Nəsimi RPİ 22-ci PB-də aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Nəsimi RPİ 22-ci PB-nin 20 sentyabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 08 dekabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Nəsimi RPİ 22-ci PB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Nəsimi RPİ 22-ci PB-nin 20 sentyabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 08 dekabr 2021-ci il tarixli, EPQ ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Nəsimi RPİ 22-ci PB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar