Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-577/2023 17.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin vəkili “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 yanvar 2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs QSC 560.000,00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 430.000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov Şəxs QSC-nin barəsində olan inzibati iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda Şəxs QSC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən sənədlərə əsasən QSC-nin əməlində inzibati xəta hadisəsinin olmadığı müəyyən edilir. Həmçinin bildirmişdir ki, sifariş edilən mallar və xidmətlər qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal və icra edilmiş və həmin sənədlər QSC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Mərkəzi Banka təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin vəkili A.S.Quliyev bildirmişdir ki, Şəxs QSC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Şəxs QSC MMC tərəfindən 560.000,00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürməyə əsasən satın alınmış mallar 24 avqust 2021-ci il tarixli, **********7575 saylı gömrük bəyannaməsi və 05 sentyabr 2022-ci il tarixli aktla ilə, yəni qanunla müəyyən edilmiş müddət ərzində Azərbaycan Respublikasına idxal edilmiş və sifariş edilmiş xidmətlər yerinə yetirilmişdir. Bu halı təsdiq edən sənədləri məhkəməyə təqdim edir. Göründüyü kimi, Şəxs QSC-yə istinad edilən inzibati xəta hadisəsi yoxdur. Göstərilənləri nəzərə alaraq, Şəxs QSC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş **********7575 saylı, xx.xx.2021-ci il tarixli, gömrük bəyannaməsindən görünür ki, Şəxs QSC-nin Azərbaycan Respublikasından kənara köçürdüyü 670.000,00 ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin müqabilində xx.xx.2021-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə xarici şirkət tərəfindən müvafiq mallar ölkəyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 05 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, Şəxs QSC və “X7 X3.LTD” şirkəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli, M-000909 (R1) saylı müqaviləyə əsasən “X7 X3.LTD” şirkətinə ödənilmiş 130.000 (bir yüz otuz min 00 sent) ABŞ dolları məbləğində pulun əvəzində “X7 X3.LTD” şirkətinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Şəxs QSC-nin aldığı Qofro karton istehsal edən avadanlığın quraşdırılması, sazlanması, işə salınması, işlək vəziyyətdə təhvil verilməsi və yerli işçilərə bununla bağlı təlimlərin keçirilməsini həyata keçirdilər. İş materiallarına əlavə edilmiş Şəxs QSC tərəfindən “X6” ASC-yə ünvanlanmış 23 dekabr 2022-ci il tarixli məktubunun surətindən görünür ki, “X7 X3.LTD” şirkəti ilə bağlamış olduqları xx.xx.2020-ci il tarixli M-000909 (R1) saylı müqaviləyə əsasən (müqavilə dəyəri 800.000 ABŞ dollar) xx.xx.2020-ci il tarixdə 560.000 (beş yüz altmış min) ABŞ dolları ümumilikdə tarixdə 800.000 (səkkiz yüz min) ABŞ dolları məbləğində avadanlıq idxal olunmuş və 130.000 (bir yüz otuz min) ABŞ dolları avans məbləği yaranmışdır. Dünyada baş verən Pandemiya və xüsusilə də Çin Respublikasında sərhəd keçid məntəqələrinin bağlı olması səbəbindən “X7 X3.LTD” şirkəti qalan 130.000 (bir yüz otuz min) ABŞ dolları avans dəyərində avadanlıqları bu günə qədər göndərə bilməmişdir. Bütün yazışmalar əsasında “X7 X3.LTD” tərəfindən 130.000 (bir yüz otuz min) ABŞ dolları dəyərində avadanlıqları İtaliya dövlətindəki anbarından 02 (iki) ay müddətində göndərilməsi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs QSC Çin Respublikasında yerləşən “X7 X3.LTD” şirkəti arasında müqavilə bağlanılmış və Şəxs QSC tərəfindən sifariş edilmiş mallar qanunvericiliklə müəyyən edilmiş müddət ərzində ölkə ərazisinə idxal edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar ölkə ərazisinə idxal edildiyi üçün Şəxs QSC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-577/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-577/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver