Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-578/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Ak.Sübhi Salayev küçəsi, ev 37A, mənzil 30; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhər Statistika İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 389-cu maddəsi ilə MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 2022-ci ilin (aylıq) 12xidmət (Xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında) hesabatı dekabr ayı üzrə yanvar ayının 5-ci iş günü saat 13:00-dək dövlət statistika orqanlarına təqdim etməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi X2 izahat verərək bildirdi ki, 2022-ci ilin (aylıq) 12-xidmət (Xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında) hesabatı dekabr ayı üzrə yanvar ayının 5-ci iş günü saat 13:00-dək dövlət statistika orqanlarına təqdim edilməli idi. Yanvar ayının 5-ci iş günü, yəni 11 yanvar 2023-cü il tarixində Bakı Şəhər Statistika İdarəsinin elektron sistemində problem olduğu üçün onlar hesabatı onlayn şəkildə təqdim edə bilməmişlər. Bakı Şəhər Statistika İdarəsi ilə əlaqə saxladıqda onlara günün sonuna kimi gözləmələri, sistemdəki problemin həll olunacağı bildirilmişdir. Lakin həmin gün problem həll olunmamış və hesabatı təqdim etməli olduqları müddət keçmişdir. Daha sonra Bakı Şəhər Statistika İdarəsindən onlara sistemdəki problem aradan qalxdıqdan sonra hesabatı təqdim etmək üçün müəyyən olunmuş müddətin uzadılcağı bildirilmiş, bu səbəbdən də onlar gözləməli olmuş, lakin vaxt uzadılmamışdır. Sonradan isə onlara hesabatı kağız formasında təqdim etmələri bildirilmiş, onlar da 18 yanvar 2023-cü il tarixdə hesabatı Bakı Şəhər Statistika İdarəsinin elektron poçt ünvanına göndərmişlər. Hesabat Bakı şəhər Statistika İdarəsi tərəfindən qəbul edilmiş və bu barədə onların elektron poçt ünvanına cavab gəlmişdir. İnzibati xətanın Şəxs MMC-nin təqsirindən baş vermədiyini nəzərə alaraq məhkəmədən Şəxs MMC barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Müvafiq sistemdən olan çıxarışa əsasən Şəxs MMC tərəfindən 2022-ci ilin (aylıq) dekabr ayı üzrə 12-xidmət (Xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında) hesabatı vaxtında təqdim edilməmişdir. - Şəxs MMC tərəfindən məhkəməyə təqdim olunmuş müvafiq sistemdən çıxarışdan görünür ki, 2022-ci ilin (aylıq) dekabr ayı üzrə 12-xidmət (Xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında) hesabatı 18 yanvar 2023-cü il tarixdə Bakı Şəhər Statsitika İdarəsinin elektron poçt ünvanına göndərilmiş və hesabat Bakı Şəhər Statistika İdarəsi tərəfindən qəbul edilmişdir. Məhkəmə, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 2022-ci ilin (aylıq) dekabr ayı üzrə 12-xidmət (Xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında) rəsmi statistika hesabatı üzrlü səbəbdən 7 gün gecikmə ilə təqdim edimişdir. Bununla da, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri sübuta yetirilmir. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə görə dövlət statistika orqanlarına öz vəzifələrini yerinə yetirmək üçün statistik müşahidələrin aparılması üçün məlumatlar təqdim etməyən, yaxud məlumatları gecikdirməklə və ya təhriflə təqdim edən, statistik sirri yayan şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati icraat başlamaq və inzibati tənbeh tədbirləri tətbiq etmək hüququ verilir. Həmin Qanunun 11-ci maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2013-cü il tarixli, 132/09 saylı qərarı ilə təsdiq edilmiş “Xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında” 12-xidmət №-li aylıq/rüblük rəsmi statistika hesabatı forması”nda (Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində xx.xx.2013cü il tarixdə **********0132 nömrə ilə qeydiyyata alınmışdır) göstərilmişdir ki, hesabat əsas fəaliyyəti xidmətlərin göstərilməsi olan hüquqi şəxslər (onların filial və nümayəndəlikləri) tərəfindən yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real vaxt rejimində təqdim edilir: kiçik, orta və iri sahibkarlıq subyektləri aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 5-ci iş günü saat 13:00-dək; mikro sahibkarlıq subyektləri rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 20- dək. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən ölkə ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Şəxs MMC-nin əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 53,114-115, 128-130 və 389-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-578/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-578/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver