Məhkəmə qərarları › İş №3(006)-58/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-58/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-58/2025 23.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəxs MMC barəsində tərtib etdiyi 20 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. 20 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12:52-də ünvan 1 ünvanında Şəxs MMC-yə məxsus klinikada keçirilən plandankənar yoxlama zamanı dövlət sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktiki fəaliyyətlə məşğul olma faktı aşkarlanmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili X8 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin komissiyası tərəfindən Şəxs MMC-nin nəzdində olan “Mərcan Medicare klinika”da X2 215.4-cü maddəsinə əsasən yoxlama keçirilmişdir. Yoxlama nəticəsində klinikada çalışan X4 “Plastik cərrahiyyə” ixtisası üzrə plastik cərrah kimi fəaliyyət göstərmək üçün qanunla müəyyən edilmiş qaydada sertifikasiyadan keçmədiyini əsas gətirərək Şəxs MMC barəsində X2 215.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN №1743548 saylı protokol tərtib edilmişdir. Qeyd olunan hazırda baxılıb qanuni qərar qəbul edilməsi məqsədi ilə icraatınıza qəbul edilmiş və baxılması üçün xx.xx.2025-ci il tarixinə təyin edilmişdir. Lakin aşağıda qeyd edəcəyimiz əsaslara görə Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN №1743548 saylı protokolun tam şəkildə əsassız və qanunsuzdur. Belə ki, klinikada çalışan X9 2018-ci il tarixdə Rusiya Federasiyası “X10 universiteti” ali təhsilin Federal dövlət muxtar təhsil müəssisəsinin (RXDU) Plastik cərrah fakültəsini bitirmiş və bunu təsdiq edən Ordinaturanı bitirmə haqqında diplom əldə etmişdir. Bundan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli SM-03 saylı “X11” arayışından görünür ki, Plastik Cərrahiyə ixtisası üzrə həkim mütəxəssis kimi X5 azad təyinat verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə 4446 saylı, xx.xx.2024-cü il tarixli Şəhadətnaməsindən də görünür ki, X9 qanunvericiliyin tələbinə uyğun olaraq, Plastik cərrahiyə üzrə tibb fəaliyyəti ilə məşğul ola bilər. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət olunaraq, X9 aldığı şəhadətnamə ilə (şəhadətnamə № 4446) plastik cərrahiyyə fəaliyyəti ilə məşğul ola bilməsi, X9 aldığı şəhadətnamədən sonra (verilmə tarixi xx.xx.2024-cü il) nə vaxt sertifikasiyadan keçməli olub olmaması barədə soruşsalar da bu barədə hər hansı əsaslandırıcı bir cavab verilməmişdir. ŞəxsMMC barədə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı protokolun təmin edilməməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X6 protokolun məzmununa uyğun izahat verərək, hüquqi şəxsin işçisinin ali təhsil sənədini aldıqdan sonra (xx.xx.2018-ci il tarix) 5 il keçdikdən sonra sertfikasiyadan keçmədiyini və bu səbəbdən müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamış, bu səbəbdən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin vəkilinin və əvvəlki məhkəmə iclasları zamanı səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində Şəxs MMC-nin təqsiri araşdırılmış sübutlarla öz təsdiqini tapmır və bu səbəbdən iş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2024-cü il tarixli, KY242263351 nömrəli çıxarışdan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən Şəxs MMC xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3- 28-1/3-2-1296/2024 nömrəli qərardan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən Şəxs MMC (Mərcan Klinikası) xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşlarının və MMC-nin qanuni təmsilçisinin iştirakları ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 722 saylı plandankənar (növbədənkənar) yoxlama aktından görünür ki, X1 şəhadətnaməsi olmadan tibb fəaliyyəti aşkar edilmişdir. 107724 017891 nömrəli X10 Universiteti (RUDN) tərəfindən verilmiş ordinatura bitirilməsinə dair diplomdan görünür ki, Dövlət İmtahan Komissiyasının Qərarı ilə X5 həkim-plastik cərrah ixtisası verilmiş, qeyd olunan diplom 20 sentyabr 2018-ci il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi və Əczaçılıq Fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə 05 aprel 2024-cü il tarixdə verilmiş, 4446 nömrəli Şəhadətnamənin surətindən görünür ki, X9 əsas “Plastik cərrahiyyə” ixtisası üzrə tibbi (əczaçılıq) fəaliyyəti ilə məşğul ola bilər. xx.xx.2024-cü il tarixli ******* registr kodlu X9 barəsində verilmiş elektron şəxsi vərəqədən görünür ki, X9 2015-ci il tarixdə X15-Stomatoloji Universitetində müalicə işi fakültəsi üzrə baza ali tibbi təhsili, 2018-ci il tarixdə X10 Universitetində ordinatura təhsilini plastik cərrahiyə ixtisası üzrə bitirmiş, 2023-cü il tarixdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müalicə işi ixtisası üzrə plastik cərrahiyə mövzusunda 26 həftəlik kurs keçmiş, xx.xx.2024-cü il tarixdən isə "xxxx" MMC-də plastik cərrah vəzifəsində işləyir. Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilkin olaraq yuxarıda qeyd olunan maddənin dispozisiyasında sadalanan xüsusatlara, yəni –

1. sertfikasiyadan keçmə qaydalarına;

2. praktiki tibb əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsində Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertfikasiyasına dair qaydalar müəyyən edilmişdir. Qeyd olunan maddənin 3-cü bəndində “Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilməsi və 4-cü bəndində isə sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilməməsi təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, qeyd olunan iş üzrə hüquqi şəxsin işçisi isə X9 müalicə işi üzrə baza ali tibb təhsilini və ordinatura (Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən rezidentura) təhsilini məhz xarici ölkədə - Rusiya Federasiyasının müvafiq təhsil müəssisəslərində bitirimiş və buna dair 20 sentyabr 2018-ci il tarixdə diplom verilmiş, 2023-cü il tarixdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müalicə işi ixtisası üzrə plastik cərrahiyə mövzusunda 26 həftəlik kurs keçmiş, 05 aprel 2024-cü il tarixdə 4446 nömrəli Şəhadətnamə ilə əsas “Plastik cərrahiyyə” ixtisası üzrə tibbi (əczaçılıq) fəaliyyətinə buraxılmış və xx.xx.2024-cü il tarixdən isə "xxxx" MMCdə plastik cərrah kimi fəaliyyətə başlamışdır. Hazırkı inzibati xəta haqqında iş üzrə isə səlahiyyətli orqan tərəfindən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol “20 sentyabr 2018-ci il tarixdən 20 sentyabr 2023-cü il tarixədək dövrdən” sonra hüquqi şəxsin işçisinin məhz yuxarıda qeyd olunan 5 illik sertfikasiyadan keçməməsi əsası ilə tərtib edilmişdir. Məhkəmə müdafiə tərəfinin X4 tibbi fəaliyyəti ilə məşğul olmaq hüququnun Səhiyyə Nazirliyi tərəfindən verilən Tibbi və Əczaçılıq Fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamənin verildiyi tarixdən hesablanmalı olması ilə bağlı mövqeyini qəbul edir. Belə ki, hazırki halda xarici ölkədə təhsilini başa vuran tibb işçisinin sertifikasiyaya cəlb edilmə müddətinin başlanğıcının onun təhsilini təsdiq edən sənədin verildiyi gündən hesablanması ədalətli yanaşma olmazdı. Çünki, xarici təhsil müəssisəsinin verdiyi sənəd özlüyündə Azərbaycan Respublikası ərazisində tibbi fəaliyyətlə məşğul olmağa hüquq vermir və yalnız Səhiyyə Nazirliyi tərəfindən verilən Tibbi və Əczaçılıq Fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə verildikdən sonra belə bir hüquq yaranır. Belə olan halda, sahibinə ölkə ərazisində əsas mahiyyəti üzrə hər hansı hüquq verməyən sənədin onun əleyhinə sahibi üçün vəzifələr doğurması ağlabatan hesab edilə bilməz. Buna görə də, hər bir dövlət öz milli standartlarını tətbiq edərək xarici dövlətlərdə alınmış diplomların ekvivalentliyinin tanınmasını həyata keçirir ki, qeyd edilən tanınma (hazırkı iş üzrə şəhadətnamənin verilməsi) həmin sənədə bir növ hüquqi etibarlılıq vermiş olur və müvafiq ölkə qanunvericiliyindən irəli gələn hüquq və vəzifələr də məhz həmin andan yaranmış olur. Bu, həm də səhiyyə sahəsində ictimai maraqlardan irəli gəlir. Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” 26 iyun 1997-ci il 360-İQ saylı Qanuna əsasən Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda, xarici ölkələrdə hazırlıq keçmiş tibb və əczaçılıq işçiləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxıla bilərlər. Məhkəmə qeyd edir ki, yuxarıda adı çəkilən Qanunda belə Azərbaycan Respublikasında və xarici ölkələrdə təhsil alan şəxslərin tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılmalarına dair fərqli qaydalar müəyyən edildiyi görsənir. Belə ki, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 1999-cu il tarixli 5 saylı Qərarında Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydaları göstərilmişdir. Qeyd olunan Qaydalara görə xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. qərara əsasən müraciət etmiş şəxsə Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə verilir. Qeyd olunan arayış, tədris müəssisəsini bitirmək haqqında diplomun təqdim edilməsi şərtilə, hüquqi şəxslə (işə götürənlə) əmək müqaviləsinin bağlanmasına və ya müvafiq qaydada lisenziya alınmasına icazə verir. “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 108 nömrəli qərarının 1.4-cü bəndində qeyd edilib ki, ali və orta ixtisas tibb təhsil müəssisələrim, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifıkasiyadan keçmirlər. Məhkəmə yuxarıda sadalanan normalara istinad edərək qeyd edir ki, səlahiyyətli orqanın xarici ölkələrdə təhsil almış şəxslər barəsində diplomun verildiyi tarixdən sonra 5 illik sertfikasiya müddəti Azərbaycan Respublikasında təhsil almış şəxslərə münasibətdə olan qaydalarla tənzimlənmədiyindən, onların təhsilini bitirmələrinə dair sənədin verilmə tarixinin Səhiyyə Nazirliyi tərəfindən verilən Tibbi və Əczaçılıq Fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamənin verildiyi tarixdən hesablanmalı (bu işə münasibətdə 05 aprel 2024-cü il tarixdən), məhz şəhadətnamənin verildiyi tarixdən 5 il keçdikdən sonra qeyd olunan şəxslər sertfikasiyaya cəlb olunmalıdırlar (qeyd olunan Qərarın 1.4-cü bəndində nəzərdə tutulan beş il müddət keçməmişdir.) Eyni zamanda məhkəmə qeyd edir ki, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi, həmin xəta təqsirli olaraq törədildikdə və həmin xəta üzrə şəxsin təqsiri sübuta yetirildikdə inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırki iş üzrə Şəxs MMC-nin təqsiri müəyyən olunmur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 20 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə tərtib edilmiş 20 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar