Məhkəmə qərarları › İş №3(006)-581/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-581/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-581/2023 19.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 noyabr 2015-ci il tarixli, 2(006)- 6137/2015 saylı, 05 aprel 2016-cı il tarixli, 2(006)-1150/2016 saylı və 04 mart 2016-cı il tarixli, 2(006)-1204/2016 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 05 aprel 2016-cı il tarixli, 2(006)-1150/2016 saylı icra vərəqəsinə əsasən ondan 56630 manat məbləğində pul vəsaitinin alınıb zərərçəkmiş şəxs X1 verilməsi, həmin məhkəmənin 16 noyabr 2015-ci il tarixli, 2(006)-6137/2015 saylı icra vərəqəsinə əsasən ondan 300000 manat məbləğində pul vəsaitinin alınıb zərərçəkmiş şəxs X2 verilməsi və həmin məhkəmənin 04 mart 2016-cı il tarixli, 2(006)-1204/2016 saylı icra vərəqəsinə əsasən ondan 43400 manat məbləğində pul vəsaitinin alınıb zərərçəkmiş şəxs X3 verilməsi qət edilmişdir. Həmin icra sənədlərinin verilməsinə əsas olan qətnamələrdən xəbəri olsa da, icra üzrə ödənişləri tam etmək üçün maddi imkanı olmamışdır. Borclu olduğu Günay Xəlilovanın ona qarşı şikayəti yoxdur. Buna baxmayaraq, icra sənədləri üzrə qismən ödənişlər etmiş və qalan borc üzrə ödənişləri hissə-hissə ödəmək imkanına malikdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru X5 bildirdi ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 05 aprel 2016-cı il tarixli, 2(006)- 1150/2016 saylı icra vərəqəsinə əsasən Şəxs 56630 manat məbləğində pul vəsaitinin alınıb zərərçəkmiş şəxs X1 verilməsi, həmin məhkəmənin 16 noyabr 2015-ci il tarixli, 2(006)-6137/2015 saylı icra vərəqəsinə əsasən Şəxs 300000 manat məbləğində pul vəsaitinin alınıb zərərçəkmiş şəxs X2 verilməsi və həmin məhkəmənin 04 mart 2016-cı il tarixli, 2(006)-1204/2016 saylı icra vərəqəsinə əsasən Şəxs 43400 manat məbləğində pul vəsaitinin alınıb zərərçəkmiş şəxs X3 verilməsi qət edilmişdir. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və qanunla müəyyən olunmuş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarların surəti bildirişlərlə bərabər borclu Şəxs icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarların surətini və bildirişləri qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra üzrə ödənişləri tam olaraq yerinə yetirməkdən yayınmışdır. Hal-hazırda tələbkarlar məhkəmə qərarının icra edilməsini tələb edir. Müxtəlif dövlət orqanlarına sorğular verilsə də, borclu Şəxs adına heç bir əmlak müəyyən edilməmişdir. Borclu tərəfindən icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Nəsimi rayon məhkəməsinin 2(006)-1150/2016 saylı 05 aprel 2016-cı il tarixli, 2(006)-6137/2015 saylı 16 noyabr 2015-ci il tarixli və 04 mart 2016-cı il tarixli, 2(006)-1204/2016 saylı icra vərəqələrinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 05 aprel 2016-cı il tarixli, 2(006)-1150/2016 saylı icra vərəqəsinə əsasən Şəxs 56630 manat məbləğində pul vəsaitinin alınıb zərərçəkmiş şəxs X1 verilməsi, həmin məhkəmənin 16 noyabr 2015-ci il tarixli, 2(006)-6137/2015 saylı icra vərəqəsinə əsasən Şəxs 300000 manat məbləğində pul vəsaitinin alınıb zərərçəkmiş şəxs X2 verilməsi və həmin məhkəmənin 04 mart 2016-cı il tarixli, 2(006)-1204/2016 saylı icra vərəqəsinə əsasən Şəxs 43400 manat məbləğində pul vəsaitinin alınıb zərərçəkmiş şəxs X3 verilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərarlardan, eyni tarixli “Tələbin könüllü icrası haqqında” bildirişlərdən və izahatdan görünür ki, Şəxs barəsində “İcraata başlamaq haqqında” qərarlar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlər göndərilmiş, lakin borclu maddi imkanı olmadığından ödəniş edə bilməyəcəyini bildirmişdir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. Şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar