Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-581/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan Şəxs nümayəndəsi X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq Departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi tərəfindən 30 yanvar 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs 2337077,32 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 14 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 14078,54 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X3 məhkəməyə yazılı izahat təqdim edərək bildirmişdir ki, “Maqnitoqorskiy Metallurqiçeskiy” Kombinatı ilə Şəxs MMC arasında 09 avqust 2019-cu il tarixində, № B239928 saylı müqavilə bağlanmışdır. Bundan sonra malların alışı ilə bağlı Şəxs MMC tərəfindən 14 yanvar 2022-ci il tarixində 2,337,077.32 USD ödəniş edilmişdir. Ödəniş həyata keçirildikdən sonra 2,322,998.78 USD dəyərindəki mallar hissə-hissə Şəxs MMCyə təhvil verilmişdir. Lakin müqavilə bağlandıqdan sonra baş verən hadisələr, xüsusilə də Rusiya-Ukrayna müharibəsi, buna görə tətbiq edilən sanksiyalar və digər səbəblərdən müqavilə tam icra olunmamış, 14,078.54 USD dollar dəyərindəki mallar Şəxs MMC-yə təhvil verilməmişdir. Mallar tam təhvil verilmədiyindən qarşı tərəflə müqavilənin icra edilməmiş hissəsinin geri qaytarılması ilə bağlı danışıqlar aparılmışdır. Danışıqların nəticəsi olaraq, qarşı tərəfdən daxil olmuş 12 fevral 2024-cü il tarixli, Na QEP-35/0017 saylı məktuba əsasən, müqavilənin icra edilməmiş hissəsinin 29 mart 2024-cü il tarixinə qədər geri ödəniləcəyi bildirilmişdir. Müvafiq məsələ ilə bağlı tərəflərindən 2337077,32 ABŞ dolları ödəniş edilmiş, 2322,998,78 ABŞ dolları dəyərindəki mallar, yəni əvvəlcədən dəyəri ödənilmiş malların böyük hissəsi Şəxs MMC-yə təhvil verilmişdir. Qarşı tərəf malların təhvil verilməmiş hissəsinin ödənişini isə qısa müddətə geri ödəməyi öhdəsinə götürmüşdür. Şəxs MMC müvafiq valyuta vəsaitinin geri qaytarılmamasında təqsirli deyil. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş köçürmə haqqında ərizənin surətindən görünür ki, Şəxs tərəfindən “X1” şirkətinin müvafiq bank hesabına 2337077,32 ABŞ dolları ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş "xxxx" ASC tərəfindən Şəxs sorğusuna əsasən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, PB/VB-OUT-00770-2024 saylı arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli 2337077,32 ABŞ dolları avans ödənişindən **********3985, **********0401, **********7599, **********5894, **********9816 nömrəli yük gömrük bəyannamələri əsasında açıq qalan 14.078,54 ABŞ dolları hissə xx.xx.2024-cü il tarixdə VTB bank hesabına qaytarılan vəsait ilə bəyan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş 30 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilsə də, Şəxs tərəfindən 14.078,54 ABŞ dolları məbləğində vəsait xx.xx.2024-cü il tarixdə VTB bank hesabına qaytarılan vəsait ilə bəyan edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi baş vermədiyindən Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-581/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-581/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver