Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-584/2025 31.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında 19-cu polis şöbəsinin sahə inspektoru protokolu tərtib etmiş şəxs: X1 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, Lənkəran rayonu, Lənkəran şəhəri, Füzuli küçəsi, ev 46-da qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, ev 02, mənzil 117-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs 31 yanvar 2025-ci il tarixdə polis əməkdaşının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə inspektoru X6 izahatında göstərdi ki, Bakı Şəhər X13nin yol-patrul xidməti əməkdaşları xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsində xidmətdə olarkən saat 03:13 radələrində “Mitsubishi” markalı, **-DZ-*** və “Volkswagen” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin yüksək sürətlə idarə olunduğunu görüb dərhal onların arxasınca hərəkət etmiş və hər iki nəqliyyat vasitəsinin sürücüsünə “saxla” əmri verilmişdir. Sonra onlar sürücülərə yaxınlaşıb yaşayış məntəqəsində qoyulmuş sürət həddini aşdıqlarını və qərəzli şəkildə manevr qaydalarını pozduqlarını bildirərək nəqliyyat vasitələrinin Baş Dövlət Yol Polis İdarəsinin mühafizə olunan duracağına yerləşdirilməli olmağını söyləmiş, lakin sürücülər polisin qanuni tələbinə tabe olmamışlar. Bu barədə dərhal Növbətçi Hissəyə məlumat verilmiş və sürücülər ərazi üzrə 19-cu polis şöbəsinə aparılmış, nəqliyyat vasitələri isə mühafizə olunan duracağa yerləşdirilmişdir. Növbətçi hissədə “Mitsubishi” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs və “Volkswagen” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 olduğu müəyyən edilmişdir. Bu səbəbdən də hər iki sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Şəxs məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə dostu X5 ilə metronun “İnşaatçılar” stansiyasının yaxınlığında çayxanada olarkən qəfildən sonuncuya zəng gəlmiş və uşağına təcili həkim lazım olduğundan o, “Volkswagen” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək evinə yollanmışdır. O da Ruslana kömək etmək məqsədilə onun ardınca getməyi qərarlaşmış və “Mitsubishi” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun arxasınca sürmüşdür. Tələskənlik olduğundan yolda bir qədər avtomobilləri surətlə idarə etmişlər və bu zaman Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsində olan körpünün üzərindən keçdikdən sonra yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışlar. Polis əməkdaşı ona maşını surətlə sürdüyü üçün nəqliyyat vasitəsini duracağa yerləşdirəcəyini bildirmiş, o isə buna görə belə qaydanın nəzərdə tutulmadığını və əgər xətası varsa protokolun yazılmasını bildirmiş, lakin polis əməkdaşı təkidlə avtomobilini duracağa aparacağını söyləmişdir. O da buna etiraz edəndə əlavə polis çağırılmış və o, şöbəyə aparılmışdır. O, polis əməkdaşına hər hansı bir tabesizlik göstərməmiş, sadəcə olaraq avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı tələbin qanunsuz olduğu üçün buna etiraz etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru X7 izahatında göstərdi ki, o, X4 ilə birlikdə xidmətdə olarkən xx.xx.2025-ci il tarixdə, təxminən saat 03:13 radələrində A.Salamzadə küçəsində iki nəqliyyat vasitəsinin yüksək sürətlə idarə olunduğunu görmüşlər. Dərhal onların arxasınca hərəkət edərək hər iki nəqliyyat vasitəsinin sürücüsünə “Saxla” əmri verilmişdir. Onlar həmin sürücülərə yaxınlaşmış, özlərini təqdim etmiş və onlara yaşayış məntəqəsində qoyulmuş sürət həddini aşdıqlarını və qərəzli şəkildə manevr qaydalarını pozduqlarını bildirmişlər. Daha sonra nəqliyyat vasitələrinin Baş Dövlət Yol Polis İdarəsinin mühafizə olunan duracağına təmin olunması izah edilmiş, lakin sürücülər polisin qanuni tələbinə tabe olmamışlar. Bu barədə dərhal Növbətçi Hissəyə məlumat verilmiş, onlar ərazi üzrə 19-cu polis şöbəsinə aparılmış, nəqliyyat vasitələri isə mühafizə olunan duracağa yerləşdirilmişdir. Məhkəmədə şahid X4 şahid X2 izahatına uyğun izahat verdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Məhkəmədə müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 03:13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsində qoyulmuş sürət həddini aşdığı üçün saxlanılmış, ona avtomobilin duracağa aparılacağı bildirildiyi üçün o yol verdiyi xətaya görə bunun nəzərdə tutulmadığına görə məsələyə etiraz etmiş, bu mövzuda yaranmış mübahisə ilə əlaqədar o, polis şöbəsinə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 96.1-ci maddəsinə görə fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır: dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda (96.1.1-ci maddə); nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə (96.1.2-ci maddə); dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə (96.1.3-cü maddə); dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda (96.1.4-cü maddə); nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda (96.1.5-ci maddə); yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda (96.1.6-cı maddə); icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə (96.1.7-ci maddə). Göründüyü kimi, Şəxs yol verdiyi inzibati xətaya görə onun nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılması və avtomobilin duracağa aparılmasına dair polis əməkdaşının tələbi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun və qanuni olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, onun həmin tələbə etiraz etməsi polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. İnzibati Xətalar Məcəlləsinə əsasən: • Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3-cü maddə); • Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8-ci maddə); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (84-cü maddə). Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibat xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-584/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-584/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver