Məhkəmə qərarları › İş №3(006)-589/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-589/2021

23.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-589/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi Kayman adalarının “X10” şirkətinin filialının səlahiyyətli nümayəndəsi X1, qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X11 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, X11 Xidmətinin Salyan Regional Ərazi Şöbəsinin 01 fevral 2021ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Kayman adalarının Kayman adalarının “X10” şirkətinin filialının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kayman adalarının “X10” şirkətinin filialının nümayəndəsi Nümayəndə şikayətlə məhkəməyə müraciət edərək X11 Xidmətinin Salyan Regional Ərazi Şöbəsinin 01 fevral 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-589/2021 saylı, 25 fevral 2021-ci il tarixli qərarı ilə “X10” şirkətinin filialının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin qərardan verilmiş apelyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1006/2021 saylı, 04 may 2021 saylı Qərarı ilə şikayət qismən təmin edilməklə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-589/2021 saylı, 25 fevral 2021-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X11 Xidmətinin Salyan Regional Şöbəsinin 21 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və 01 fevral 2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən işçinin əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə və işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə Kayman adalarının “X10” şirkətinin filialının vəzifəli şəxsi Vladimir Davlyatov (bundan sonra “Əməliyyat Şirkəti”) İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilmiş və həmin maddəyə əsasən 1.500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin protokol və qərar tamamilə əsassızdır və məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, Əməliyyat Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “X4” və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında 12 sentyabr 2000-ci il tarixində bağlanmış Azərbaycan Respublikasında Mişovdağ və Kəlaməddin neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin (bundan sonra “Saziş”) 9-cu maddəsinə uyğun təsis edilmiş Kayman adalarının “X10” şirkətinin filialı podratçıların adından neft-qaz əməliyyatlarının aparılması üzrə fəaliyyət göstərir. Saziş 22 noyabr 2000-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilərək Qanun statusunu almışdır. Əmək Müfəttişliyinin qəbul etdiyi protokol və qərarın əsasını hal-hazırda qüvvədə olmayan, Əməliyyat Şirkətinin işçisi X5 (bundan sonra “İşçi”) ilə 2004-cü il tarixdə imzalanmış müqaviləyə qanunvericiliyin tələblərinin pozularaq xitam verilməsi və işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularının yol verilməsi təşkil etmişdir. İşçinin əmək müqaviləsinə xitam verilməsinin əsasını aşağıdakılar təşkil etmişdir. Belə ki, bu barədə Əməliyyat Şirkətinin rəhbərliyinə 05 noyabr 2020-ci il tarixdə Xidməti yazı ünvanlanmış, həmin sənədə əsasən işçi 04 noyabr 2020-ci il tarixdə əmək funksiyalarını kobud surətdə pozaraq iş vaxtı ərzində işçilərin qanunsuz toplaşmalarına yol verərək özünün əmək funksiyalarını yerinə yetirməmiş, tabeçiliyində olan işçilərin istehsalat və məişət problemlərinin həlli istiqamətində heç bir tədbir görməmiş, bununla bağlı Əməliyyat Şirkətinin filialının rəhbərini məlumatlandırmamış, Şirkətin filialının rəhbərinin 175- AZ saylı, 12 iyun 2020-ci il tarixli əmrinin tələblərinə riayət etməmiş, bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi Karantin rejimi ilə bağlı Əlavə Tədbirlər barədə” 336 saylı, 12 sentyabr 2020-ci il tarixli Qərarının tələblərini kobud şəkildə pozmuşdur. Nəticədə işçi Şaiq Səmədov və Əməliyyat Şirkəti arasında bağlanmış əmək müqaviləsinə yuxarıda qeyd olunan əsaslarla 27 noyabr 2020-ci il tarixində 32X-OK saylı əmr ilə xitam verilmişdir. Sözügedən əmr əsasında işçiyə Əməliyyat Şirkətinin filialında işlədiyi dövr ərzində istifadə etmədiyi məzuniyyət günləri, əmək haqqı ödənilməyən iş günləri və digər ödənişləri üzrə pul əvəzi və əmək haqqı qanunvericiliyin tələblərinə riayət edilməklə ödənilmişdir. İnzibati tənbeh vermə haqqında qərarın tərtib edilməsi üçün yaranmış əsasların araşdırılması zamanı Əmək Müfəttişliyi tərəfindən Əməliyyat Şirkətinə **********5 saylı, 21 dekabr 2020-ci il tarixli məktub ünvanlanmış, daxil olmuş məktubda qeyd edilmiş hallar Şirkət rəhbərliyi tərəfindən müvafiq qaydada araşdırılmış və 04-2/696 saylı, 28 dekabr 2020-ci il tarixli məktuba əlavə edilmiş sənədlərdə işçinin iddiasının əsassız olduğu, əmək müqaviləsinə qanunvericiliyinin qaydalarına əməl edilərək xitam verilməsi və işçinin əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində nöqsanlara yol verilməməsi və qanunvericiliyin tələblərinə tam riayət edilməsi halı aydın şəkildə bildirilsə də, Əmək Müfəttişliyi bu məlumatlara nəzər yetirməmiş və nəticədə əsassız qərar qəbul etmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Digər tərəfdən, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmaması faktı sübuta yetirilmişdir. Bundan əlavə, hazırki qərarın predmetini təşkil edən mübahisə üzrə işçi tərəfindən hər hansı iddia ilə məhkəməyə müraciət edilməmiş və qeyd edilmiş əsaslar üzrə hər hansı məhkəmə qərarı qəbul edilməmişdir. Odur ki, qeyd edilən səbəblərə görə qəbul edilmiş protokol və qərarın əsasını təşkil edən təqsir Əməliyyat Şirkəti tərəfindən törədilmədiyindən həmin protokol və qərar qanunsuz hesab edilməli və məhkəmə qaydasında ləğv edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X11 Xidməti Salyan Regional Şöbəsinin 21 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş 01 fevral 2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Kayman adalarının “X10” şirkətinin filialının nümayəndəsi X6 yazılı izahat təqdim edərək onun məzmununa uyğun bildirmişdir ki, Kayman adalarının "X10” şirkətinin filialının rəhbərinə 05.11.2020-ci il tarixdə müvafiq şöbə rəhbərləri tərəfindən xidməti yazı ünvanlanaraq bildirilmişdir ki, ‘‘X10" şirkətinin filialında Tikinti quraşdırma sexinin rəisi vəzifəsində işləyən X7 04.11.2020-ci il tarixdə əmək fuksiyalarını kobud surətdə pozaraq iş vaxtı ərzində işçilərin qanunsuz toplaşmalarına yol verərək özünün əmək funksiyalarını yerinə yetirməmiş, tabeçiliyində olan işçilərin istehsalat və məişət problemlərinin həlli istiqamətində heç bir tədbir görməmiş, bununla bağlı Əməliyyat şirkətinin filialının rəhbərini məlumatlandırmamışdır. Şirkətin filialının rəhbərinin 175-AZ saylı, 12 iyun 2020-ci il tarixli əmrinin tələblərinə riayət etməmiş, bundan əlavə Nazirlər Kabinetinin “Xüsusi Karantin rejimi ilə bağlı Əlavə Tədbirlər" barədə 336 saylı, 12 sentyabr 2020-ci il tarixli Qərarının tələblərini kobud şəkildə pozmuşdur. Nəticədə işçi Şaiq Səmədov və Şirkət arasında bağlanmış əmək müqaviləsinə yuxarıda qeyd olunan əsaslarla 27 noyabr 2020-ci il tarixində 32X-OK saylı əmr ilə xitam verilmişdir. Əmr əsasında işçiyə Şirkətdə işlədiyi dövr ərzində istifadə etmədiyi məzuniyyət günləri, əmək haqqı ödənilməyən iş günləri və digər ödənişləri üzrə pul əvəzi və əmək haqqı qanunvericiliyinin tələblərinə riayət edilməklə ödənilmişdir. Əmr verildikdən sonra işçi - Səmədov Şaiqin şikayəti əsasında X11 tərəfindən Şirkətimizə zəruri sənədlərin təqdim olunması tələbi ilə məktub daxil olmuş, məktubda qeyd edilmiş hallar Şirkət tərəfindən müvafiq qaydada araşdırılmış və 04-2/696 saylı məktuba əlavə edilmiş sənədlərdə işçinin iddiasının əsassız olduğu, əmək müqaviləsinə qanunvericiliyin qaydalarına əməl edilərək xitam verilməsi və işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində nöqsanlara yol verilməməsi və qanunvericiliyin tələblərinə tam riayət edilməsi halı aydın şəkildə bildirilsə də, X11 Xidməti Salyan Regional Şöbəsinin 21.01.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 01.02.2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. X11 Xidmətinin inzibati xəta haqqında protokolunda İXM-nin iki maddəsi, yəni 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanıın pozuntularına yol verilməsinə görə) və 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddələri göstərilmişdir. Araşdırma zamanı Şirkət tərəfindən X11 Xidmətinə işçinin son haqq-hesabın hesablanmasına dair Arayış təqdim olunduğu və hesablamalarda heç bir səhvə yol verilmədiyi üçün X11 Xidməti İnzibati tənbeh vermə haqqında qərarda İXM-nin 192.6-cı maddəsi ilə 1500 manat məbləğində Şirkət rəhbərini cərimə etmişdir. İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə gəldikdə isə onu qeyd etmək istəyirik ki, X5 tamamilə Əmək Qanunvericiliyinin tələblərinə riayət etməklə işdən azad edilmişdir və onun ”işə bərpa tələbinə dair'’ iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında artıq baxılmış və məhkəmə tərəfindən hərtərəfli və ətraflı araşdırma aparılaraq Səmədov Şaiqin iddia ərizəsi qətnamə ilə təmin edilməmişdir. Həmin qətnamədən və hazırki inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qərarından aydın olur ki, Şirkət tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir və X11 pozuntunun nədən ibarət olmasını nə izah, nə də sübut edə bilməmişdir. İşin mahiyyəti ondan ibarətdir ki, işçi X5 tərəfindən Şirkətin filialının rəhbərinin №175-AZ, 12 iyun 2020-ci il tarixli əmrinin tələbləri pozulmuşdur. Qeyd olunan əmrə əsasən o, struktur bölməsi rəhbəri kimi işçilərin əmək funksiyalarının yerinə yetirmələrinə, çox sayda işçilərin bir yerdə toplaşmalarına yol verilməməsi üçün tədbirlər görməli idi. Bundan əlavə tabeliyində olan işçilərin iş vaxtı ərzində qanunsuz olaraq toplaşmalarına şərait yaratmaqla Ş.Səmədov tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi Karantin rejimi ilə bağlı Əlavə Tədbirlər barədə” 336 saylı, 12 sentyabr 2020-ci il tarixli Qərarının tələbləri də kobud şəkildə pozulmuşdur. Əlavə olaraq “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli fərmanına əsasən Respublika ərazisində hərbi vəziyyət mövcud olduğundan Ş.Səmədov tərəfindən həmin Qanunun tələbləri də pozulmuşdur. Belə ki, qeyd olunan Qanuna əsasən hərbi vəziyyət rejimində mülkiyyət və təşkilati - hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar xüsusi iş rejiminə keçirilir və bütün növ yığıncaqlar, mitinqlər, küçə yürüyüşləri, nümayişlər və piketlər, habelə digər kütləvi tədbirlərin keçirilməsi qadağan edilir. Bütün bunlara baxmayaraq Şirkətin filialının Tikinti-Quraşdırma sexinin rəisi X5 özünün əmək funksiyalarını yerinə yetirməmiş, tabeçiliyində olan işçilərin istehsalat və məişət problemlərinin həlli istiqamətində heç bir tədbir görməmiş, bununla bağlı Şirkətin Filialının rəhbərinin əmr və sərəncamlarını yerinə yetirməmiş, Azərbaycan Respublikasının Qanunlarını, Prezidentin Fərmanlarını, Nazirlər Kabinetinin Qərarlarını pozmuşdur. Bundan əlavə tabeliyində olan işçiləri əmək və icra intizamına riayət etməyə dəvət etmək əvəzinə, özü daxil olmaqla, rəhbərlik etdiyi struktur bölməsinin işçilərinin 2 saata yaxın bir müddət ərzində əmək funksiyalarının yerinə yetirilməsinə mane olan əsassız və icazəsiz toplantı keçirilməsinə bilərəkdən şərait yaradaraq istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur. X3 “İşə bərpa tələbinə” mülki məhkəmə icraatı qaydasında haxılarkan müəyyən olunmuşdur ki, Ş.Səmədovun bir sex rəisi olaraq işçilərin tətil keçirmələri barədə bir gün qabaq məlumatı olmuşdur, bunu məhkəmə iclasında özü də etiraf etmişdir. Özünün tabeliyində olan işçilərin tətil keçirməsi barədə rəhbərliyə məlumat verməmişdir, üstəlik işçilərin iş yerlərindən iki saatdan artıq müddətə ayrılmalarına şərait yaratmışdır. Məhkəməyə təqdim olunan işçilərin izahatından da görünür ki, əgər sex rəisinin məlumatı və icazəsi olmasaydı, onlar tətil edə bilməzdilər. Öz tabeliyində olan işçilərin tətil etməsinə şərait yaratması bir qırağa, üstəlik, rəhbərlik tərəfindən həmin işçilərlə aparılan danışıqlıqlardan sonra, işçiləri razı salıb sakitləşdirdikdən sonra, tətilin artıq dağılışması ərəfəsində Səmədov Şaiq özü tətilə qoşulur və “aranı daha da qızışdıran" nitqlərlə çıxış edərək tətili uzadır. Əmək Qanunvericiliyinə əsasən tətil etmək hər bir işçinin hüququ olduğu kimi, onun keçirilməsi qaydasına dair müəyyən tələblər qoyulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 230cü maddəsinə əsasən İşəgötürən tərəfindən təhlükəsiz əmək şəraiti təmin edilmədikdə və bununla əlaqədar sağlamlığı və ya həyatı üçün təhlükə olduqda, işçi əmək funksiyasının icrasından imtina və müəyyən olunmuş qaydada təkbaşına tətil elan edə bilər. Lakin, araşdırma zamanı məlum olduğu kimi işçilərin, o cümlədən Ş.Səmədovun qanunsuz keçirdikləri tətilin səbəbi təhlükəsiz əmək şəraiti təmin edilməməsi deyil, sadəcə iş qrafikinin dəyişdirilməsi olmuşdur. Bundan əlavə, Əmək Məcəlləsinin 272-ci maddəsinə əsasən tətilin başlanmasına ən geci 10 iş günü qalmış əmək kollektivi və ya həmkarlar ittifaqları orqanı işəgötürənə tətil keçiriləcəyi barədə yazılı məlumat verməlidir. Lakin, Ş.Səmədov sex rəisi olaraq tabeliyində olan işçilərin tətil keçirəcəklərini bilərək və üstəlik özünün iştirak etdiyi tətil barədə işəgötürənə əvvəlcədən məlumat verməmişdir. Bununla da, işəgötürəni tətilə və tətilin nəticələrinə hazırlıqlı olmaq, təhlükəsizlik tədbirlərini görmək, istehsalat rejimini qabaqcadan tənzimləmək imkanından məhrüm etmişdir, ən əsas məqamlardan biri də ondan ibarətdir ki, keçirilən tətil həm ciddi karantin rejimi (Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 10 nəfərdən artıq toplaşmamaq barədə qərarının qüvvədə olduğu), həm də Respublikada elan edilmiş hərbi vəziyyət dövründə həyata keçirilmişdir. Bu hərəkətləri edərək Ş.Səmədov həm özünün, həm də işçilərin COVİD-19 virusuna yoluxma təhlükəsini yaratmış və həmin dövürdə bütün azərbaycanlılar vətən müharibəsi ilə bağlı Dövlətin ətrafında toplaşdığı halda, gərəksiz islərlə məşğul olmuşdur. Nəzərə almaq lazımdır ki, həmin dövrdə müharibə ilə əlaqədar Respublikada terror aktlarının bas verməsi ehtimalı barədə Respublika ictimayiyətinə acıqlama edildikdən sonra işəgötürən tərəfindən lazımı tədbirlərin görülməsinə baxmayaraq məhz Ş.Səmədovun hərəkətləri nəticəsində bu cür hadisələrin bas verə bilməsi ehtimalı da artmışdır və tətil barədə məlumat verməyərək, yuxarıda qeyd etdiyi kimi işəgötürənin əvvəlcədən təhlükəsizlik tədbirlərin görmə imkanı da olmamışdır. Əmək Məcəlləsinin 280-ci madəsinə əsasən Hərbi və ya fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq işçilərin tətil hüququ məhdudlaşdırıla və ya qadağan oluna bilər. “Hərbi vəziyyət haqqında” Qanununa əsasən hərbi vəziyyət rejimində mülkiyyət və təşkilati - hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar xüsusi iş rejiminə keçirilir və bütün növ yığıncaqlar, mitinqlər, küçə yürüyüşləri, nümayişlər və piketlər, habelə digər kütləvi tədbirlərin keçirilməsi qadağan edilir. Əmək Məcəlləsinin 282-ci maddəsinə əsasən Bu Məcəllənin tələblərini pozmaqla elan edilmiş və keçirilmiş tətil qanunsuz hesab edilir. Bütün yuxarıda qeyd olunanlardan aydın olur ki, Kayman Adalarının “X10” şirkətinin filialının rəhbəri tərəfindən işçi Ş.Səmədovla bağlanmış əmək müqaviləsinə əsaslı və qanunvericiliyin tələblərinə riayət etməklə xitam verilmişdir. İşəgötürənin əmri əsaslandırılmış və işçiyə son-haqq hesab lazımı qaydada ödənilmişdir (hətta onun işə bərpa tələbində son haqq-hesabla bağlı heç bir tələbi olmamışdır). Beləliklə də, X11 Xidməti Salyan Regional Şöbəsinin 21.01.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 01.02.2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında Qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X11 Xidmətinin nümayəndəsi X8 şikayətlə razılaşmayaraq bildirmişdir ki, Şaiq Səmədovun müraciəti əsasında aparılan araşdırmalar nəticəsində Kayman Adalarının “X10” şirkətinin filialı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinin tələblərinin pozulması aşkar edilərək 21 yanvar 2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərətib edilmiş və həmin protokol əssında X11 Xidmətinin Salyan Regional Ərazi Şöbəsi tərəfindən 01 fevral 2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Kayman Adalarının “X10” şirkətinin filialının rəhbəri İnzibati Xəatlar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərini pozduğu üçün 1500 manat məbləğində inzibati cərimə edilmişdir. X12 04 noyabr 2020-ci il tarixdə, saat 08:00 radələrində iş yerində olduğu, işlədiyi dövr ərzində heç bir intizamsızlıq göstərmədiyi, şirkət əleyhinə hər hansı hərəkət etmədiyi müəyyən olunmuşdur. Göstərilən tarixdə şirkətdə işçilər tərəfindən mitinq keçirilmiş, mitinqin olma səbəbi pandemiya dövründə işçilərin 12 saatdan artıq işləməsi olmuşdur. Bundan başqa Şaiq Səmədov izahatında keçirilən mitinqlə bağlı rəhbərliyə onun tərəfindən deyil, təhlükəsizliyə nəzarət edən şəxs tərəfindən xəbər verməli olduğunu bildirmişdir. İzahatının sonunda X8 şikayətin əsassız olduğunu bildirərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 21 yanvar 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, şikayət ərizəsi əsasında Kayman adalarının “X10” şirkətinin filialı ilə Şaiq Səmədov arasında bağlanmış əmək müqaviləsinə düzgün xitam verilməmiş, son əmək haqq hesabı və əmək haqqı miqdarı tutulmaları düzgün aparılmamış, bununla da şirkət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 01 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, şikayətçi Şaiq Səmədov ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi müəyyən olunmuş və Kayman adalarının “X10” şirkətinin filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 1.500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan şikayətçi Şaiq Səmədovun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X11 Xidmətinin Salyan Regional Ərazi Şöbəsinə ünvanladığı 07 yanvar 2021-ci il tarixli izahatının surətindən görünür ki, o, 01 yanvar 2004-cü il tarixdən Karasu Əməliyyat Şirkətində işləmiş, 01 iyun 2010-ci il tarixdən isə Tikinti- Quraşdırma sexinin rəisi vəzifəsində çalışmış, işlədiyi müddət ərzində əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinə cəlb olunmamışdır. 04.11.2020-ci il tarixdə o, səhər saat 08:00-da iş yerinə gəlmiş və işinin icrasına başladığını, bu vaxt sahə rəislərinin onu Muşovdağ sahəsində inzibati binanın qarşısında işçilərin toplantı keçirtdiyini və onların işçilərindən orada iştirak etdiyi barədə məlumat verdiklərini, onun sahə rəislərinə ora getmələrini və işçilərin işlərinin başına keçmələrini göstərişi vermiş, daha sonra özü saat 09:00-da oraya getmişdir. Sonradan o, yüksək səslə işçilərə 1-2 saatlıq icazə üçün maaşlarından tutulmalarla bağlı öz etirazlarını yazılı şəkildə rəhbərliyə bildirməklərini demişdir. İş materiallarında olan Kayman adalarının “X10” şirkətinin filialında işləyən işçilərin məlumatlarından görünür ki, 04 noyabr 2020-ci il tarixdə işçilərin bəziləri heç bir ciddi əsas olmadan mitinq təşkil etməyə çalışmışlar və həmin şəxslərlə aparılan profilkatik söhbətlərdən sonra həmin şəxslər öz işlərinə qayıtmaq istəsə də, Şaiq Səmədov həmin şəxsləri mitinqi davam etdirməyə təhrik etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(006)-1705/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh “X10” şirkətinə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından inzibati xəta hadisəsinin baş verdiyini sübut etmək yükü inzibati xəta hadisəsini aşkar edən orqanın üzərinə düşür. Buna görə də məhkəmə inzibati məsuliyyətə cəlb olunmalı olan şəxsin təqsirli olması barəsində mötəbər sübutları məhkəməyə təqdim etmək üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Salyan Regional Şöbəsinə məhkəmə bildirişləri göndərmiş, lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Salyan Regional Şöbəsi tərəfindən Vladimir Davlyatovun Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair sübut təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, faktla bağlı tərtib edilmiş 21 yanvar 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 01 fevral 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Yenə həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1 qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2 bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3 bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Kayman adalarının “X10” şirkətinin filialının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməli, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun barəsində qəbul edilmiş MN seriyalı ******* nömrəli 01 fevral 2021-ci il tarixli saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X11 Xidmətinin Salyan Regional Şöbəsinin rəisi X9 qəbul etdiyi MN seriyalı ******* nömrəli 01 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icrata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar