Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5910/2025 27.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28632160 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28632160 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, “X4” minik markalı 77US102 dövlət qeydiyyat nəqliyyat vasitəsi üçün ona sürmək hüququna dair etibarnamə verilmişdir. Lakin həmin nəqliyyat vasitəsini o, heç vaxt idarə etməmişdir. Həmin nəqliyyat vasitəsinə sonuncu etibarnamə ona verildiyi üçün həmin nəqliyyat vasitəsini idarə edən sürücü yol hərəkət qaydasını pozduğuna görə cərimə onun adına yazılmış, onun isə həmin cərimələrdən heç bir xəbəri olmamışdır. Həmin cərimələr vaxtında ödənilmdəyi üçün onun sürücülük vəsiqəsinə 6 aylıq məhdudiyyət tətbiq edilmişdir. Bu məhdudiyyətlər barədə o, yol polisi tərəfindən saxlanılan zaman xəbərdar olmuşdur. Bundan sonra o, Baş Dövlət Yol Polisinə müraciət etmişdir. Orada iş araşdırılandan sonra onun sürücülük vəsiqəsindən məhdudiyyət götürülmüşdür, lakin xx.xx.2025-ci il tarixli EQ/ 28632160 saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən yazılmış 400 manat cərimə silinməmişdir. Hal-hazırda cərimə dəbbə pulu ilə birlikdə 516 manat olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İXM-də nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfində təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Lakin bunun ücün təqsiri subut olunmalıdır. Cünki, AR İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM ilə nəzərdə tutulmuş qaydada subuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin səlahiyyətli orqanin (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan sayılır. AR İXM-nin 8.2-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini subut etməyə borclu deyildir. Beləliklə hesab edir ki, 53.0 maddəsinin 53.0.1 bəndinə əsasən inzibati xəta hadisəsi olmadiqda və 53.0.2 bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər uzrə icraat başlanıla bilməz. Başlanılmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 28632160 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onun sürücülük hüququnun məhdudlaşdırılmasına əsas olmuş xx.xx.2025-ci il tarixli, EQ 28298657 nömrəli inzibati tənbeh vermə haqqında qərar Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ləğv edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 28632160 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 İXM-nin 332.3 və 329.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28298657 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2025-ci il tarixində, saat 14:11-də M 2, E 60, AH 5 Bakı-Ələt-Qazax-Gürcüstan yolu, 15 km ərazisində “X4” minik markalı 77US102 dövlət qeydiyyat nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 328.2 və 327.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 28298657 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən xx.xx.2025-ci il tarixində, saat 14:11-43-də M 2, E 60, AH 5 Bakı-Ələt-Qazax-Gürcüstan yolu, 15 km ərazisində “X4” minik markalı 77US102 dövlət qeydiyyat nəqliyyat vasitəsini idarə edən X5 İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 50 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXMnin 329.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X1 hüququnun məhdudlaşdırılmasına əsas olmuş xx.xx.2025-ci il tarixli, EQ 28298657 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmuş və həmin inzibati xətaya görə X5 barəsində yeni qərar qəbul olunmuşdur. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin X1 hüququnun məhdudlaşdırılmasına əsas olmuş qərar ləğv edildiyindən X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından xx.xx.2025-ci il tarixli, EQ 28632160 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 329.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28632160 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-5910/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5910/2025
27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver