Məhkəmə qərarları › İş №3(006)-593/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-593/2022

11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-593/2022 11.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 11.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: Protokola görə Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.06.2021-ci il tarixli, 10-2(102)-15/2021 saylı icra vərəqəsinə əsasən “X1” MMC-dən 7.859,34 ABŞ dolları məbləğində əsas borcun və 840 Avro məbləğində arbitraj rüsumu ilə bağlı xərclərin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə Belarus Ticarət və Sənaye Palatası yanında Beynəlxalq Arbitraj Məhkəməsinin 25.01.2021-ci il tarixli qətnaməsi Azərbaycan Respublikasının ərazisində tanınmış və icraya yönəldilmişdir. İcra sənədinin icrası məqsədi ilə borclu hüquqi şəxsin “X1” MMC-nin ünvanına xəbərdarlıqların, onun qanuni təmsilçisi Şəxs istifadəsində olan telefonlara “sms” bildirişlərin göndərilməsinə baxmayaraq, tələb icra olunmamışdır. İş materiallarından görünür ki, Nəsimi rayon İcra şöbəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.06.2021-ci il tarixli, 10-2(102)-15/2021 saylı icra vərəqəsi ilə bağlı 11.08.2021-ci il tarixdə icraat başlanılsa da, borclu “X1”MMC-nin hüquqi ünvanda fəaliyyət göstərmədiyindən və onun rəhbərinin olduğu yeri müəyyən etmək mümkün olmadığından sonuncunun axtarılması barədə qərar qəbul edilmişdir. Şəxs 11.02.2022-ci il tarixdə şöbəyə gətirildikdən sonra sözügedən icra sənədi ilə bağlı məlumatlı olduğunu bildirmişdir. O da aydın olur ki, Şəxs izahatını rus dilində vermiş, işin mahiyyəti də icra məmurunun şifahi tərcüməsindən ona məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Qeyd olunan Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati Xətalar Məcəlləsinin 72.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, yetkinlik yaşına çatmış və tərcümə üçün zəruri olan dilləri bilən şəxs inzibati xətalar haqqında işlərin icraatında tərcüməçi ola bilər. Göründüyü kimi, icra məmuru tərəfindən borcluya icra sənədinin könüllü icrası üzrə bildiriş rəsmi qaydada təqdim olunub müəyyən olunmuş müddət bitmədən inzibati xəta haqqında protokolun tərtib olunması qanuna uyğun deyil. Eyni zamanda icra məmurunun öz üzərinə tərcüməçi funksiyalarının götürməsi yolverilməzdir. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, təqdim edilmiş inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 11.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar