Məhkəmə qərarları › İş №3(006)-5946/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5946/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5946/2025 27.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2025-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 149825 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 20577 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş və ya həmin məbləğdə valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 31 avqust 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etibarnamə əsasında nümayəndəsi X2 öz izahatında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP ******* saylı protokol əsassızdır. Belə ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-də olan bank hesabından köçürülmüş 149825 ABŞ dolları məbləğində vəsait minik avtomobillərinin idxalı üçün edilmiş ödənişdir. Qeyd edilən məbləğin 129248 ABŞ dolları olan hissəsində alınmış avtomobillər ölkə ərazisinə idxal edilmiş və bununla bağlı tərtib edilmiş gömrük bəyannamələri müvəkkil banka təqdim edilmişdir. Qalan 20577 ABŞ dolları məbləğində vəsait hesabına mallar alınmamış və həmin məbləğdə vəsait xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin "xxxx" ASC-də olan hesabına geri qaytarılmışdır. Qeyd edilənləri nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və ya işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şəxs MMC ilə “Okean Trading LTD” şirkəti arasında bağlanmış 27 iyul 2023-cü il tarixli, OKA270723 saylı müqavilənin surətindən görünür ki, satıcı müqavilədə qeyd edilən minik avtomobillərini Şəxs MMC-yə satmağı, alıcı isə mala görə ödəniş etməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan "xxxx" QSC tərəfindən Mərkəzi Banka göndərilmiş 05 sentyabr 2025-ci il tarixli məlumatda qeyd olunur ki, Şəxs MMC 30 avqust 2023-cü il tarixdə ölkə xaricinə 149825 ABŞ dolları göndərmiş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində 20577 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. İş materiallarında olan 12 dekabr 2023-cü il tarixli, **********5369 sorğu nömrəli, 13 dekabr 2023-cü il tarixli, **********7071 sorğu nömrəli 14 dekabr 2023-cü il tarixli, **********7819 sorğu nömrəli, 14 dekabr 2023-cü il tarixli, **********7127 sorğu nömrəli, 14 dekabr 2023-cü il tarixli, **********7079 sorğu nömrəli, 14 dekabr 2023-cü il tarixli, **********7081 sorğu nömrəli, 14 dekabr 2023-cü il tarixli, **********7124 sorğu nömrəli, 14 dekabr 2023-cü il tarixli, **********7075 sorğu nömrəli, 14 dekabr 2023-cü il tarixli, **********7135 sorğu nömrəli, 14 dekabr 2023-cü il tarixli, **********7808 sorğu nömrəli, 14 dekabr 2023-cü il tarixli, **********7805 sorğu nömrəli, 15 dekabr 2023-cü il tarixli, **********8155 sorğu nömrəli, 15 dekabr 2023-cü il tarixli, **********8164 sorğu nömrəli və 15 dekabr 2023-cü il tarixli, **********81813 sorğu nömrəli gömrük bəyannamələrinin surətindən görünür ki, Şəxs MMC tərəfindən 27 iyul 2023-cü il tarixli, OKA270723 saylı müqavilə üzrə 07 avqust 2023-cü il tarixdə "xxxx" QSC-də olan bank hesabından köçürülmüş 149825 ABŞ dolları məbləğində vəsaitin 129248 ABŞ dolları olan hissəsinin hesabına alınmış mallar ölkə ərazisinə idxal edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən hüquqi şəxsə ünvanlanmış ("xxxx" QSC-yə təqdim edilməsi üçün) 18 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, 27 iyul 2023-cü il tarixli, OKA270723 saylı müqavilə üzrə 30 avqust 2023-cü il tarixdə "xxxx" QSCdə olan bank hesabından köçürülmüş 149825 ABŞ dolları məbləğində vəsaitin 20577 ABŞ dollarında olan hissəsi xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin "xxxx" ASC-də olan hesabına daxil olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadıqda baş verir. Hazırki halda iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, Şəxs tərəfindən müvafiq malların alınması üçün 149825 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş edilmişdir. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispoziyasından göründüyü kimi ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadıqda inzibati məsuliyyət yaradır. Lakin hazırki halda iş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 149825 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaitin 129248 ABŞ dolları olan hissəsinin hesabına alınmış ərazisinə idxal edilmiş, qalan 20577 ABŞ dollarında olan hissəsi isə hüquqi şəxsin digər bankda olan hesabına geri qaytarılmış və bu barədə müvəkkil banka məlumat verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 105, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar