Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-596/2023 24.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 24 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2018/2021 saylı icra sənədinə əsasən 01 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs hər ay 175 (bir yüz yetmiş beş) manat tutularaq Y.F.Xanməmmədovaya ödənilməlidir. İcra sənədi üzrə bugünədək 2.850 (iki min səkkiz yüz əlli) manat məbləğində aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi rayon İcra şöbəsinin icra məmuru A.T.Hümbətov inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(006)-2018/2021 saylı icra sənədinə əsasən alimentin məbləği dəyişdirilərək 01 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment Şəxs tutularaq Y.F.Abbasovaya verilməlidir. İcra sənədi üzrə icraata 15 aprel 2021-ci il tarixdə başlanılmış, həmin qərar və bildiriş borcluya göndərilmişdir. İcra məmurunun 02 avqust 2022-ci il tarixli qərarı ilə borclu Şəxs barəsində axtarış elan edilmiş və sonuncuya xəbərdarlıq edilmişdir. Lakin icra sənədi üzrə tələb könüllü olaraq təmin edilməmişdir. Borclu ona olunan xəbərdarlığa baxmayaraq tələbi tam təmin etməkdən və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmaqdadır. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, icra sənədindən məlumatlıdır, işsiz olduğu üçün alimenti ödəyə bilməmişdir, hazırda sürücü kimi işə başlamışdır və hər ay qazancından 70% ödəniş edə bilər. Lakin aliment üzrə yığılmış borc məbləğini tam ödəməyə imkanı yoxur, yalnız hissə-hissə ödənişlər edə bilər. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Y.F.Xanməmmədova bildirmişdir ki, himayəsində iki uşaq var və alimentin tam şəkildə ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi icra şöbəsinin icraatına daxil olduqdan sonra borclunun gəlirləri, əmlak vəziyyəti və adına olan hər hansı daşınar və ya daşınmaz əmlakı barədə heç bir araşdırma aparılmamışdır. Yəni, icra məmuru tərəfindən borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığortaolunan və ya əmək pensiyaçısı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilməmiş, sonuncunun əmlak və gəlirlərinin müəyyən edilməsi istiqamətində heç bir icra tədbiri həyata keçirilməmiş, borclunun işləyib-işləməməsi araşdırılmamışdır. Qeyd edilən araşdırmalar aparılmadığından icra məmuru tələbin borclu qazancına yönəldilməsi ilə bağlı heç bir icra hərəkəti etməmişdir. Göstərilənlərə əsasən hazırki halda iş üzrə toplanmış materiallara əsasən icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 24 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılsın. Hakim Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-596/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-596/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver