Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-598/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Barəsində icraat aparılan şəxs: Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 85, m.191; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş 07.02.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC 50.509,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 30.12.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək göstərdi ki, MMC ilə Çində yerləşən “X7 Trading Co, LTD” şirkəti arasında 09.12.2019-cu il tarixdə dəyəri 110.509,00 ABŞ dolları olan müxtəlif elektrik avadanlıqları ilə bağlı 019-29 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilə üzrə bir neçə dəfə həmin şirkətə pul köçürülmüş, o cümlədən 30.12.2019-cu il tarixdə 50.509,00 ABŞ dolları göndərilmişdir. Ümumi göndərilən 110.509,00 ABŞ dolları üzrə 104.559,00 ABŞ dolları dəyərində məhsullar 31.08.2020-ci il tarixdə ölkəyə idxal olunmuş, qalıq qalan 5.950,00 ABŞ dolları isə 11.08.2020-ci il tarixdə geri qaytarılmışdır. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildiriş göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan sənədlərə əsasən: - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş 27.12.2021-ci il tarixli məktubda Şəxs MMC-nin ödənişin aparıldığı gündən 02 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. Həmin məlumatda Şəxs MMC-nin 30.12.2019-cu il tarixdə 50.509,00 ABŞ dolları göndərildiyi qeyd olunmuşdur; - Ödəniş sənədinə əsasən Şəxs MMC tərəfindən Çində yerləşən “X7 Trading Co, LTD” şirkətinin hesabına 09.12.2019-cu il tarixli, 019-29 saylı müqavilə üzrə eyni rekvizitli invoys əsasında 30.12.2019-cu il tarixdə 50.509,00 ABŞ dolları məbləğində pul göndərilmişdir; - 01201000247257 saylı gömrük bəyannaməsinə görə Çində yerləşən “X7 Trading Co, LTD” şirkəti tərəfindən Şəxs MMC-yə 09.12.2019-cu il tarixli, 019-29 saylı müqavilə üzrə eyni rekvizitli invoysla bağlı göndərilmiş 104.559,00 ABŞ dolları dəyərində mallar 31.08.2020-ci il tarixdə ölkəyə idxal olunmuş, bununla bağlı bank tərəfindən qeyd aparılmışdır; - Mədaxil sənədinə görə “X7 Trading Co, LTD” şirkəti tərəfindən Şəxs MMC-yə 11.08.2020-ci il tarixdə 5.950,00 ABŞ dolları geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X5 28.11.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə məhkəmədə müəyyən olundu ki, Şəxs MMC ilə Çində yerləşən “X7 Trading Co, LTD” şirkəti arasında 09.12.2019-cu il tarixdə dəyəri 110.509,00 ABŞ dolları olan müxtəlif elektrik avadanlıqları ilə bağlı 019-29 saylı alqı-satqı müqaviləsi bağlanılmış, 30.12.2019-cu il tarixdə həmin şirkətin bu üzrə eyni rekvizitli invoys əsasında 50.509,00 ABŞ dolları göndərilmiş, 31.08.2020-ci il tarixdə 104.559,00 ABŞ dolları dəyərində mallar ölkəyə idxal olunmuş, digər vəsait - 5.950,00 ABŞ dolları isə 11.08.2020-ci il tarixdə geri qaytarılmışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-598/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-598/2022
24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver