Məhkəmə qərarları › İş №3(006)-599/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-599/2021

19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-599/2021 19.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində xx xxxxxx 2021-ci il tarixdə, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Bomarket”-in qarşısında Nəsimi RPİ-nin əməkdaşı Samir Haşımov tərəfindən inzibati tənbeh vermə haqqında MN ******* saylı protokol tərtib edilmiş, həmin protokolun tərtib olunma səbəbi olaraq SMS icazənin olmaması göstərilmişdir. Belə ki, polis əməkdaşı protokolu tərtib etməzdən öncə, o, polisə bank əməkdaşı olduğunu və artıq bir neçə həftə öncə işlədiyi qurum tərəfindən e-gov portalında (İcazələrin Alınması və Monitorinqi Sistemində) rəsmi icazəsinin əlavə edildiyini və icazəsinin aktiv statusda olmasını bildirməsinə baxmayaraq etirazı nəzərə almadan, polis əməkdaşı S.Haşımov xx xxxxxx 2021-ci il tarixinin qeyri-iş günü olduğunu əsas gətirərək protokolu tərtib etmiş, həmçinin tərtib olunmuş protokolun nüsxəsi də ona təqdim etməmişdir. Bundan sonra, o, xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhər BPİ-nə elektron formada şikayət göndərmiş, onun şikayətinə cavab olaraq nazirliyin əməkdaşı tərəfindən onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, ona protokolun ləğv edilməsi üçün mütləq qaydada məhkəməyə şikayətlə müraciət etməli olduğunu bildirmiş, protokolu isə sadəcə elektron formada (whatsapp proqramı vasitəsi ilə) foto şəklini ona göndərmişdir. Bundan başqa, o bildirmişdir ki, protokoldan qanunla müəyyən edilmiş müddətədən gec şikayət olunmasının səbəbi elektron formada müraciətə Daxili İşlər Nazirliyi tərəfindən veriləcək rəsmi cavabın gözlənilməsi olmuşdur. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri Nəsimi RPİnin əməkdaşı S.Haşımov tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı protokol əsasında qəbul edilmiş həmin tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzbati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi C.S.Süleymanov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş Nəsimi RPİ-nin 21-ci PB-yə lazımi qaydada məlumat verilsə də (xx xxxxxx 2021-ci il tarixli reyestrin 04 sıra nömrəsi ilə), Nəsimi RPİ-nin 21-ci PB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri haqqında məhkəməyə məlumat verməmiş və ondan məhkəmə baxışının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Nəsimi RPİ-nin 21-ci PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, C.S.Süleymanovun xx xxxxxx 2021-ci il tarixdə, saat 11:00-da “Bomarket”-in qarşısında olarkən SMS icazəsi olmadığndan barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, C.S.Süleymanov Azərbaycan Respublikasının İXMnin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “Bank VTB (Azərbaycan)” ASC-nin xx xxxxxx 2021-ci il tarixli məktubun surətindən görünür ki, C.S.Süleymanov “Bank VTB (Azərbaycan)” ASCdə Risklər və monitorinq departamentinin Risklər idarəsinin rəis müavini/Kredit riskləri şöbəsinin müdiri vəzifəsində işləyir. Respublika ərazisində tətbiq olunmuş sərt karantin zamanı C.S.Süleymanov bank tərəfindən e-icaze.gov.az portalında qeydiyyatdan keçirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, C.S.Süleymanovun barəsində xx xxxxxx 2021-ci il tarixdə, saat 11:00-da “Bomarket”-in qarşısında olarkən Nəsimi RPİnin 21-ci PB-nin əməkdaşı tərəfindən barəsində həmin tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, C.S.Süleymanovun barəsində protokol tərtib edildikdən sonuncuya polis əməkdaşı tərəfindən protokolun surəti təqdim edilməmiş, ona hüquq və vəzifələri izah olunmamış, onun e-icaze.gov.az portalında icazəsi və işlədiyi yer olan ASC tərəfindən verilmiş icazəsi nəzərə alınmamışdır. Bununla da C.S.Süleymanovun barəsində xx xxxxxx 2021-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında əsassız olaraq xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi C.S.Süleymanovun əməlində inzibati xəta hadisəsi olmadığından şikayəti təmin edilməli, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar